Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizəyə həsr olunan beynəlxalq konfrans yekunlaşıb


14.12.2017

 

Bakı, 14 dekabr, K.Əliyeva, P.İmanova, AZƏRTAC

 

 

Bakıda Müəllif Hüquqları Agentliyi (MHA) və Dünya Əqli Mülkiyyət Təşkilatı (DƏMT) tərəfindən birgə keçirilən “Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə” mövzusunda ikigünlük beynəlxalq konfrans dekabrın 14-də məruzələrin dinlənilməsi ilə işini davam etdirib.

AZƏRTAC xəbər verir ki, MHA-nın sədri Kamran İmanov ikigünlük konfransda təqdim olunan məruzələrin, aparılan müzakirələrin əhəmiyyətini qeyd edib. Bildirilib ki, tədbirdə tanınmış beynəlxalq ekspertlər tərəfindən piratçılığa qarşı mübarizəni gücləndirən yeni yanaşmalar, dünyada olan üsul və metodlar müzakirə ediləcək, bununla yanaşı, Azərbaycan məhkəmə təcrübəsi də diqqət mərkəzində olacaq. Tədbir çərçivəsində müxtəlif mövzularda “dəyirmi masa”lar keçiriləcək. Onlardan biri creativ industriya, yəni müəlliflik hüququna əsaslanan sənayeyə həsr olunacaq. Burada Azərbaycanın böyük nailiyyətləri var.

Qeyd olunub ki, tədbirdə DƏMT-in təmsilçilərinin, tanınmış beynəlxalq ekspertlərlə yanaşı, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan mütəxəssislərin iştirak etmələri mövzunun aktuallığını təsdiqləyir. Konfransın keçirilməsinin əsas məqsədi əqli mülkiyyət hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa qarşı atılan addımlara dəstək verilməsidir.

Daha sonra mütəxəssislərin məruzələri dinlənilib.

DƏMT-in hüquq məsələləri üzrə müşaviri Tomas Dillon “Müəllif hüquqlarına hörmətin aşılanması üçün maarifləndirmə tədbirlər” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, müəllif hüquqlarına hörmət vacib məsələlərdəndir və bu sahədə müxtəlif maarifləndirmə tədbirlərinin aparılması böyük əhəmiyyət daşıyır. Bu tədbirlərə dair qanunvericilikdə də müvafiq müddəalar var. Avropa İttifaqının uzun illərdir ki, elektron kommersiyaya dair direktivləri var ki, burada müvafiq öhdəliklər nəzərdə tutulur. Həmçinin göstərilir ki, bu sahədə siyasəti müəyyənləşdirən qurumlar müdaxilələrin qarşısını almaq üçün qaydalar işləyib hazırlamalıdırlar.

London Hakimlər Palatasının barrister-vəkili Qvillim Harbotl “Müəllif hüquqlarının qorunması üzrə müasir məhkəmə təcrübəsi” məruzəsində sosial şəbəkələrdən istifadə sahəsində Avropa İttifaqının təcrübəsindən danışıb. Bildirilib ki, müəlliflik hüququnu pozanlar birmənalı şəkildə məhkəməyə cəlb oluna bilərlər. Buna görə sosial şəbəkə iştifadəçiləri qoyulan tələblərə ciddi əməl etməlidirlər.

Daha sonra 1 nömrəli Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri Rəşad Rzayevin “Müəllif hüquqları sahəsində Azərbaycan məhkəmələrinin təcrübəsi” mövzusunda məruzəsi dinlənilib. Məruzədə bildirilib ki, müəllif hüququ və əqli mülkiyyət hüququnun qorunmasının təminatını Azərbaycan Respublikasının Əsas Qanunu – Konstitusiya verir. Konstitusiyanın 30-cu maddəsində müəyyən edilib ki, hər kəsin əqli mülkiyyət hüququ var. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur. Konstitusiyanın 60-cı maddəsində isə hər kəsin hüquqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi göstərilir.

Qeyd edilib ki, müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, Müəlliflik Hüququ və Əlaqəli Hüquqlar haqqında Qanundan, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanundan, digər müvafiq normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Beynəlxalq hüquqi aktlar arasında Bern Konvensiyasını xüsusi qeyd etmək lazımdır. Müəlliflik hüququnun və əlaqəli hüquqların pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur. Pozuntuya yol vermiş şəxslər göstərilən məsuliyyət növlərinə məhkəmə qərarları əsasında cəlb olunurlar.

Bildirilib ki, müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozmaya görə qanunvericilik tərəfindən cinayət məsuliyyəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrində müəyyən olunur. Mülki qaydada müəlliflik hüququ və əlaqəli hüquqlar barədə mübahisələrə ümumi yurisdiksiyası olan və inzibati-iqtisadi məhkəmələr baxırlar.

Tədbirdə MHA Aparatının maliyyə-iqtisadi və təchizat şöbəsi müdirinin müavini Rüstəm Ağayevin müvafiq mövzuda çıxışı dinlənilib.

Konfrans çərçivəsində DƏMT-in keçid iqtisadiyyatlı və inkişaf etmiş ölkələr üzrə departamentinin bölmə rəhbəri İlya Qribkovun moderatorluğu ilə “Rəqəmsal mühitdə əqli mülkiyyət hüquqlarının müdafiəsi” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbir iştirakçıları mövzu ətrafında müzakirələrdə iştirak edib, fikirlərini bildiriblər.

İki gün davam edən konfransda maraqlı, aktual mövzulara dair məruzələrin dinlənildiyi, səmərəli müzakirələrin aparıldığı bildirilib. Müəllif hüquqlarının qorunmasına həsr olunan belə tədbirlərin tez-tez təşkil olunmasının vacibliyi vurğulanıb.

Bununla da, “Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə” mövzusunda ikigünlük beynəlxalq konfrans işini yekunlaşdırıb.