Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Şabranda keçirilən beynəlxalq elmi konfransda dünya elm ictimaiyyətinə müraciət qəbul olunub


30.05.2015 [15:33]

Şabran, 30 may, Elxan Yusifli, AZƏRTAC

http://azertag.az/

Mayın 30-da Şabran şəhərində Amerika Birləşmiş Ştatları, İngiltərə və başqa ölkələrin tanınmış universitetlərinin elm adamlarının iştirakı ilə “Şabran tarixdən bu günə və sabaha” adlı beynəlxalq elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Şabran Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi beynəlxalq elmi konfransın iştirakçıları əvvəlcə qədim Şabran şəhərinin qalıqları və ərazidə aparılan qazıntı işləri ilə yaxından tanış olublar.
Arxeoloq Qoşqar Qoşqarlı konfrans iştirakçılarına məlumat verib ki, Şabran şəhərinin adı çox qədim tarixi mənbələrdə qeyd edilir. Şəhərin adına II əsrdə yaşamış məşhur yunan alimi Ptolemeyin əsərində rast gəlmək mümkündür. Arxeoloji qazıntılar Şabran şəhərinin bir vaxt Azərbaycanın inkişaf etmiş iqtisadi, siyasi, mədəni mərkəzlərindən biri olduğunu sübut edir. Yüksək şəhər mədəniyyətinə məxsus olan Şabranda sənətkarlığın müxtəlif sahələri - dulusçuluq, dəmirçilik, misgərlik, zərgərlik, tikinti quruculuğu, hərb sənəti yüksək inkişaf etmişdi. Əlverişli təbii-coğrafi mövqedə yerləşməsi burada iqtisadiyyatın, xalq təsərrüfatının geniş sahələrinin inkişafına şərait yaratmışdı.
Diqqətə çatdırılıb ki, qədim Şabran şəhərinin ərazisi ümummilli lider Heydər Əliyevin 2003-cü ildə imzaladığı Sərəncamla tarix-memarlıq qoruğu elan edilib.
“Şabran şəhəri” Tarixi Qoruğu ilə tanışlıqdan sonra beynəlxalq elmi konfransın iştirakçıları ümummilli lider Heydər Əliyevin Şabran şəhərində ucaldılmış abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Qonaqlar Şabran Tarix-Diyarşünaslıq Muzeyi və Xəqani Poeziya evinə də baş çəkiblər.
Sonra beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, akademiklər Teymur Bünyadov, Nailə Vəlixanlı və Maisə Rəhimova çıxış edərək, beynəlxalq tədbirin əhəmiyyətindən danışıblar. Bildirilib ki, “Şabran şəhəri” Tarixi Qoruğu ilə bağlı aparılan tədqiqatlar istər 677 il mövcud olmuş Şivanşahlar dövlətinin, istərsə də bütövlükdə Azərbaycan və dünya tarixinin daha dərindən öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Beynəlxalq elmi konfransın keçirilməsinin də əsas məqsədi tarixin bu səhifələrinə işıq salmaq, dünya alimlərini bu qədim yaşayış məskəni barədə məlumatlandırmaqdan ibarətdir.
Qeyd olunub ki, qədim Şabran şəhərində aparılan arxeoloji qazıntı işlərinə əsasən, tədqiqatçılar dörd tikinti dövrünü aşkara çıxarıblar. Amma bu tikinti dövrlərindən yalnız ikisi tədqiqatçılar tərəfindən araşdırılıb.
Konfransın gedişində “Azərbaycanda şəhər mədəniyyətinin təşəkkülü və inkişafı”, “Şabran şəhərinin arxeoloji tədqiqatları barədə”, “Şabran tarixi mənbələrdə”, “Qədim Azərbaycan şəhərlərinin qarşılıqlı memarlıq əlaqələri” və digər mövzularda məruzələr dinlənilib.
Konfransda iştirak edən ABŞ-ın Luiziana Tulane Universitetinin professoru Elio Brangafortenin “Orta əsr Avropa səyyahları Azərbaycanın şəhərləri barədə”, İngiltərənin Kembric Universitetinin əməkdaşı İrina Şinairayın isə “Nomadlar və Şirvanın ilk orta əsr istehkamları” mövzusunda məruzələri də elm adamları tərəfindən maraqla qarşılanıb.
Sonda konfrans iştirakçıları adından beynəlxalq elm ictimaiyyətinə müraciət qəbul olunub.