Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

“Sarı gəlin” mahnısı ilə bağlı müəmma aradan qalxdı - MHA açıqladı


Cebhe.info

 

21-05-2018    15:08

 

http://www.cebhe.info/%EF%BF%BDsari-gelin-mahnisi-ile-bagli-muemma-aradan-qalxdi---mha-aciqladi--ozel-99843

 

 

Xəbər verdiyimiz kimi, Türkiyədə yaşayan məşhur balaban ustası olan Əlixan Səmədov "Mədəniyyət" kanalında yayımlanan “Lirika dəftərindən” adlı verilişdə açıqlamasında "Sarı gəlin" mahnısına qadağa qoyulduğunu bildirmişdi. Qadağanın səbəbini isə bu əsərin müəllifinin mübahisəli olması ilə əlaqələndirmişdi.

Cebhe.info-nun mövzu ilə bağlı müraciət etdiyi Müəllif Hüquqları Agentliyindən hazırda bu mövzuda Türkiyə ilə danışıqlar getdiyini vurğulanmışdı.

İndi isə məsələ ilə bağlı Cebhe.info-ya geniş məlumat verən Müəllif Hüquqları Agentliyinin Əqli mülkiyyət obyektlərinin qeydiyyatı və hüquq şöbəsinin müdiri Nadirə Bədəlbəyli bildirib ki, qurumun Azərbaycan xalqına məxsus folklor nümunələrinin, o cümlədən, xalq mahnılarımızın, mənimsənilməsi və özününküləşdirilməsi cəhdləri ilə bağlı tarixi əsaslara söykənən, elmi və etimioloji cəhətdən araşdırılaraq hazırlanmış arayış və şərhləri mütəmadi olaraq kütləvi informasiya vasitələri ilə paylaşdığını və Ümumdünya Əqli Mülkiyyət Təşkilatına hər bir fakt barədə yazılı məlumat verir.

“Qeyd etdiyiniz məsələ ilə bağlı agentlik tərəfindən balaban ifaçısı, Azərbaycan Respublikasının Əməkdar artisti Əlixan Səmədovla telefon əlaqəsi saxlanıldı. Ə. Səmədov bildirdi ki, bu ilin 23 mart tarixində TRT FM radiosunda Erhan Konukun aparıcısı olduğu “Stüdyo Tempo” verilişində dinləyicilərdən “Sarı gəlin” mahnısının ifası xahiş edildi, lakin verilişin redaktorları tərəfindən bu mahnının ifasına qadağa qoyulduğu bildirildi və bu səbəbdən də mahnı ifa edilmədi.

Qeyd edilən məsələnin araşdırılması üçün agentlik olaraq dərhal Türkiyənin Kültür və Turizm Bakanlığının Telif Hakları Genel Müdürlüyü ilə əlaqə saxladıq. Həmin qurumdan bizə bildirildi ki, Türkiyədə “Sarı gəlin” mahnısının istər televiziya kanallarında, istərsə də radio verilişlərində ifası üçün nəinki qadağa, hətta heç bir məhdudiyyət yoxdur. TRT FM radiosunun studiyasında baş verənlər isə texniki səbəblərdən qaynaqlanan bir anlaşılmazlıqdır”.

 

“Patent anlayışı ixtira, faydalı model və sənaye nümunələrinə aiddir”

 

Qurum rəsmisi bildirib ki, Azərbaycan xalqına məxsus olan folklor nümunələri, o cümlədən xalq mahnıları “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” qanunu ilə qorunur və həmin nümunələr patentləşdirilmir: “Azərbaycan xalqına məxsus olan folklor nümunələrinin beynəlxalq səviyyədə qorunması isə “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyanın 15-ci maddəsinin 4-cü hissəsinin “a” yarımbəndinin müddəalarına (müəllifi naməlum əsərlərə münasibətdə hüquqları müdafiə etmək həmin ölkənin müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən həyata keçirilir) uyğun olaraq həyata keçirilir.

Azərbaycan folklorunun, o cümlədən “Sarı gəlin” mahnısının Azərbaycana məxsus olduğunu dünyaya bildirmək üçün, həmçinin mahnının erməniləşdirilməsi cəhdlərinin qarşısının alınması istiqamətində agentlik tərəfindən mütəmadi olaraq beynəlxalq-elmi tədbirlər keçirilir, azərbaycan, rus, fransız və ingilis dillərində onlarla ədəbiyyat nəşr olunub, yayımlanır”. “Ölkəmiz Ümumdünya Əqli Mülkiyyət Təşkilatının folklor nümunələrinin qorunması haqqında konvensiyasının tezliklə qəbulunu vacib hesab edir”.

Bununla yanaşı agentlikdə milli irsimizin xəzinəsi sayılacaq zəngin “Folklor” elektron məlumat bazası yaradılıb. Həmin məlumatları qorumaq üçün tərəfimizdən folklor nümunələrinin qeydiyyatı ilə bağlı qaydalar hazırlanıb. Burada əsas məqsədimiz folklor nümunələrinin “müdafiəli” rejimdə hüquqi cəhətdən qorunmasını təmin etməkdir.

Və ən önəmlisi, ölkəmiz Ümumdünya Əqli Mülkiyyət Təşkilatının folklor nümunələrinin qorunması haqqında konvensiyasının tezliklə qəbulunu vacib 

hesab edir və agentlik bu mövzunu daima gündəmdə saxlayır ki, həmin Konvensiyanın qəbulu folklor nümunələrinin daha da effektiv qorunmasını təmin edəcəkdir.

 

Qeyd: “Sarı Gəlin” mahnısı haqqında məlumat

 

Agentliyin sorğusuna bəstəkar Cavanşir Quliyev tərəfindən verilmiş rəydə  bildirilib ki, “Sarı gəlin” mahnısı “Şur” məqamında yazılıb ki, minlərlə Azərbaycan mahnısı bu məqam üzərində qurulub. Janr etibarı ilə “Sarı gəlin” uzun havadır. “Uzun hava” isə türkdililli xalqların folklorunun tərkib hissəsidir. Janrdan gələn forma quruluşu isə başqa xalq mahnılarından fərqlənir: nəqarət yoxdur. Nəqarətin funksiyasını “Şur” muğamının “Şur-Şahnaz” şöbəsinə edilən modulyasiya icra edir. “Şur-Şahnaz” isə ancaq Azərbaycanda təşəkkül tapmış “Şur” dəstgahının əsas şöbələrindən biridir.

Tədqiqatçı-jurnalist Hikmət Babaoğlunun araşdırmalarına əsasən “Sarı gəlin” mahnısının türk-qıpçaq versiyası da mövcuddur. H. Babaoğlu əldə etdiyi materiallar əsasında “Sarı gəlin” mahnısının sözlərinin Azov dənizinin şimali-qərb sahillərində yaşayan qıpçaqlara məxsus olması barədə fikir söylənilir. Onun yazdığına görə, Qıpçaq versiyası 1800-cü illərin sonunda Ukraynada yaşayan F.A. Nikolayev adlı qıpçağın dilindən qeydə alınıb. Həmin vaxt F.A. Nikolayev kifayət qədər yaşlı idi və o, “öz tilimiz” adlandırdığı qıpçaq dilində ondan sonra kimlərinsə danışacağına ümidini itirdiyi bildirirdi. Tarixdən bəllidir ki, Qafqaz qıpçaqları ilə Dəşti-qıpçaq qıpçaqları arasında etno-mədəni, mənəvi, sosial-iqtisadi və s. əlaqələr vardı. Yəni, Cənubi Qafqazda danışılan bir hekayə, yaxud oxunan bir nəğmə şifahi şəkildə yayılaraq Ukraynaya, Dnepr sahillərinə, hətta Dunay sahillərinə qədər yayılmışdır.

Dr. Kamran İmanovun fikrincə, "Sarı gəlin" sadəcə gəlinin zahiri görünüşünü əks etdirmir, manhının adı həmçinin özündə “bizə doğru gələn” semantikasını da daşıyır. Bundan başqa, Kamran İmanovun “Armiyanskiye inarodnıye skazki” (Erməni yadelli nağılları) kitabında erməni ədəbi oğurluqlarını, o cümlədən “Sari gəlin” xalq mahnısının erməniləşdirilməsi cəhdlərini ifşa edən faktlar toplanılmış və müvafiq beynəlxalq qurumlara göndərilib.

 

Hicranə İsmayılova