“Ümumdünya Kitab və Müəllif Hüququ Günü” və "Beynalxalq Əqli Mülkiyyət Günü” münasibəti ilə 2016-cı ildə kecirilmiş tədbirlər barədə MƏLUMAT
“Ümumdünya Kitab və Müəllif Hüququ Günü”nün və “Beynalxalq Əqli Mülkiyyət Günü”nün hər il ölkəmizdə təntənəli şəkildə qeyd olunması artiq ənənə halını almışdır. 2016-cı ildə də bu əlamətdar tarixlərin yüksək səviyyədə qeyd olunmasi məqsədilə Müəllif Hüquqları Agentliyində təsdiq edilmis plan əsasında silsilə tədbirlər keçirilmişdir.
Tədbirlər planı çərçivəsində aprelin 22-də Bakı şəhərində Müəllif Hüquqları Agentliyinin (MHA) təşkilatçılığı ilə “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” və “Beynəlxalq Əqli Mülkiyyət Günü” münasibətilə “Azərbaycanın multikultural siyasəti, əqli mülkiyyət və erməni saxtakarlıqları” mövzusunda konfrans keçirilmişdir. Tədbirdə geniş məruzə edən Agentliyin sədri Kamran İmanov keçmişdə və son illər dərc edilən kitablarda erməni müəlliflərə istinadən onların tarix, coğrafiya, genetika ilə bağlı həqiqətə uyğun olmayan mülahizələr, uydurmalar və saxtakarlıq faktlarına toxunmuşdur. Erməni müəlliflərinin uydurmalarının və saxtakarlıqlarının yalan olmaqla yanaşı, həm də başqalarının şərəf və ləyaqətinə toxunduğunu, intellektinə, əqli mülkiyyətinə və mədəniyyətinə qəsd etdiyini, dövlətçiliyinin tarixinin və ənənəsinin şübhə altında saxlanılmasına yönəldiyini qeyd edən K.İmanov erməni saxtakarlarının ifşa olunduğunu və bundan sonra da ifşa olunacağını bildirmişdir.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının müşaviri Gülnarə Ağalarova kitab, müəlliflik hüququ və əqli mülkiyyətə həsr olunan günlərin keçirilməsinin əhəmiyyətindən danışmış, Müəllif Hüquqları Agentliyinin bu istiqamətdəki fəaliyyətini yüksək dəyərləndirmişlər.
Konfransda Agentliyin eksperti Elşad Əlili “Ararat mifologiyası və onun erməni tarixçiliyində rolu barədə” məruzə ilə çıxış etmişdir. Məruzələrdən sonra mövzular ətrafında müzakirələr aparılmışdır. Konfransda millət vəkilləri, müxtəlif dövlət qurumlarının, Azərbaycan Milli Elmlər Akademiyasının, ali məktəblərin, ictimai təşkilatların nümayəndələri iştirak etmişlər.
Silsilə tədbirlərin davamı olaraq aprelin 26-da Agentliyin nümayəndəsi "ASAN Radio”da “Beynəlxalq Əqli Mülkiyyət Günü” münasibətilə təşkil edilən verilişdə əqli mülkiyyət və bu əlamətdar tarix barədə müsahibə vermiş, dinləyiciləri maraqlandıran suallara cavab vermişdir. Bundan başqa, həmin gün 2 saylı Bakı “ASAN Xidmət” mərkəzində könüllüləri üçün “Ümumdünya Kitab və Müəllif Hüququ Günü” ilə əlaqədar təlim keçirilmişdir.
Tədbirdə Agentliyin nümayəndəsi tərəfindən gənclərə kitabların insan həyatında və bəşəriyyətin mədəni inkişafındakı rolu, həmçinin Azərbaycanda müəllif hüquqlarının qorunması və idarə olunması haqqında ətraflı məlumat verilmiş, iştirakçıların sualları cavablandırılmışdır.
Nəzərdə tutulan tədbirlər çərçivəsində mayın 4-5-də Bakıda “Beynəlxalq Əqli Mülkiyyət Günü” münasibətilə “Azərbaycan Müəllifləri” İctimai Birliyi və “Ümumdünya Bəstəkar və müəllif Təşkilatlarının Beynəlxalq Konfederasiyası” (CISAC) tərəfindən birlikdə “Kollektiv idarəetmə təşkilatlarının mədəni müxtəlifliyin inkişafında rolu” mövzusunda seminarın təşkilində və keçirilməsində Agentlik müvafiq köməklik göstərmiş, onun nümayəndəsi mövzu ilə əlaqədar məruzə etmişdir. Tədbirdə bir sıra beynəlxalq təşkilatların, xarici ölkələrin müəllif cəmiyyətlərinin, Azərbaycanın dövlət qurumlarının, o cümlədən Müəllif Hüquqları Agentliyinin və ictimai birliklərinin nümayəndələri iştirak etmişlər.
Bu il 23 aprel “Ümumdünya Kitab və Müəllif Hüququ Günü”nün və 26 aprel “Beynalxalq Əqli Mülkiyyət Günü”nünə həsr olunmuş tədbirlərin coğrafiyası daha da genişlənmiş, respublikanın bir sıra şəhər və rayonlarında müxtəlif tədbirlər, o cümlədən kitab sərgiləri təşkil olunmuş, yaradıcı şəxslərlə görüşlər keçirilmişdir.
05.05.2016-cı il