Tbilisidə müəllif hüquqlarının müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın perspektivləri müzakirə edilib
08.02.2018 [18:26]
Tbilisi, 8 fevral, AZƏRTAC
Fevralın 8-də Tbilisidə “Müəllif hüquqlarının müdafiəsi və bu sahədə əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda müəllif hüquqları və əlaqəli hüquqlar sahəsində beynəlxalq əməkdaşlığın pesrpektivləri, ayrı-ayrı dövlətlərdə ədəbiyyat, mədəniyyət, incəsənət sahəsində çalışan insanların yaradıcılıq əsərlərinin başqa ad altında təqdim olunmasının yaratdığı problemlər, plagiatlığa qarşı birgə mübarizə, bu sahədə qanunvericilik və təcrübə mübadiləsi məsələləri müzakirə olunub.
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin əməkdaşlarının da iştirak etdikləri tədbirdə müəllif hüquqlarının müdafiəsi sahəsində beynəlxalq səviyyədə əməkdaşlığa böyük ehtiyacın olduğu xüsusi vurğulanıb. Bildirilib ki, bu sahədə əməkdaşlıq müəllif hüquqlarının müdafiəsi ilə yanaşı, mədəni müxtəlifliyin də qorunmasında mühüm rol oynayacaq.
Cənubi Qafqazdan, Baltikyanı ölkələrdən və Orta Asiyadan 15 ölkənin nümayəndələrinin iştirakı ilə müəllif hüquqları sahəsində əməkdaşlıq platformasının yaradılması məqsədəuyğun hesab edilib. Əməkdaşlıq platformasının əsas məqsədi iştirakçı ölkələrdəki müəllif hüquqlarının müdafiəsi ilə bağlı mövcud vəziyyəti ortaya qoymaq, qarşılıqlı əməkdaşlıq sahəsində dəyərləndirmələr aparmaq, informasiya mübadiləsini və əməkdaşlığı daha da sürətləndirməkdir.
Layihə çərçivəsində hazırlanacaq hesabatlar və ölkələrin müəllif hüquqları qanunvericiliklərinə istiqamətli məlumatlar bazası da yaradılacaq.
Müəllif Hüquqları Agentliyinin məsul əməkdaşı Nadirə Bədəlbəyli konfransda müzakirə olunan məsələlərin mahiyyətini yüksək dəyərləndirərək deyib: "Azərbaycan müəllif hüquqlarının qorunması ilə bağlı çoxlu işlər görüb. Mükəmməl qanunvericilik bazası yaradılıb. Konfransda da bu məsələ xüsusi qeyd olundu. Düşünürəm ki, bu platformanın da böyük faydası olacaq".
Türkiyə Müəllif Hüquqları agentliyinin sədri Şaban Karataş da konfransın əhəmiyyətini xüsusi qeyd edib. Bildirilib ki, müəllif hüquqlarının qorunması sahəsində Azərbaycan tərəfinin təcrübəsini öyrənmək lazımdır.
Ş.Karataş deyib: “Düşünürəm ki, bizim qarşılıqlı əməkdaşlığımız sənət adamlarının, mədəniyyət və incəsənət xadimlərinin yaradıcılığına layiqli qiymət verilməsində də mühüm rol oynayacaq”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi