Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Universitetlər əqli mülkiyyət hüquqlarına kompleks yanaşmalıdır


30.06.2017

 

http://muallim.edu.az/content/?category_id=arxiv&issue=24-2017&contenid=02

 

Ali təhsil müəssisələrinin fəaliyyətinin kommersiyalaşdırılması vacibdir

Ruhiyyə DAŞSALAHLI


Dünən Bakıda “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda beynəlxalq seminar işə başlayıb. Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, ölkəmizdə bilik iqtisadiyyatının formalaşdırılması dövlət siyasətinin əsas tərkib hissəsidir. Bu da universitetlərin fəaliyyətində bir sıra amilləri vacib edir. Belə ki, universitet və elmi-tədqiqat institutları innovativ olmağa çalışırlar. Həmin müəssisələrin fəaliyyətinin kommersiyalaşdırılması da xüsusi əhəmiyyət kəsb edir. Universitetlərin fəaliyyətinin beynəlmiləlləşdirilməsi mühüm amildir. Hər bir təhsil müəssisəsinin düzgün qurulmuş əqli mülkiyyət siyasəti olmalıdır. Odur ki, hazırda Təhsil Nazirliyi tərəfindən əqli mülkiyyət hüquqlarının qorunması istiqamətində bir sıra işlər həyata keçirilir. Ümumiyyətlə, nazir rəhbərlik etdiyi qurumun fəaliyyətində əqli mülkiyyət sahəsində maarifləndirmə işlərinin aparılmasının mühüm yer tutduğunu vurğulayıb. 

“Son illər universitetlərdə piratçılığa qarşı uğurlar qazanılsa da, bu məsələyə kompleks yanaşılmalıdır”, - deyən M.Cabbarov Təhsil Nazirliyi tabeliyində olan universitetlərdə çalışan professor-müəllim heyəti tərəfindən alınan patentlərə də diqqət çəkib. 

Hər il Təhsil Nazirliyinin tabeliyində olan universitetlərdə çalışan professor-müəllim heyəti tərəfindən 600-dən artıq dərslik və dərs vəsaitinin nəşr edildiyini, yeni məhsullar və ixtiralar əldə edildiyini vurğulayan nazir bu sahədə 2014-cü ildən başlayan irəliləməni qeyd edib. Həmin il 29, 2015-ci ildə 33, 2016-cı ildə isə 54 patent alındığını, artan dinamikaya baxmayaraq, bu göstəricinin ümumilikdə az olduğunu qeyd edib: “Bir tərəfdən, 3 il ərzində alınan patentlərin sayının 2 dəfəyə yaxın artması müəyyən bir nailiyyətdir. Lakin digər tərəfdən, bu rəqəm aşağıdır. Hesab edirəm ki, biz bunu öz fəaliyyətimizdə prioritetləşdirməliyik. Bu göstərici digər ölkələrlə müqayisədə də aşağıdır. Bunun əsas səbəblərindən biri kimi ixtiraların hamısının patentləşdirilməsi üçün təqdim olunmamasını göstərmək olar”.

Tədbirdə çıxış edən Müəllif Hüquqları Agentliyinin (MHA) sədri Kamran İmanov piratçılığa qarşı mübarizənin təşkilindən danışaraq bildirib ki, aidiyyəti dövlət qurumları ilə birlikdə keçirilən müvafiq tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılıq kitab satışı sahəsində 61 faizdən 29 faizə, audio-video məhsul bazarında 90 faizdən 65 faizə, proqram təminatında 96 faizdən 84 faizə düşüb.

“Biliklər + texnologiyalar + investisiyalar və əqli mülkiyət = universitetlərin və sənayenin insan kapitalının ekosisteminə, DƏMT-in universitet və elmi-tədqiqat institutları üçün əqli mülkiyyət siyasəti modelinin uyğunlaşdırılma təcrübəsindən” danışan K.İmanov 1996-cı ildən 2017-ci ilin birinci rübünədək agentlikdə 10989 əsər və əlaqəli hüquqların obyektlərinin qeydiyyatdan keçirildiyini deyib. Ali tədris və elm ocaqlarında tədqiqatların tətbiqinin kommersiyalaşması və intellektual məhsulun bazara çıxarılmasına aid MHA tərəfindən bir sıra elmi-metodik göstərişlər və təlimatlar hazırlanaraq maraqlı tərəflərə çatdırılıb.

O qeyd edib ki, ölkəmizdə aparılan islahatlar çərçivəsində Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 24 noyabr 2016-cı il tarixli 1125 nömrəli fərmanının icrası ilə bağlı Agentlikdə publik hüquqi şəxslər barədə dünya təcrübəsi öyrənilərək təhlil edilib. Araşdırmaların nəticəsi olaraq “Publik hüquqi şəxslər haqqında qeydlər (kontinental Avropa və postsovet məkanının bir sıra ölkələrinin təcrübəsi)” adlı kitabça buraxılıb. Həmin fərmanın icrası ilə bağlı “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin Nizamnaməsi”nin layihəsi, həmçinin publik hüquqi şəxslərin hüquqi təminatı ilə bağlı bir sıra qanunvericilik aktlarına dəyişiklik edilməsi barədə 10 sənəd layihəsi hazırlanaraq müvafiq qaydada Nazirlər Kabinetinə təqdim edilib.

Agentlik rəhbəri bildirib ki, biliklərə əsaslanan iqtisadiyyatda dünyanın aparıcı universitetləri korporativ subyektlərə çevrilərək, “Universitet 3.0” adını əldə ediblər, yəni təhsil, elmi tədqiqatlar və biliklərin kommersiyalaşması ocaqları kimi fəaliyyət göstərirlər: “Azərbaycan üçün 3.0 universitetlərin təşəkkülü ciddi sosial və iqtisadi problemdir. Çünki bu növ universitetlər bu gün cəmiyyətin modernləşdirilməsində və bilik iqtisadiyyatına transformasiyasında aparıcı rol oynamalıdırlar. Universitetlər dövlət başçısının təşəbbüsü ilə keçirilən iqtisadi islahatların fəal aktorlarına çevrilməlidirlər”.

Müzakirələr DƏMT-in təmsilçiləri, bir sıra ölkələrin nümayəndələri, əqli mülkiyyət üzrə beynəlxalq ekspertlərin iştirakı ilə davam edib.