Rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizədə Azərbaycan təcrübəsi təhlil edilib
13.12.2017 [10:37]
Bakı, 13 dekabr, K.Əliyeva, P.İmanova, AZƏRTAC
Dekabrın 13-də Bakıda Müəllif Hüquqları Agentliyi (MHA) və Dünya Əqli Mülkiyyət Təşkilatı (DƏMT) tərəfindən birgə keçirilən “Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransda DƏMT-in təmsilçiləri, tanınmış beynəlxalq ekspertlərlə yanaşı, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan mütəxəssislər iştirak edirlər.
Tədbirdə MHA-nın sədri Kamran İmanov bildirib ki, Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan getdikcə yeniləşir, iqtisadi islahatları reallaşdıran, iqtisadiyyatını diversifikasiya edən və innovativ inkişafa yol açan dövlətə çevrilir. 2009-cu ildən başlayaraq Azərbaycan yuxarı-orta gəlirli ölkələr sırasındadır. Bu gün Azərbaycan özünə hörmətlə yanaşan, tərəfdaş dövlətlər arasında etibarlı müqabil adını qazanan, tolerantlıq və multikultural ənənələri ilə səciyyələnən bir ölkədir, nüfuzlu beynəlxalq tədbirlərin məkanıdır.
Qeyd olunub ki, Azərbaycan reallıqları ölkənin qlobal reytinq göstəricilərinin yüksəlməsi ilə müşayiət edilir. Dünya İqtisadi Forumunun 2017-2018-ci illər üçün Qlobal Rəqabətqabiliyyətlilik İndeksinə əsasən, Azərbaycan öz mövqeyini möhkəmləndirərək 37-ci yerdən 35-ci yerə yüksəlib və bu göstəriciyə görə bir sıra inkişaf etmiş ölkələri üstələyərək MDB məkanında şəriksiz liderdir.
Daha sonra K.İmanov “Rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə: Azərbaycan təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə DƏMT-in keçid iqtisadiyyatlı və inkişaf etmiş ölkələr üzrə departamentinin bölmə rəhbəri İlya Qribkovun “DƏMT-in xidmətlərinin ümumi icmalı”, təşkilatın hüquq məsələləri üzrə müşaviri Tomas Dillonun “Əqli mülkiyyət hüquqlarının təminatında balanslaşdırılmış yanaşma”, London Hakimlər Palatasının barrister-vəkili Qvillim Harbotlun “Hüquqi müdafiənin mülki tədbirləri” mövzularında məruzələri dinlənilib.
Konfrans müzakirələrlə davam etdirilib.