Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Yeni layihə musiqi irsimizin dünyada təbliğinə yönəlib


09.03.2016 10:47

http://www.xalqqazeti.com/az/news/news/68661

Milli Kitabxanada “Azərbaycan musiqi irsinin dünyada təbliği” layihəsinin təqdimat mərasimi keçirilmişdir.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Milli Kitabxananın saytında yaradılan “Musiqi kitabxanası” və “Azərbaycan musiqi irsinin dünyada təbliği” layihəsi barədə qısaca məlumat vermiş, layihənin mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin ötən ilin dekabr ayında Milli Kitabxanada keçirdiyi musiqi xadimləri ilə görüşü zamanı irəli sürdüyü təklif və verdiyi tapşırıq əsasında həyata keçirilməsinə başlanıldığından, Beynəlxalq Musiqi Kitabxanası layihəsi /Petruççi Musiqi Kitabxanası (IMSLP) haqqında danışmış, layihənin həyata keçməsində dəstək olmuş Müəllif Hüquqları Agentliyinə təşəkkürünü bildirmişdir.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev öz çıxışında layihənin məqsədinin Azərbaycan musiqisinin dünya miqyasında və respublikada geniş təbliğinə nail olmaq, Azərbaycan bəstəkarlarının əsərlərinin, xalq musiqimizin, folklorumuzun dünyada ən çox tanınan və populyar olan beynəlxalq musiqi saytlarında və portallarında, habelə Milli Kitabxananın saytında yerləşdirilməsi olduğunu, layihənin Mədəniyyət və Turizm Nazirliyi, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və Müəllif Hüquqları Agentliyi tərəfindən gerçəkləşdiyini söyləmişdir.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov layihə haqqında danışmış, layihənin həyata keçməsində əməyi olan hər kəsə təşəkkürlərini bildirmiş və uğurlar arzulamışlar.
Tədbir iştirakçılarına Milli Kitabxananın saytında yaradılan “Musiqi kitabxanası” və Beynəlxalq Musiqi Kitabxanası layihəsi /Petruççi Musiqi Kitabxanası (IMSLP) təqdim olunmuşdur.
Sonda tədbir iştirakçıları kitabxananın fondlarında mühafizə olunan Heydər Əliyev Fondunun musiqi nəşrləri, musiqi ədəbiyyatı, not, disk və səsyazmalardan ibarət sərgi ilə tanış olmuşlar.


M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”