Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Senzura possovet məkanında ilk olaraq Azərbaycanda ləğv edilib


26.01.2018

 

http://veteninfo.com/az/senzura-possovet-mekaninda-ilk-olaraq-azerbaycanda-lev-edilib/#Kalibri

 

 

Fəaliyyətindən, istiqamətindən, hansı mətbuat növü olmasından asılı olmadan, media nümayəndələrinin qoyulan qaydalar əsasında mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən işlər görülür. Hər bir mətbuat orqanına dəstək verilir. Bu sahədə ümumilli lider Heydər Əliyev də böyük işlər həyata keçirib. Senzura possovet məkanında ilk olaraq Azərbaycanda ləğv edilib.

Vətəninfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Siyavuş Novruzov Müəllif Hüquqları Agentliyi (MHA) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə elan etdikləri "İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində deyib.

O, müəllif hüquqları məsələsi ilə bağlı danışaraq, bunun çox vacib olduğunu bildirib:

"Tez-tez Qarabağ məsələsi və əqli mülkiyyətə qarşı əsassız iddialarla bağlı xəbərlərin yayılmasının şahidi oluruq. Milli musiqilərimiz ermənilər tərəfindən oğurlanır. Amma bu əməlləri də hər dəfə ifşa edilir”.

Siyavuş Novruzov qeyd edib ki, Amerikada vətəndaş müharibəsi gedəndə, Azərbaycanda mətbuat olub: "Azərbaycan xalqı hər zaman mətbuata meyilli olub və bütün azadlıqlarından etik çərçivədə istifadə edib".

O qeyd edib ki, Amerikadan və bir sıra Avropa ölkələrindən fərqli olaraq, Azərbaycan öz mətbuatına qayğı göstərir:

"Mətbuatda görürük ki, Avropa ölkələrində stabillik yoxdu. İnternet resurslarının idarəsində də bu özünü göstərir. NATO-nun nəzarətində olan ölkələr özləri belə öz mətbuatlarına dəyər vermirlər. Mətbuat nümayəndələrini və KİV-ləri sıxışdırırlar. Azərbaycanda isə müəllif hüquqlarının qorunmasına hər dövrdə yüksək qiymət verilib. Daxili və xarici islahatlar zamanı buna xüsusi diqqət ayrılıb".

S.Novruzov bildirib ki, bəzi beynəlxalq təşkilatlar mətbuat azadlığına görə Əfqanıstanı belə Azərbaycandan qabaqda göstərir:

"Bu, çox primitiv bir yanaşmadır. ABŞ Dövlət Departamenti Azərbaycanı qeyri-stabil ölkələr sırasında göstərir. Azərbaycana turistlərin gəlməsinə mane olmaq istəyirlər. Azərbaycan necə qeyri-stabil ölkədir ki, ABŞ və Rusiya Baş Qərargah rəisləri məhz Bakıda görüşür?"

Millət vəkili bildirib ki, bu il seçki ili olduğundan belə təxribatlar çox olacaq:

"Azərbaycan xalqı müdrik xalqdır, seçkidə öz seçimini edəcək, kənar müdaxilələrə yol verilməyəcək. Mətbuatın dəstəyi də bu sahədə önəmlidir".