Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Ana səhifə / Erməni plagiatı / Faktlar

Erməni musiqiçiləri tərəfindən ilk həmlələr Azərbaycan xalqının folkloruna və klassik bəstəkarların əsərlərinə edildi. «vağzalı», «yallı», «uzundərə», «mirzeyi», «Qazağı», «Tərəkəmə» kimi oyun havalarını, «sarı gəlin» «Xan bacı», «Dəli Ceyran» kimi Azərbaycan xalq mahnılarını erməni musiqisi kimi öz adlarına çıxarmağa, «Əsli və kərəm», «məlikməmməd» və digər dastan və nağıllarımızı, dünya şöhrətli Azərbaycan bəstəkarı Üzeyir hacıbəyovun «arşın mal alan», «o olmasın, bu olsun» operettalarının, «koroğlu» operasının müəyyən hissələrini erməni nümunələri kimi təqdim etməyə başladılar. Bu azmış kimi, Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayev İnternet səhifələrində erməni bəstəkarı kimi təqdim olunur. Erməni sənətçiləri hətta müasir bəstəkarlarımızın əsərlərini də oğurlamaqdan çəkinmirlər.

Azərbaycan xalq rəqs nümunələri əsasında düzənlənmiş və aranjeman edilmiş «vokaliz» adlı musiqi toplusunu 2004-cü ildə Ermənistan televiziyasında Ermənistan Mahnı Teatrının solisti Varduhi Vardanyan erməni xalq musiqisi kimi təqdim edərək, həm «Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərini (mənşənin düz göstərilməməsi), həm də «vokaliz» musiqi toplusunun müəllifi və ifaçısı brilliant dadaşovanın hüquqlarını pozmuşdur. Üstəlik, «vokaliz» Azərbaycan toplusu «Erməni mənzərələri» adı altında CD-yə yazılmış və satışa buraxılmışdır. Bu barədə məlumatlar http://www.narek.com/ İnternet saytında da yerləşdirilmişdir. Beləliklə, Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyasının müəllifi məlum olmayan, o cümlədən folklor əsərlərinin qorunmasını nəzərdə tutan 15(4) maddəsinin, həmçinin aranjemanın qorunmasını nəzərdə tutan 12-ci maddəsinin və şəxsi qeyri-əmlak hüquqlarının qorunmasını nəzərdə tutan 6 bis maddəsinin tələbləri pozulmuşdur.

Bəstəkar Aygün Səmədzadənin bəstələdiyi və Azərbaycanda çox populyar olan «Məktəb illəri» mahnısı 2002-ci ildə Ermənistanda keçirilən musiqi festivalında Manan adlı ifaçı tərəfindən ifa olunub. Mahnı erməni dilində və müəllif göstərilmədən səsləndirilib.

Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda tanınan fikrət Məşədi Cəmil oğlu Əmirovun Azərbaycanın dahi şairi Hüseyn Cavidin sözlərinə («Şeyx Sənan» əsəri) bəstələdiyi «kor Ərəbin mahnısı» da erməni əsəri kimi təqdim edilir. Erməni sənətçiləri Artur Səfəryan, Raç Keşişyan, Aram Avakyan və Gevorq Dabağyanın çəkdikləri «Mayrik» adlı klipdə əvvəldən axıradək bu mahnıdan istifadə edilmişdir. Həmin klip bu ilin əvvəlindən etibarən nümayiş etdirilməyə başlayıb. «kor Ərəbin mahnısı» musiqi əsəri hələ 1963-cü ildə Azərbaycan Müəllif Hüquqları Agentliyində qeydiyyata alınmışdır.

15 sentyabr 2007-ci il tarixində Rusiya Federasiyasının ORT (1-ci) kanalında nümayiş etdirilən «Buz Dövrü» verilişində Azərbaycanın digər dünya şöhrətli bəstəkarı Tofiq Quliyevin «Sənə də qalmaz» adlı (sözləri Azərbaycanın xalq şairi Rəsul Rzanındır) çox məşhur musiqisi də erməni əsəri kimi təqdim edilmişdir. Araşdırmalar zamanı məlum olmuşdur ki, «Armənskiy taneü» adı ilə təqdim edilən musiqi erməni bəstəkarı Ara Gevorkyanın 1999-cu ildə ABŞ-ın «EYE REKORDS» şirkətində yazılmış «Ani» və Civan Qasparyanın «Maqiçeskiy duduk» adlı disklərindən götürülmüşdür.

Rusiyada aşkar olunan «the art of armenian duduk» («Maqiçeskiy Duduk») adlı digər bir diskdə erməni ifaçısı C.Qasparyanın ifa etdiyi kompozisiyalar toplanmışdır. C.Qasparyanın diskinə yazılmış 15 mahnıdan 8-i Azərbaycan müəllifləri: Tofiq Quliyev («Sənə də qalmaz»), Cahangir Cahangirov («Ay qız»), Rauf Hacıyev («Saçlarına gül düzüm»), Emin Sabitoğlu («Neyləyim»), Ələkbər Tağıyev («Nə gəlməz oldun» orijinal və instrumental variantda), və Eldar Mansurova («Gecə zəngləri», «Melodiya») aiddir. Sözügedən diskdə «Sənə də qalmaz» mahnısı «i have a word with a prayer» adı altında verilir, müəllifinin isə Mkrtç Malxasyan olduğu bildirilir.

«Sənə də qalmaz» mahnısı keçən əsrin 50-ci illərinin əvvəlində yaranmış və 1955-ci ildə «Bakı» studiyasında istehsal edilmiş populyar Azərbaycan kinosu «Bəxtiyar» filmində dünya şöhrətli Azərbaycan müğənnisi Rəşid Behbudovun ifasında səslənmişdir. Filmin videoyazısı Moskvada Rusiyanın Dövlət Film Fondunda saxlanılır. Azərbaycan Dövlət Film Fondunda isə bu filmin saxlanma kodunun nömrəsi 53S-16-dır. Bu mahnı 19 noyabr 1963-cü ildə Azərbaycan Müəllif Hüquqları Agentliyində qeydiyyata alınmışdır.