Təhsilimizin uğurları
12.03.2016 / №10
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalına layiq görülmüş şagirdlə söhbət
Bakı Avropa Liseyinin VII sinif şagirdi redaksiyamızın qonağı olub
Son illər təhsil sahəsində əldə olunan uğurlardan biri də Azərbaycan şagirdlərinin müxtəlif səviyyəli müsabiqə və yarışlara, həmçinin onların bilik, yaradıcılıq potensialının üzə çıxarılmasına yönələn nüfuzlu beynəlxalq miqyaslı tədbirlərə böyük maraq göstərmələri və burada müvəffəqiyyətlə iştirak etmələridir ki, bu da son nəticədə təhsilimizin inkişafından soraq verir. Hər bir dövlətin tanınmasında onun siyasəti, mədəniyyəti, idmanı ilə yanaşı, xüsusilə elmi, təhsili də mühüm rol oynayır. Bu sahələrdə öz bilik və bacarıqlarını nümayiş etdirən, fitri istedadları, kreativ layihələri ilə seçilib tanınanlar içərisində gənclərin, eləcə də yeniyetmələrin böyük çoxluq təşkil etməsi qürurvericidir. Hazırda neçə-neçə istedadlı yeniyetmə və gənc nəinki təhsil aldığı orta və ya ali məktəbdə, həmçinin respublikanın hüdudlarından çox-çox uzaqlarda da bilik və bacarığını göstərmək imkanına malikdir. Elə başa vurduğumuz ötən həftənin ilk gününün növbəti belə əlamətdar hadisəsi də Azərbaycan məktəblisi Hüseyn Hacıyevlə bağlı oldu. Belə ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının ötən il layiq gördüyü qızıl medal fevralın 29-da Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində Hüseyn Hacıyevə təqdim edilib. Bu münasibətlə keçirilən təltifetmə mərasimində Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin komitə sədrləri,YAP İcra katibinin müavini Siyavuş Novruzov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və başqaları çıxış edərək ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışıblar, azərbaycanlı şagirdin qazandığı nailiyyəti gənclərimizin intellektual baxımdan yüksək səviyyəsinin beynəlxalq qurumlar tərəfindən də qəbul olunmasının göstəricisi kimi dəyərləndirərək onu təbrik ediblər.
Məlumat üçün bildirək ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) yaradıcılıq fəaliyyətini stimullaşdırmaq məqsədilə hər il müxtəlif formatlı tədbirlər keçirir. Bu tədbirlər sırasında 2015-ci ildən ilk dəfə məktəb şagirdləri kateqoriyası üzrə yaradıcılıq nailiyyətlərinə görə ÜƏMT mükafatının verilməsi nəzərdə tutulub. Yeni qaydalara əsasən, həmin müsabiqədə ÜƏMT-nin üzvü olan dövlətlərdə yaradıcılıq nailiyyətləri ilə fərqlənən məktəblilər iştirak edə bilərlər. Ölkəmizin nümayəndəsinin adıçəkilən yaradıcılıq müsabiqəsində iştirakının təmini ilə əlaqədar ötən il Müəllif Hüquqları Agentliyi və Təhsil Nazirliyi tərəfindən namizədin müəyyənləşdirilməsi üçün seçim turu keçirilib və nəticələrə əsasən Bakı Avropa Liseyinin 7-ci sinif şagirdi Hüseyn Hacıyev qalib hesab edilib.
Təhsil Nazirliyinin seçim turunun nəticələri ilə əlaqədar tərtib etdiyi sənədlər müvafiq qaydada baxılması və qərar qəbul edilməsi üçün Müəllif Hüquqları Agentliyi tərəfindən ÜƏMT-yə təqdim olunub. Mükafatlar Proqramının Qaydalarına uyğun olaraq təqdim olunmuş namizəd və onun yaradıcılıq nailiyyətləri, eləcə də uğurları haqqında məlumatlara Ümumdünya Əqli Mülkiyyət Təşkilatının ekspertləri tərəfindən baxılıb, məktəb şagirdləri kateqoriyası üzrə Azərbaycan məktəblisinə bu qurumun mükafatının verilməsi barədə qərar qəbul edilib.
Əldə etdiyi uğuru ilə Azərbaycana başucalığı gətirən 13 yaşlı şagirdimizi oxucularımızla daha yaxından tanış etmək istəyirik.
Hüseyn Elnur oğlu Hacıyev 2003-cü il fevralın 9-da Bakı şəhərində anadan olub. Erkən yaşlarından həmyaşıdlarından öz zəkası, öyrənməyə marağı və işgüzarlığı ilə seçilən Hüseyn üç yaşında artıq sərbəst oxumağı və riyazi tənlikləri həll etməyi bacarırdı. 2009-cu ildə müsabiqədən keçərək Bakı Avropa Liseyinin birinci sinfinə daxil olub.
Oxuduğu illər ərzində yüksək bilik və bacarığı ilə fərqlənən Hüseynin yaşının az olmasına baxmayaraq əldə etdiyi uğurları kifayət qədərdir. Belə ki, o, 2013-cü ildə Bakı Avropa Liseyinin “ICT Masters Organization” təşkilatının “Junior Master” səviyyəsinə üzv seçilib. “Microsoft Azərbaycan” şirkətinin təşkil etdiyi müsahibədən uğurla keçərək həmin şirkətin 2-5 dekabr 2013-cü il tarixlərində reallaşdırdığı BakuTel-2013 19-cu Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində demo promoter kimi fəaliyyət göstərib. “Microsoft Azərbaycan” şirkətinin “Ən gənc və fəal Windows eksperti” sertifikatına layiq görülən Hüseyn Hacıyev Bakı Avropa Liseyinin “ICT Masters Organization” təşkilatının “Advanced Master” səviyyəsinə keçirilib. O, 2014-cü ildə Bakı Avropa Liseyinin beş ölkənin iştirakı ilə keçirdiyi UNESCO LFF layihəsi çərçivəsində “Digital Learning Weeks in Baku European Lyceum” adlı vebinarda iştirakı üçün sertifikat alıb.
Elə həmin ildə Hüseyn Qloballab (UNESCO) layihəsində fəal iştirak edərək bir neçə layihənin qalibi olub, onlardan biri “Qloballab yay ekspedisiyası 2014”-dür. Bu layihədə Hüseyn kompüterdə video, audio və qrafika ilə işləmək bacarıqlarını nümayiş etdirərək Bakı Avropa Liseyinin “Baku Junior Einsteins” komandasının tərkibində birinci yeri tutub. O, “Qloballab yay ekspedisiyası 2015” layihəsinin siması seçilib. 29 oktyabr 2014-cü ildə isə Qloballab (UNESCO) layihəsi çərçivəsində “Qloballab ekspedisiyasının nəticələri” adlı vebinarda uğurla çıxış edərək sertifikatla təltif olunub.
Hüseyn “Qunduz 2014” Məktəblilər üçün İnformatika və Kompüter Bilikləri üzrə Beynəlxalq Müsabiqəsində də yüksək nəticə göstərərək diploma layiq görülüb. “İnformatika Layihə Olimpiadası 2015”-də isə özünün yaratdığı “Hesablama texnikasının tarixi” adlı animasiya filmi ilə II yeri qazanaraq gümüş medalla təltif olunub.Təqdim etdiyi həmin cizgi filmində “Keçmişə nəzər salaraq gələcəyi dəyişək” devizi altında baş qəhrəman, yəni Hüseynin özü zaman maşınında səyahət edir və hesablama texnikasının daş dövründən başlayaraq bu günə qədər inkişafını öz gözləri ilə görür və sonunda gələcəyə gedib arzuladığı devays şirkətini görür, yeni intellekt ilə işləyən texnikanı orada görərək belə bir nəticəyə gəlir: Keçmişə nəzər salaraq gələcəyi dəyişmək olar.
Ən çox riyaziyyat və informatika fənlərinə maraq göstərir. Boş vaxtlarında proqram yazır, musiqi və təsviri incəsənətlə məşğul olur. Bu sahələrdə keçirilən müxtəlif səviyyəli tədbirlərdə də fəal iştirak edərək bir sıra uğurlara imza atıb. İmkan tapdıqca mütaliə edir, əsasən detektiv və fantastika janrında olan kitablara üstünlük verir.
Sonuncu əldə etdiyi uğurla bağlı təəssüratlarını bizimlə paylaşan Hüseyn qalib olmasını özü və ailəsi üçün gözlənilməz olduğunu bildirdi. O, mükafata layiq görülən proqramı barəsində bunları qeyd etdi: “Təhsil aldığım Bakı Avropa Liseyinin müəllimləri 100 ballıq sistem ilə qiymətləndirmə edirlər və bu qiymətləndirmə xüsusi düstur və məntiqi alqoritm ilə aparılır. Müəllimlərimizin bu yolla qiymətləndirməni aparmasının uzun və yorucu olduğunu görüb proqram yaratmağı qərara aldım. Bu, Bakı Avropa Liseyinin şagirdlərinin yazı və şifahi bonuslarını hesablayan, sonra bu bonusları əsas testin qiyməti ilə toplayan və nəticədə müəllimlərin işini xeyli yüngülləşdirən və vaxtına qənaət edən Windows əməliyyat sistemində dəstəklənən, C++ dilində yazılmış tətbiqi proqramdır. Həmin proqram cəmi 2 saniyə içində həm düsturu hesablayır, həm də məntiqi seçim edir. Qısa bir müddət ərzində demək olar ki, sinifdə bütün şagirdlərin fənn üzrə biliklərinin qiymətləndirilməsi tam başa çatır. Adi qaydada isə qiymətləndirmənin nəticələrini bilməyimiz 1 həftəyə qədər çəkirdi”.
Hüseyn söhbət zamanı bir çox ölkələr içərisindən məhz Azərbaycanın bu beynəlxalq tədbirdə ən yüksək yer tutmasından və əldə etdiyi uğurun məhz onun adı ilə bağlı olmasından qürur duyduğunu dedi.
Bu xoş hadisənin sevincini yaşayanlardan biri - Bakı Avropa Liseyinin direktoru Aygün Mikayılova da Hüseynin təhsil aldığı 7 il ərzində yaşının az olmasına baxmayaraq, intellektual cəhətdən inkişaf etmiş, bacarıqlı, işgüzar, öz bacarıqlarını bölüşməyə hazır olan bir sinif yoldaşı, xeyirxah bir şagird kimi özünü tanıtdığını qeyd etdi. Onun hələ kiçik yaşlarından ibtidai sinifdə oxuyan zaman artıq tədqiqatçılıq işlərinə maraq göstərdiyini, “Gənc eruditlər” klubunun üzvü kimi tədqiqat işi apardığını dedi. Direktor sevimli şagirdi haqqında daha sonra bunları söylədi: “Lisey mühiti, müəllimlərinin onu düzgün istiqamətləndirməsi, dəstəyi və valideyn nəzarəti, himayəsi öz sözünü deyir. Bu məktəb üçbucağının və Hüseynin özünün istedadının, bacarığının nəticəsi hazırda göz qabağındadır. Onun qazandığı uğur yalnız Bakı Avropa Liseyinin deyil, bütün Azərbaycanın fəxr edə biləcəyi bir nəticədir. Mən əminəm ki, Hüseyn gələcəkdə də ölkəmizin adını ən yüksək zirvələrdən səsləndirən bir azərbaycanlı kimi bizim qürur və fəxrimiz olacaq”.
Bakı Avropa Liseyinin İKT üzrə direktor müavini və Hüseynin informatika müəllimi Rahilə Əliyarzadə şagirdinin məhz İKT sahəsində xüsusi fərqlənməsini və “Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl Medalı” ilə mükafatlandırılmasını yalnız müəllim kimi deyil, həm də təhsil aldığı Bakı Avropa Liseyində ona dəstəkləyici mühiti yaradan, daim İKT ilə bağlı gördüyü işləri, layihələri rəğbətləndirən və istiqamətləndirən bir şəxs kimi çox sevindirdiyini söylədi. Rahilə müəllim Hüseyn kimi xüsusi istedada malik olan şagirdlər üçün həm ailədə, həm də oxuduqları təhsil ocağında xüsusi dəstəkləyici mühitin olmasının çox vacib amil olduğunu və şagirdinin belə bir mühiti həm ailədə, həm də təhsil aldığı Bakı Avropa Liseyində gördüyünü dedi. Qeyd etdi ki, Hüseyndə liderlik keyfiyyətləri, komanda ilə işləmə səriştəsi, əməkdaşlıq, bildikləri ilə bölüşmə mədəniyyəti, məsuliyyət hissi və s. bacarıq və səriştələr cəmlənib. Hüseyn Hacıyev İKT sahəsində bir çox yerli və beynəlxalq layihələrdə uğurla iştirak edib və sertifikatlar qazanıb.
Oğlunun əldə etdiyi uğurları ilə fəxr edən anası İlhamə xanım ona belə sevincli anlar bəxş etdiyinə görə Hüseynlə qürur duyduğunu söylədi. Riyaziyyatçı ailəsində böyüyən oğlunda lap körpəlikdən fərqlilik, qeyri-adilik hiss etdiyini deyən anası onun olduqca məsuliyyətli, diqqətcil və çalışqan bir uşaq olduğunu bildirdi.
Bizimlə söhbət zamanı daim ailəsindən böyük dəstək gördüyünü söyləyən Hüseyn ona dərs deyən müəllimlərindən, təhsil aldığı Bakı Avropa Liseyindəki tədris mühitindən də razılıqla danışdı. Hüseyn Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalına layiq görülməsini həyatının ən yaddaqalan məqamlarından biri olduğunu qeyd etdi. İlk növbədə yeniyetmə və gənclərin yüksək bilik və təhsil almaları üçün yaradılan imkan və şəraitə görə dövlət başçısı İlham Əliyevə məktəblilər adından təşəkkürünü bildirdi. Təhsil Nazirliyinə, Müəllif Hüquqları Agentliyinə şagirdlərin yaradıcılıq potensialının, istedad və bacarıqlarının üzə çıxarılmasında, onların beynəlxalq miqyasda tanınmasında göstərdikləri diqqət və qayğıya görə təşəkkür etdi. Əldə etdiyi yaradıcılıq uğurlarında “Microsoft Azərbaycan” şirkəti və İnformatika üzrə olimpiada mərkəzinin də xüsusi rolu olduğunu dedi.
Hazırda Hüseyn Bakı Avropa Liseyinin Kiçik Elmlər Akademiyasının XX konfransına təqdim etmək üçün “Təhsildə proqramlaşdırmanın rolu” mövzusunda elmi işlə məşğuldur. Keçiriləcək İnformatika layihə olimpiadası üçün “Qarabağa qayıdış” adlı oyun üzərində də işləyir.
Hüseynin arzuları olduqca çoxdur. Ən böyük arzusu təhsilini Amerika Birləşmiş Ştatlarının nüfuzlu ali məktəblərindən birində almaq, tanınmış proqramçı olmaq və “Microsoft” kimi bir şirkət yaratmaqdır. Özünün bilik və bacarığına güvənən Hüseyn arzusunun reallaşacağına böyük ümid bəsləyir. Qazandığı bu uğurunu isə gələcəkdə əldə edəcəyi müvəffəqiyyətlərin ilkin başlanğıcı hesab edir.
Samirə KƏRİMOVA,
“Azərbaycan müəllimi”,
s.kerimova@ muallim.edu.az