Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli hazırlanır


Bakı, 14 iyun 2017-ci il, Xatirə Cəfərova, AZƏRTAC

 

 

Bakıda Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), “Clarivate Analytics” (Thomson Reuters), Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, beynəlxalq konfransda 15 ölkədən, o cümlədən Türkiyə, Fransa, Almaniya, Litva, Rusiya, Belarus, Moldova, Macarıstan, Polşa, Qazaxıstan və digər ölkələrin ali məktəblərinin müəllim və tədqiqatçıları iştirak ediblər.

UNEC-in rektoru, professor Ədalət Muradov mövzunun aktuallığını vurğulayıb, dünya meyarlarına cavab verə bilən universitetin əsasında elmi tədqiqatların dayandığını bildirib.

Ə.Muradov deyib: “Universitetlər insan kapitalı formalaşdıran ixtisaslaşmış müəssisələrdir. İnsan kapitalının dəyəri isə onun tətbiqi zamanı yarada biləcəyi əlavə dəyərin həcmi ilə ölçülür.Beləliklə, təhsil, elm, istehsal üçbucağında elm mərkəzi həlqəni təşkil edir və universitetlərdə elmi fəaliyyətin idarəedilməsinə ənənəvi yanaşmanın dəyişməsini zəruri edir”.

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda elmin, təhsilin inkişafına göstərilən dövlət qayğısından bəhs edib.Elm və təhsilin inkişafının vəhdət təşkil etdiyini vurğulayan nazir ölkədə bu sahədə müvafiq sənədlərin qəbul olunduğunu diqqətə çatdırıb.

Nazir bildirib ki, Azərbaycan müstəqil dövlət kimi özünün ali təhsil müəssisələrində elmin idarə edilməsi sistemini müasirləşdirir. Hazırda universitetlərin yeni idarəetmə modeli hazırlanır.Universitetlərimiz ənənəvi şəkildə kadr yetişdirməklə yanaşı, biliklərə əsaslanan məhsul istehsalçısına çevrilir.

“Clarivate Analytics”in inkişaf etməkdə olan ölkələr üzrə qlobal direktoru xanım Vijayşri Krişnan rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, gördüyü işlər və apardığı tədqiqatlar barədə məlumat verib.

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin ali təhsil sistemində radikal transformasiyalar müşahidə olunur. Bunların mahiyyəti universitetlərin innovasiyalı inkişafda və iqtisadi artımda həlledici rolu ilə bağlıdır. Bu isə universitetlərin sosial-iqtisadi funksiyalarının dəyişməsi deməkdir, artıq ənənəvi olan təhsil və elm missiyaları ilə yanaşı, sürətlə inkişaf edən iqtisadi fəallıq sferasının yaranmasıdır. Bu çərçivəyə texnologiyaların işlənməsi və transferi, akademik elmin məhsullarının kommersiyalaşması və bazara çıxarılması, yeni bizneslərin yaranması və nəhayət, gəlir əldə etmək məqsədilə əqli mülkiyyətin idarə olunması daxildir. İlk addım kimi bunların başında universitetlərin və elmi-tədqiqat institutlarının düşünülmüş əqli mülkiyyət siyasəti durur.

Sonra Nobel mükafatçısı Əziz Sancarın məruzəsi dinlənilib. Məruzədə böyük alimin elmi-tədqiqat işlərindən bəhs olunub.

Dünyanın nüfuzlu alimlərinin toplaşdığı elmi platformada elm və təhsilin problemləri, perspektivləri, universitetlərdə elmmetriyanın tətbiqi, elmin iqtisadiyyatı və maliyyələşdirilməsi, əqli mülkiyyət hüquqlarının və elmi etikanın qorunması ilə bağlı müzakirələr aparılıb.