“Uzundərə” qədim xalq rəqsinin erməni rəqsi kimi səsləndirilməsi barədə Müəllif Hüquqları Agentliyinin şərhi
Son günlərdə müxtəlif kütləvi informasiya vasitələrində cari ilin iyun ayının 5-də Rusiya Federasiyasının Moskva şəhərində keçirilən erməni toy mərasimində Azərbaycan musiqisinin erməni musiqisi kimi səsləndirilməsi barədə informasiyalar yayılmışdır. Müəllif Hüquqları Agentliyi bu məlumatla bağlı aşağıdakıları bildirir:
Toydan çəkilmiş və Youtube-də (https://www.youtube.com/watch?v=ir0Skn-ZIbE) yerləşdirilmiş videoda Azərbaycanın qədim milli rəqslərindən olan “Uzundərə”nin sədaları altında rəqs edildiyi göstərilir.
“Uzundərə” rəqsi böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 1910-cu ildə yazdığı “O olmasın, bu olsun” musiqili komediyasında (komediya 1911-ci ildə tamaşaya qoyulmuşdur) və həmin komediya əsasında 1956-cı ildə çəkilmiş eyniadlı filmdə gəlinin gətirilməsi səhnəsində səsləndirilir.
Azərbaycan xalqına məxsus folklor nümunələrini, o cümlədən milli rəqsləri mənimsəmək və özününküləşdirmək erməni mədəni siyasətinin tərkib hissəsinə çevrilmişdir.
Vaxtıilə ermənilər qədim Azərbaycan nəğmələrini toplayaraq arxivləşdirmiş və sonradan onları öz dillərinə çevirərək, erməni nümunələri kimi nəşr etdirmişlər. Üstəlik çoxlu Azərbaycan musiqi folklor nümunələri not şəklində dərc edilmişdir. Bu sıraya daxil olan “Uzundərə” və “Ceyranı” Azərbaycan rəqsləri də XIX əsrin axırlarında bu “üsulla” dərc edilərək, bir neçə ildən sonra erməni rəqsləri kimi təqdim olunmağa başlanmışdır. Erməni tədqiqatçısı R. Boyaçyanın topladığı və A. Seriyeks tərəfindən çapa hazırlanmış “Erməni xalq nəğmələri” kitabının Paris nəşrini buna misal göstərmək olar. Kitabdakı nəğmələrin böyük bir hissəsini orijinalda verilmiş Azərbaycan xalq mahnıları təşkil edirdi.
XVII-XVIII əsrlərin, daha çox da XIX əsrin elə bir erməni əlyazmasına rast gəlmək çətindir ki, onlarda qədim Azərbaycan mahnıları və havaları olmasın. Onların mətnlərinin çoxu Matenadaranda və Ermənistanın digər arxivlərində saxlanılır. Mövcud faktlar göstərir ki, ermənilər tərəfindən xalq mahnıları və havaları kimi təqdim olunan nümunələrin tam əksəriyyəti (90%-ə yaxın) Azərbaycan xalq mahnılarına əsaslanır.
1925-ci ildə Yerevanda Elm və İncəsənət İnstitutu yanında yaradılmış və vəzifəsi xalq musiqisi və folklorunun toplanması və öyrənilməsi olan xüsusi bölmə əslində qonşu xalqlar, xüsusən Azərbaycan xalqına məxsus mədəniyyət nümunələrinin erməniləşdirilməsi ilə məşğul olurdu. Bu bölməyə klassik erməni musiqisinin banisi S.Komitasın (Soqomonyanın) şagirdi S.Məlikyan rəhbərlik edirdi. Çoxsaylı erməni tədqiqatlarında “Erməni musiqisinin dahisi” kimi təqdim olunan S.Komitas dini musiqi ilə aludəçilikdən savayı,1959-cu ildə çapdan çıxmış “Ensiklopedik musiqili lüğət”ində üç mindən artıq mahnını yazıya köçürmüşdür ki, hazırda onlardan 500-ə yaxını saxlanılır.
Qeyd edək ki, erməni əqli mülkiyyət oğurluğu yalnız Azərbaycan musiqisini, rəqslərini və mahnılarını əhatə etmir. Onlar böyük formada əsər yaradarkən də Azərbaycan əsərlərinə müraciət etmişlər. Məsələn, erməni bəstəkarı A. Tiqranyan özünün “Anuş” operasında klassik Azərbaycan muğamlarını təkrarlamışdır və bunlar haqqında rus tənqidçisi Q. Xubov öz fikirlərini səsləndirmişdir.
“Almast” operasının müəllifi A. Spendiyarov da “Novruz ərəbi”, “Heydəri” Azərbaycan xalq melodiyalarından və Ü.Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının mövzusundan istifadə etmişdir.
A. Spendiyarov yaradıcılığını təhlil edən S. Ginzburq “Sovet musiqi ədəbiyyatı”nda (M., “Muzıka”, 1970) yazırdı: “... türk-Azərbaycan musiqi ənənələrinin əksini tapdığı “Krım eskizləri”, “Üç palma”, “Şərq beşiyi”, “Tatar mahnısı” və Spendiyarovun digər əsərləri Lyadova israr etməyə imkan verdi ki, onun musiqisi türk-Azərbaycan mənbələrindən bəhrələnir.
A. Xaçaturyan da bir bəstəkar kimi Azərbaycan muğamlarının spesifik xüsusiyyətini qavramağı yaxşı bacarmışdı. “SSRİ xalqlarının musiqi tarixi”ndə (c.3, M.,1972) çox dəqiq göstərilir ki: A. Xaçaturyanın “Qayane” əsərində “xalq musiqisi yalnız folklordan alınmış mövzularda səslənmir. Bu musiqi baletin bütün partiturasına, bəstəkarın bütün şəxsi orijinal mövzularına daxil olmuşdur. Məsələn, xalq nümunələrinə çox yaxın olan “Armenin rəqsi”, “Karen və Nunenin rəqsi”, “Erməni-kürd rəqsi”, “Qılınclarla rəqs”, “Ləzginka” kişi rəqsləri; adajio və Qayane beşik mahnılarını göstərmək olar...”. Əvvəllər yazılmış “Xoşbəxtlik” baletindəki ən yaxşı nömrələr “Qayane”yə daxil edilmişdir. Bunları İ. Proxorov və Q. Skudina “Sovet musiqi mədəniyyəti” əsərində yazmışlar və xüsusi qeyd etmişlər ki, “Qayane” baletində erməniləşdirilmiş “Şalaxo” və “Uzundərə” Azərbaycan rəqslərindən də geniş istifadə olunmuşdur.
XIX əsrin məşhur erməni xadimlərindən olan M. Nalbandyan yazırdı ki, erməni “... melodiya və havalarının çoxu türklərdən [azərbaycanlılardan] götürülmüşdür. Mən ermənilərin yaşadığı çox yerlərdə olmuşam. Həmişə təmiz ermənicə olan bir şey eşitmək istəmişəm. Təəssüf ki, bu günədək buna nail olmamışam! Düşünürəm ki, bizim musiqi alətlərinin adları: saz, santur, kaman-hamısı türkcədir” (“Qədim şeirlər və mahnılar haqqında”, Əsərlərin tam külliyyatı, c. 1).
Yaxud məşhur ədəbiyyatşünas S. Palasanyan 1868-ci ildə özünün “Erməni melodiyaları” kitabında etiraf edirdi ki, “...ümumiyyətlə, biz hansı xalqın təsiri altında oluruqsa, onun mahnılarını da özümüzünkü hesab edirik...”. X. Abovyan ermənilərin yalnız türkcə (azərbaycanca) oxumalarının səbəbini onların “mahnı ilə dastanları”nın olmaması ilə izah edirdi. A. Brutyan isə “ən məşhur erməni muğam ifaçıları”nın Bakıdan və Şuşadan çıxdıqlarını yazmışdır.
Bu cür saysız-hesabsız erməni etirafları barədə ətraflı məlumatları Kamran İmanovun Azərbaycan, rus, ingilis, fransız və türk dillərində çapdan buraxılmış “Erməni yadelli nağılları” (“Armyanskiye inarodnıye skzaki”) kitabından əldə etmək olar.
Keçmiş ənənələrinə sadiq qalan ermənilər son vaxtlar Azərbaycan musiqisini erməni nümunələri kimi rəqəmli yazı formasında da yaymağa başlamışlar. Onlar bu məqsədlə ayrı-ayrı ölklələrdə xüsusi səsyazma studiyaları yaradırlar. Hələ bir neçə il əvvəl Rusiya ərazisində Azərbaycan musiqilərini erməni nümunələri kimi yazıb yayan “Ani-Rekords” adlı səsyazma studiyası fəaliyyət göstərirdi. Studiyanın “erməni rəqsləri” kimi təqdim etdiyi rəqslər sırasına digər milli rəqslərimizlə yanaşı “Uzundərə” də daxil edilmişdi.
Müəllif Hüquqları Agentliyinin səyləri nəticəsində Rusiyanın müvafiq dövlət orqanı “Ani-Rekords”un fəaliyyətini dayandırdı və lisenziyasını ləğv etdi.
Göstərilən faktlardan göründüyü kimi, erməni plagiatçılığı məqsədyönlü şəkildə ardıcıl olaraq həyata keçirilən bir “siyasət”dir.
Bildirmək istərdik ki, layihəsi Agentlik tərəfindən hazırlanmış “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Qanun 2003-cü ildə Şərqi Avropa ölkələrində, eləcə də MDB məkanında ilk dəfə olaraq Azərbaycanda qəbul edilmişdir. Həmin Qanun Azərbaycanın mədəni irsinin tərkib hissəsi olan milli folklor nümunələrinin əqli mülkiyyətin xüsusi növü kimi hüquqi qorunması, istifadəsi və müdafiəsinin təminatı ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Azərbaycan xalqına məxsus olan əqli mülkiyyət növü kimi folklor nümunələrinin qeyri-qanuni istifadə edildiyi hallarda, dövlətin qorunan maraqları Agentlik tərəfindən təmsil olunur.
Qanuna 2011-ci ildə edilmiş dəyişikliklərə əsasən, xarici hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan folkloru nümunələrindən kommersiya məqsədləri ilə xarici ölkələrdə istifadə edildikdə Müəllif Hüquqları Agentliyindən icazə alınmalıdır. Məqsəd xarici ölkələrdə Azərbaycan folklor nümunələrindən qanuni istifadənin təminidir.
Onu da bildiririk ki, folklorun hüquqi qorunması üzrə hələlik beynəlxalq hüquqi qorunma aləti qəbul edilməmişdir. Bu da bizim folklor nümunələrimizin beynəlxalq miqyasda hüquqi qorunmasında bir sıra çətinliklər yaradır.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı BMT-nin əqli mülkiyyət sahəsində ixtisaslaşmış bir qurumudur. Bu beynəlxalq təşkilatın 190-a yaxın üzvü vardır, əqli mülkiyyət sahəsində nüfuzlu hökumətlərarası qurumdur. Biz etirazlarımızı rəsmi qaydada ona görə bu təşkilata çatdırırıq ki, Ermənistan da ÜƏMT-nin üzvüdür və onun bütün ölkələrdə əqli mülkiyyətin qorunması ilə bağlı prinsipinə əməl etməlidir.
ÜƏMT tərəfindən folklor nümunələrinin hüquqi qorunması ilə bağlı çətinliklərin aradan qaldırılması məqsədi ilə beynəlxalq konvensiyanın qəbulu ilə əlaqədar ÜӘMT-nin Əqli Mülkiyyət və Genetik Resurslar, Ənənəvi Biliklər və Folklor üzrə Hökumətlərarası Komitəsinin sessiyalarında keçirilən müzakirələrdə Agentliyin nümayəndələri fəal iştirak edir və öz təkliflərini verirlər.
ÜӘMT tərəfindən folklor nümunələrinin hüquqi qorunması ilə bağlı beynəlxalq konvensiyanın qəbulu gözlənilir. Milli folklorumuzun qorunmasında qeyd edilən konvensiyanın böyük əhəmiyyəti olacaqdır. Belə ki, konvensiya olsa, üzv dövlətlərin üzərinə öhdəliklər qoyulacaq və dövlətlər folklor nümunələri, mədəniyyət ənənələri ilə bağlı öhdəliklərini yerinə yetirməyə məcbur olacaqlar.
Azərbaycan qanunvericiliyinin ərazi xarakteri daşıdığını və folklorun qorunması üzrə beynəlxalq konvensiyanın qəbul edilmədiyini nəzərə alaraq folklor nümunələrinin qorunması ilə bağlı məsələlər “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyanın 15-ci maddəsinin 4-cü hissəsinin “a” yarımbəndinin müddəaları (müəllifi naməlum əsərlərə münasibətdə hüquqları müdafiə etmək həmin ölkənin müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən həyata keçirilir) əsas götürülməklə tənzimlənir.
Bildiririk ki, “Uzundərə” rəqsinin erməni rəqs nümunəsi kimi təqdim etmək cəhdləri yeni deyildir. Belə ki, 2011-ci ildə Rusiyanın “Mir” Dövlətlərarası Teleradio Şirkətində Ermənistan haqqında yayımlanan sənədli filmdə və 2013-cü ilin 18 dekabrında Rusiyanın “ORT” kanalında yayımlanan “Жить здорово” verilişində erməni mətbəxinə həsr edilən 20 dəqiqəlik süjetdə Azərbaycanın “Uzundərə” qədim xalq rəqsi erməni rəqs nümunəsi kimi təqdim edilmişdir.
Ümumiyyətlə hər bir erməni ədəbi oğurluğu, o cümlədən yuxarıda göstərilən oğurluq halları barədə Müəllif Hüquqları Agentliyi tərəfindən Ümumdünya Əqli Mülkiyyət Təşkilatına rəsmi etiraz məktubları göndərilmiş, həmçinin bu barədə geniş, tarixi əsaslara söykənən arayışlar hazırlanaraq kütləvi informasiya vasitələrində yayılmış, saytlarda yerləşdirilmişdir.
Azərbaycanın müəllif əsərlərinin və folklor nümunələrinin ermənilər tərəfindən oğurlanması və mənimsənilməsi barədə mütəxəssislərin rəyləri, sübut edici sənədlər və tarixi mənbələr əsasında hazırlanmış son belə bir məktub Agentlik tərəfindən 2011-ci ildə ÜƏMT-nin baş direktoru cənab Frensis Qarriyə göndərilmişdir.
Qeyd edilən fakt uzun illərdən bəri davam edən erməni ədəbi və musiqi oğurluğunun növbəti bir nümunəsidir. Bu da “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının tələblərini pozulması deməkdir. Bununla əlaqədar Müəllif Hüquqları Agentliyi müvafiq beynəlxalq strukturlara növbəti dəfə rəsmi etirazını bildirəcəkdir.
07.06.2016