Rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizəyə həsr olunan beynəlxalq konfrans davam edir
14.12.2017 [15:00]
Bakı, 14 dekabr, K.Əliyeva, P.İmanova, AZƏRTAC
Bakıda Müəllif Hüquqları Agentliyi (MHA) və Dünya Əqli Mülkiyyət Təşkilatı (DƏMT) tərəfindən birgə keçirilən “Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə” mövzusunda ikigünlük beynəlxalq konfrans dekabrın 14-də məruzələrin dinlənilməsi ilə işini davam etdirib.
AZƏRTAC xəbər verir ki, MHA-nın sədri Kamran İmanov ikigünlük konfransda təqdim olunan məruzələrin, aparılan müzakirələrin əhəmiyyətini qeyd edib. Bildirilib ki, tədbirdə DƏMT-in təmsilçilərinin, tanınmış beynəlxalq ekspertlərlə yanaşı, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan mütəxəssislərin iştirak etmələri mövzunun aktuallığını təsdiqləyir. Konfransın keçirilməsinin əsas məqsədi əqli mülkiyyət hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa qarşı atılan addımlara dəstək verilməsidir.
Daha sonra məruzələr dinlənilib.
Konfransda DƏMT-in hüquq məsələləri üzrə müşaviri Tomas Dillon “Müəllif hüquqlarına hörmətin aşılanması üzrə tədbirlər”, London Hakimlər Palatasının barrister-vəkili Qvillim Harbotl “Müəllif hüquqlarının qorunması üzrə müasir məhkəmə təcrübəsi”, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin sədri Rəşad Rzayev “Müəllif hüquqları sahəsində Azərbaycan məhkəmələrinin təcrübəsi” mövzularında məruzələrlə çıxış ediblər.