Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli


İyunun 14-də Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), “Clarivate Analytics” (Thomson Reuters), Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Fəxri Xiyabanda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarına gül dəstələri düzüblər.

ADIU-nun rektoru Ədalət Muradov bugünkü konfransın məhz universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli mövzusuna həsr edilməsinin təsadüfi olmadığını bildirib. Son dövrlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” əsas tutulmaqla universitetlərdə həyata keçirilən islahatlardan danışan rektor ali məktəblərin təhsil-elm-istehsal üçbucağı prizmasından qiymətləndirildiyini deyib.

Rektor keyfiyyətli təhsilin ən ciddi, səmərəli, praktikada tətbiq edilə bilən biliklərin məhz təhsil prosesinə transformasiyasını özündə ehtiva etdiyini diqqətə çatdırıb və  konfransdan elmi fəaliyyətin idarə edilməsi istiqamətləri üzrə faydalı nəticələr əldə olunacağına əminliyini ifadə edib.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan müstəqil dövlət kimi ali təhsil müəssisələrində elmin idarə edilməsi sistemini müasirləşdirir: “Bizim çox güclü və zəngin ənənələrə malik elmi sistemimiz mövcud olub. Bu gün universitetlər iqtisadi artımın təmin edilməsində olduqca önəmli rol oynayır. Eyni zamanda universitetlər əmək bazarı üçün yeni iş yerləri təklif edir”.

Mikayıl Cabbarov qeyd edib ki, elmin müasirləşdirilməsi, dünya elminə inteqrasiyasının rolunun artırılmasını təmin etmək müasir dövrdə qarşıda duran əsas çağırışlardandır. Bu sistemə cavab vermək imkanlarımızın genişliyini diqqətə çatdıran nazir yolun ilk mərhələsində olduğumuzu qeyd edib. Nazir bildirib ki, insan kapitalının formalaşması ilə məşğul olan ali təhsilin rolu davamlı şəkildə yüksəlir: “Universitetlərimiz ənənəvi şəkildə kadr yetişdirməklə yanaşı, biliklərə əsaslanan məhsul istehsalçısına çevrilir. Son illər elmi tədqiqat fəaliyyətinə qrantların cəlb olunması üçün müvafiq tədbirlər görülüb. Bu da gənclərin elmə marağını bir daha artırmış olur”.

İnkişaf etməkdə olan ölkələr üzrə qlobal direktor Viji Krişnan elm və texnologiyanı müasir dünyada ölkənin uğurunu müəyyən edən əsas amil kimi dəyərləndirib, bu sahədə universitetlərin üzərinə böyük iş düşdüyünü nəzərə çatdırıb.

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov ölkədə həyata keçirilən innovasiya və startap layihələrindən danışıb. Azərbaycanın innovasiya sahəsində MDB məkanında birinci yerdə olduğunu bildirən Kamran İmanov qeyd edib ki, ümumilikdə ölkəmiz bilik iqtisadiyyatına görə 146 ölkə sırasında 76-cı yerdə qərarlaşıb.

Beynəlxalq Elm və Texnika İnformasiya Mərkəzinin direktoru Yevqeniy Uqrinoviç Azərbaycanla uğurlu əməkdaşlıqdan söz açıb. Elmmetriya sahəsində müştərək layihənin icrasına başladıqlarını bildirib.

Daha sonra ABŞ-ın Şimali Karolina Universitetinin professoru, Nobel mükafatı laureatı Əziz Sancarın məruzəsi dinlənilib. Əziz Sancar çıxışında elm və təhsilə göstərilən diqqətin mühüm amil olmasından və elmi-tədqiqat işlərindən bəhs edib.

Azərbaycan, ABŞ, Türkiyə, Rusiya, Yunanıstan, Macarıstan, Rumıniya, İsveçrə, İngiltərə, Litva, Qazaxıstan, Gürcüstan, Polşa, Moldova, Belarus, Qırğızıstan və digər ölkələrin nüfuzlu ali təhsil müəssislərinin rəhbərləri, elm adamları və tədqiqatçılarının qatıldığı konfrans öz işini panellərdə davam etdirib.

 

14.06.2017

 

http://edu.gov.az/az/page/9/13934