Siyavuş Novruzov: "Ermənilərin saxta qeydiyyatlarına qarşı ciddi mübarizə aparmalıyıq"
13 Dekabr 2017 / 12:12
“Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində abidələri öz adlarına çıxarmağa cəhd etməsi ciddi problemlərdir”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Bakıda “Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. O, bildirib ki, ermənilər Azərbaycan ərazilərinə köçdükdən sonra Azərbaycan xalqının və digər xalqların mədəniyyət abidələrini, adət-ənənələrini özününküləşdirməyə başlayıb: “Hesab edirəm ki, tarixi abidələrin qorunması istiqamətində işlər intensivləşdirilməlidir. Biz ermənilərin saxta qeydiyyat aparmasına qarşı ciddi mübarizə aparmalıyıq. Eyni zamanda, müəllif hüquqlarının qorunması üçün qeydiyyat məsələsi vacib əhəmiyyət kəsb edir. Sovet vaxtı qeydiyyatdan keçməmiş hər hansı bir kitab, dərslik və s. nəşr edilə bilməzdi. İndi isə belə deyil. Kim nə istəyirsə, onu da nəşr etdirə bilir. Bir şəxsin kitabını başqa bir şəxs üzlüyü, redaktorların adını dəyişərək öz adına çıxarır. Müəllif isə sübut edə bilmir ki, bu kitab onundur. Əgər həmin kitab ərsəyə gələndə müəllif onu qeydiyyatdan keçirərsə, başqaları ondan istifadə edə bilməz”.