Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Ana səhifə / Erməni plagiatı / Ermənilərin fırıldaqçı «Ani-Records» səsyazma studiyası bağlanmışdır

Azərbaycanın qeyri-maddi mədəniyyət nümunələrinin, o cümlədən milli folklor mahnı və rəqslərinin, həmçinin Azərbaycan müəlliflərinin əsərlərinin on illərlə ermənilər tərəfindən oğurlanmasında və mənimsənilməsində «Ani-Records» səsyazma studiyasının qeyri-qanuni fəaliyyəti az rol oynamamışdır.

Respublika Müəllif Hüquqları Agentliyindən AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, məhz bu fonoqram və videoqram «istehsalçısının» və onunla əlaqədə olan digər erməni səsyazma studiyalarının «çalışmaları» sayəsində 1999 – 2003-cü illərdə Rusiyanın və digər MDB ölkələrinin, həmçinin bir sıra uzaq xarici ölkələrin bazarları «erməni musiqisi», «erməni rəqsləri» adı altında məhsullarla doldurmuşdur.

Erməni saxtakarları çox həyasızcasına «Əziz dost! Bu kaseti almaqla siz Ermənistandan kənarda erməni mədəniyyətinin qorunub saxlanması işinə böyük töhfənizi etdiniz. «Ani Records» studiyasının təqdim etdiyi musiqi erməni mədəniyyətinin bütün istiqamatləri üzrə çox diqqətlə seçilmişdir» kimi riyakar bir qeyd etməklə folklor musiqi nümunələrimizi və Azərbaycan bəstəkarlarının müəllif əsərlərini mənimsəmişlər. Məhz «Ani Records»un talançılıq əməlləri nəticəsində «Vağzalı», «Tərəkəmə», «Yallı», «Uzundərə», «Qazağı» Azərbaycan xalq rəqsləri, «Xan bacı», «Dəli ceyran» və s. xalq mahnıları, həmçinin Azərbaycan müəlliflərinin musiqi kompozisiyaları erməniləşdirilmişdir. Azərbaycan musiqisinin zəbt edilməsi üçün, folklor musiqi nümunələrinin mənşəyinin və müəllif əsərlərində adların göstərilməsi barədə beynəlxalq normaların tələblərinə baxmayaraq, həmin pirat studiyası Azərbaycana məxsus əsərlərdə onları erməni ifaçıların adları və ya «erməni rəqsləri», «rabiz-rabiz», «Ermənistan ulduzları» və s. tipli ümumi adlarla əvəzləmişdir. Bu studiya Rusiyanın müxtəlif şəhərlərində saxta ünvan və telefonlar göstərərək, Rusiya ərazisində qanuni fəaliyyət göstərən hüquqi şəxs görüntüsü yaratmaqla öz fəaliyyətini pərdələmişdir. Plaqiat və kontrafaksiya, saxtakarlıq və fırıldaqçılıq-bunlar hələ bu bədnam studiyanın «xidmətlərinin» tam siyahısı deyil.

Respublika Müəllif Hüqüqları Agentliyinin bu studiyanın tapılması üçün, sonradan bəlli olduğu kimi, saxta ünvanlarda uzun-uzadı axtarışları, Rusiya Müəllif təşktlatına, Fonoqram istehsalçılarının Beynəlxalq Asosasiyysına müraciətləri belə nəticəyə gətirib çıxarmışdı ki, müvafiq Rusiya və regional beynəlxalq strukturlarında belə bir studiya uçotda durmur və onların lisenziyasından istifadə etmir. Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinə müraciət əsasında birmənalı şəkildə müəyyən edildi ki, bu studiyanın Rusiya qanunları ilə tələb olunan baş lisenziyası yoxdur və onun fəaliyyəti qeyri qanunidir. Agentlik Rusiya Səfirliyindən həmin məlumatın Rusiyanın müvafiq səlahiyyətli orqanlarına çatdırılmasını və «Ani Records»un qeyri qanuni fəaliyyətinin qarşısının alınmasında kömək göstərilməsini xahiş etmişdi.

Lakin sonradan məlum oldu ki, həmin studiya 2003-cü ilin ortalarında hansısa yollarla audio və video kasetlərin hazınlanmasına lisenziya almış və Rostov vilayətinin Çaltır kəndi, Myasnikyan küçəsi, 90 ünvanında yuva salmışdır. Azərbaycanın musiqi mülkiyyətinin «Ani Records» tərəfindən həyata keçirilən musiqi oğurluqları və pirat fəaliyyəti barədə ictimayyətə geniş məlumat çatdırılmışdır. Bu studiyanın adı Azərbaycan Parlament nümayəndə heyətinin Avropa Şurasının Parlament Asambleyasının Sessiyasına təqdim etdiyi «Azərbaycan mədəni irsinin qəsbi və dağıdılması» sənədində (2001), Milli Məclisin «Azərbaycanın mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi ilə əlaqədar» (2002) Bəyanatında çəkilmişdir. 1999-cu ilin sonundan indiyə qədər çoxsaylı qəzet məqalələrində, jurnallarda, beynəlxalq simpoziumlarda, TV və radioda bu studiyanın piratçılıq fəaliyyəti barədə geniş məlumat verilmişdir.

Rusiya Federasiyasının Mətbuat, Teleradio Verlişləri və Kütləvi Kommunikasıya Vasitələri İşləri Nazirliyi 2003-cü ilin dekabrın 23-dən 31-ə kimi keçirdiyi yoxlama əsasında və özünün müvafiq əmri ilə musiqili və s. əsərlərin sürətçıxarılmasına (tirajlanmasına) müəllif hüquqlarını təsdiqləyən müqavilələrin olmaması, həmçinin buraxılan məhsulun uçotunun aparılmaması da daxil olmaqla lisenziya tələblərinin kobud şəkildə pozulması hallarının aşkara çıxarılması ilə əlaqədar 2004-cü il 19 yanvardan «Ani Records»un fəaliyyətini dayandırmışdır.

«ANİ - Records»un audio və videoqramların istehsalı və yayılması üzrə fəaliyyətinin dayandırılması haqqında məlumatı həmin Nazirliyin mətbuat xidməti yaymış və onu Nazirliyin rəsmi saytında yerləşdirilmişdir.

 

«Xalq qəzeti» 06.02.2004