Rəqəmli texnologiyaların yeni formatları ədəbiyyatın və dövrü nəşrlərin çapında ixtisaslaşan nəşriyyat sahəsini nəzərəçarpan dərəcədə genişləndirərək, naşirlərə oxucunun yerindən və zövqündən asılı olmayaraq, daha böyük auditoriyaya yol açmışdır
1. 23 aprel – YUNESKO tərəfindən elan edilmiş «Ümumdünya kitab və müəlliflik hüququ Günüdür» və 26 aprel – ÜƏMT-nın bəyan etdiyi «Beynəlxalq Əqli mülkiyyət Günüdür».
Bir ənənəyə çevrilərək, Azərbaycanda 23 aprel Günü 1997-ci ildən və 26 aprel Günü 2001-ci ildən başlayaraq, təntənəli qeyd olunur. Həmin günlər çərçivəsində Müəllif Hüquqları Agentliyi bir sıra aktual mövzululu beynəlxalq, milli konfrans və simpoziumlar, dəyirmi masalar təşkil edir.
Bugünkü ÜƏMT ilə birgə keçirilən tədbir elektron nəşrlərə həsr olunur, elektron kitabın və rəqəmli inqilabın çağırışları, elektron kitabxanalarda yaranan durumla bağlı müəllif-hüquq problemlərinə aiddir.
Aprelin 26-da keçirəcəyimiz tədbirdə isə erməni plagiatını ifşa edən qədim mətnlər və klassik mənbələr haqqında söhbət açılacaq və bir neçə tarixşünaslıq əsərlərindəki yeni məlumatlar çatdırılacaq.
2. Vacib beynəlxalq tədbirin Bakıda keçirilməsi təsadüfi deyil. Ulu öndər tərəfindən bünövrəsi qoyulmuş və Prezident cənab İlham Əliyevin səyləri nəticəsində müəllif-hüquq sahəmiz ÜƏMT ekspertlərinin rəyinə görə, nümunəvi sistemlərdən biridir. 25 ilə yaxın böyük inkişaf yolu keçmiş Azərbaycanın müəllif-hüquq sisteminə qiymət verilərək, Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Rəhbər Koordinasiya və Büdcə Komitələrində təmsil olunmasını, həmkarlarımızın beynəlxalq ekspert səviyyəsində çıxış etməsini və nümayəndəmizin Müəllif hüququna dair ÜƏMT-nin Müqaviləsi Assambleyasının vitse-prezidenti seçilməsini qeyd etməliyik.
Ölkəmiz ən tanınmış beynəlxalq reytinq strukturunun – Dünya İqtisadi Forumunun rəqabətqabiliyyətlilik ilə bağlı Hesabatlarında əqli mülkiyyətin qorunması indeksinə görə son illər MDB məkanında lider mövqeyindədir, Cənubi Qafqazda isə 1-ci yerdədir. Ölkəmizin kreativ iqtisadiyyatının (müəlliflik və əlaqəli hüquqlara əsaslanan sənayemiz) ÜDM-dəki payı 5%-i ötərək, dünyanın orta səviyyəsindədir, hətta bir sıra inkişaf etmiş ölkələri geridə qoyur.
Azərbaycan nadir ölkələrdən biridir ki, dövlət başçısı tərəfindən imzalanmış «Azərbaycan 2020: Gələcəyə baxış» Konsepsiyasında əqli mülkiyyət prioritet istiqamət kimi qəbul edilmiş, həmin unikal sənədin 6 bəndində əqli mülkiyyət sisteminin, həmçinin bir sıra iqtisadi islahatlarla bağlı Yol Xəritələrində, Dövlət Proqramlarında sistemin qarşısında qoyulmuş mühüm vəzifələr öz əksini tapmışdır.
3. Azərbaycan innovativ inkişafa qədəm qoyur, bu isə ƏM-ə diqqətimizin artması deməkdir.
Rəqəmli texnologiyalar tərəqqidə təsəvvür edilməz dərəcədə imkanlar yaradıb. Lakin, baxmayaraq ki, rəqəmli texnologiyaların yeni formatları ədəbiyyatın və dövrü nəşrlərin çapında ixtisaslaşan nəşriyyat sahəsini nəzərəçarpan dərəcədə genişləndirərək, naşirlərə oxucunun yerindən və zövqündən asılı olmayaraq, daha böyük auditoriyaya yol açmışdır, naşirlər qarşısında iki ayrılmaz ideoloji prinsip daim qalmaqdadır: müəlliflik hüququna hörmət və nəşr işində sərbəstlik.
Elektron nəşrlər bazarı son 10 ildə getdikcə genişlənərək, hal-hazırda Avropa bazarında elektron kitab nəşri çap üsulu ilə ümumi nəşrlərin 3%-dən 15%-ə qədərini təşkil edir. Avropa istehlakçılarının əlçatımlığına 2,5 mln. elektron kitab təqdim edilir, bunları almaq, abonent kimi istifadə etmək və axın veriliş rejimində əldə etmək imkanları vardır və bu bazarın dəyəri 114 mlrd. avro təşkil edərək, əyləncə və KİV bazarındakı xərclərin artıq 15%-i ilə ölçülür.
Elektron kitablar çərçivəsində dərsliklər, elmi kitablardan başlayaraq, kulinar və uşaqlar üçün ədəbiyyat əldə etmək mümkündür.
Azərbaycana gəldikdə isə, məlumata əsasən, 7 nəşriyyat, o cümlədən «Bakı», «Qanun», «Altun kitab», «Ali və Nino» və s. elektron kitab nəşr edirlər, 79 jurnal və qəzetlər çap versiyası ilə yanaşı, elektron versiyadan da istifadə edirlər, kitabların elektron satışını təşkil edirlər. Kitabxanalarımız rəqəmləşib.
Xüsusilə Təhsil Nazirliyinin elektron dərsliklərinin İnternetdə açıq (CC – Kreativ Kommons) rejimdə təklif olunduğu qeyd edilməlidir.
4. Sonda qeyd edək ki, konfransın əsas məqsədi müəlliflik hüququna riayət etməklə, elektron nəşrlərə dəstək vermək, elektron kitabxanalardakı yaranan müəllif-hüquq problemlərini müzakirə etmək və qabaqcıl dünya təcrübəsini işıqlandıraraq, Azərbaycanda istifadə etməkdir.
YUNESKO-nun Baş direktoru xanım İrina Bokovanın “Ümumdünya kitab və müəlliflik hüququ Günü” münasibətilə bu ilki müraciətində deyilir ki, həmin gün “inklyuzivlik, müxtəliflik, plüralizmlik, bərabərlik, açıqlıq və bütün vətəndaşların iştirakı prinsipləri üzərində qurulan bilik cəmiyyəti konsepsiyasının populyarlaşmasında kitabların xüsusi əhəmiyyətli rolunu vurğulamaq imkanıdır”.
ÜƏMT-nin bugünkü şüarı isə “İnnovasiyalar: həyat keyfiyyətinin yüksəldilməsi”dir. Bu müraciət və şüar hamıya aiddir, bütün insanlara, o cümlədən 250 min Ermənistandan deportasiya olunan və 750 min öz ölkəmizdə məcburi köçkünə çevrilən azərbaycanlılara.
Zəbt olunmuş torpaqların boşaldılması ilə bağlı beynəlxalq qərarlara məhəl qoymayan işğalçı dövlət sülhü istəmir, yaranan vəziyyəti imkan çərçivəsində uzatmaq istəyir və təəssüflər olsun ki, bu hərəkətinə qərar verən beynəlxalq strukturlar tərəfindən heç bir təzyiqlə qarşılaşmır.
Üstəlik, ərazi iddialarını «əsaslandırmaq» məqsədi ilə maddi və qeyri-maddi mədəni irsimizə təcavüz edilir, «Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsi» davam etdirilir.
Odur ki, liberal dəyərlərə riayət edənlərə ideoloji liberalizmin, liberal hüquq məktəbinin banisi İyeremiya Bentamın sözlərini xatırlatmaq istərdim: «Prinsiplərə və qaydalara riayət etməkdən imtina edən xalqlar gec-tez gücə tabe olmalıdırlar».
20 aprel 2017-ci il