Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

“Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda beynəlxalq seminar keçirilir


29 İyun 2017 / 12:05

 

http://www.apa.az/sosial_xeberler/universitet-ve-elmi-tedqiqat-institutlarinda-eqli-mulkiyyet-siyaseti-movzusunda-beynelxalq-seminar-kecirilir-6303.html

 

 

Müəllif Hüquqları Agentliyi, Təhsil NazirliyiStandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkilatçılığı ilə “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda beynəlxalq seminarın açılış mərasimi keçirilib.

 

APA-nın xəbərinə görə, MHA sədri Kamran İmanov bildirib ki, 1996-cı ildən 2017-ci ilin birinci rübünədək agentlikdə 10 989 əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilib. O deyib ki, aidiyyəti dövlət qurumları ilə birlikdə keçirilən müvafiq tədbirlər nəticəsində 2005-ci illə müqayisədə piratçılıq kitab satışı sahəsində 61%-dən 29%-ə, audio-video məhsul bazarında 90%-dən 65%-ə, proqram təminatında 96%-dən 84%-ə düşüb.
 
K. İmanov qeyd edib ki, ali tədris və elm ocaqlarında tədqiqatların tətbiqinin kommersiyalaşması və intellektual məhsulun bazara çıxarılmasına aid MHA tərəfindən bir sıra elmi-metodik göstərişlər və təlimatlar hazırlanaraq maraqlı tərəflərə çatdırılıb.
 
Seminarın əhəmiyyətini yüksək qiymətləndirən təhsil naziri Mikayıl Cabbarov bəyan edib ki, Azərbaycanda bilik iqtisadiyyatının formalaşması əsas prioritetdir. Nazir əlavə edib ki, əqli mülkiyyət sahəsində maarifləndirmə işlərinin aparılması mühüm yer tutur: “Son illər universitetlərdə piratçılığa qarşı uğurlar qazanılsa da, bu məsələyə kompleks yanaşılmalıdır”.
 
Milli Məclisin komitə sədri Siyavuş Novruzov bildirib ki, bu gün bir sıra gənclər elm dalınca yox, diplom dalınca gedirlər.
 
Seminar bu gün və sabah davam edəcək.