Təndirin ermənilər tərəfindən özününküləşdirmələri barədə Müəllif Hüquqları Agentliyinin şərhi
Son günlərdə müxtəlif kütləvi informasiya vasitələrində təndirin ermənilər tərəfindən özününküləşdirmələri barədə informasiyalar yayılmışdır. Müəllif Hüquqları Agentliyi bu məlumatla bağlı aşağıdakıları bildirir:
Azərbaycanlılar əsrlərdən bəri çörəyi təndirdə (erməniləşdirilmiş “tonir” variantı da buradan yaranmışdır) bişirirlər. Təsadüfi deyildir ki, ən qədim təndir Azərbaycan ərazisində tapılmışdır. Azərbaycanda təndirin “Çala”, “Doyma”, “Şirəli”, “Qoyma”, “Kürə” və digər növləri var. Azərbaycanda ən qədim təndir Eneolit dövrünə aiddir.
Yeraltı və yerüstü təndirlərdə müxtəlif lavaşlar, təndir çörəyi, bəyimçörəyi, müxtəlif xörəklər, qənnadı məmulatı hazırlanır.
Bu xüsusi gil sobalarında çörək bişirilərkən, xüsusən də yanacaq kimi təzəkdən istifadə edilərkən, “dəm qazı” əmələ gəlir. Elə “tindir” sözü də Azərbaycan dilində “dəm qazı” mənasını bildirir. Təndirdən istifadə edən xalqlar, bütün təndirlərin, o cümlədən erməni redaksiyasında verilən “tonir”lərin hava çəkən yeri - “külfə”si vardır. O, Azərbaycan dilində “kül üfürən” deməkdir. Bəllidir ki, “lavaş” çörəyi türk sözü “aş”-dan yaranmışdır. Onun ən nazik növünü isə azərbaycanlılar “yuxa”, yaxud “yayma” kimi adlandırırlar. Çörəyin bu növlərini azərbaycanlılar təndirdə bişirirlər və onlar ermənilər tərəfindən mənimsənilmişdir.
Təndirlə bağlı Azərbaycan folklorunda əmək nəğmələri vardır. Belə nəğmələrdən biri təndirbaşı adlanır. Təndirbaşı təndir qalanarkən, təndirə çörək yapılarkən oxunan nəğmələrə deyilir. Bəzi bölgələrdə təndirbaşı mərasim, şənlik şəklində olur. Qərb rayonlarında yaşlı qadınların keçirdikləri axşam məclisi təndirbaşı, yaxud təndirbaşında adlanır. Təndirbaşıların bir qismi sacasma adlanır. Sacasma sac üzərində lavaş bişirilərkən mahnı ilə müşahidə olunur.
Ermənistanın məşhur mədəniyyət xadimləri hələ XIX əsrdə öz əsərlərində Azərbaycan folkloru nümunələrindən geniş istifadə edirdilər. X. Abovyan, N. Nalbandyan, Q. Ağayan, P. Proşyan, R. Patkanyan, Q. Sundukyan və başqaları onların sırasındadır. Konkret misal gətirək. X. Abovyanın yalnız “Ermənistanın yaraları” və “Ağasının nəğməsi” adlı iki əsərində istifadə olunmuş söz nümunələri əsasında Q. Qasparyan tərəfindən lüğət tərtib edilmiş və nəşr edilmişdir. Həmin lüğətdə dilimizdən alınmış ifadələr “dialekt” adlandırılmışdır (Q. Qasparyan, Əsərləri, c. IV, Yerevan, EA-nın nəşriyyatı, 1947, erməni dilində). Hələ türkcədən birbaşa köçürülən atalar sözlərindən danışmadan X. Abovyanın “Ermənistanın yaraları” romanında “təndir” sözü ilə yanaşı, “plov”, “çalma”, “qarapapax”, “xurcun”, və s. kimi Azərbaycan sözlərini işlətmişdir.
Beləliklə təndirin Azərbaycanda və azərbaycanlılar yaşayan tarixi məkanlarda geniş istifadəsi ilə yanaşı təndir sözü Azərbaycan sözüdür, türk etimologiyasına malikdir və təndirin ermənilər tərəfindən özününküləşdirilməsi ermənilərin əqli mülkiyyət oğurluğunun davamıdır.
14.07.2015