Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

“Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilmişdir


YUNESKO tərəfindən elan edilmiş 23 aprel - “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” hər il ənənəvi olaraq ölkəmizdə təntənəli şəkildə qeyd olunur. “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda builki konfrans Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunur.

Ölkəmizdə həyat sürətlə dəyişir, Azərbaycan yeniləşir və qüdrətlənir. Bunun əsasında innovativ, yeniliklər və islahatlarla zəngin olan və insanlara xidmət edən dövlət siyasəti durur. Bunlar kreativliklə həyata keçirilən Ulu Öndərin varislik yoludur. Ulu Öndərin uzaqgörənliyinin izləri, gələcəyimizə yol açan fikir və düşüncələri bugünkü cəmiyyətimizin ən dəyərli əqli mülkiyyətinə, ictimai rəy və varidatına çevrilib.

Bu gün Azərbaycan bütün sahələrdə parlaq nəticələrə, qələbəyə nail olmuşdur. Bu qələbəni biz bu gün Azərbaycanın beynəlxalq nüfuzunun artmasında, dövlət başçısı cənab İlham Əliyevin son 15 ildə düşünülmüş, müasirləşdirilmiş davamçılıq siyasətinin nailiyyətlərində, yaradıcılıqla həyata keçirilən varislik xəttində görürük, Azərbaycan xalqının cənab Prezidentə olan dərin ehtiram və sevgi duyğularında görürük. Rəhbər şəxsə bu münasibət məşhur kəlamda oduğu kimi desək, «İnsanlar üzərində əsl hakimiyyət yalnız onlara xidmət etməklə əldə olunur». Bunları keçirilən Prezident seçkiləri təsdiqləyir. Müdrik Azərbaycan xalqı öz gələcəyinə böyük ilham və inamla baxır və gələcəyə aparan yol bacarıqlı əllərdədir.

Azərbaycan xalqı Respublika Gününün təntənəli şəkildə qeyd olunmasına hazırlaşır. Bu il Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi xüsusi qeyd olunacaq. Ötən il Respublika Günü qeyd edilərkən, Prezident İlham Əliyev belə demişdi: “...Dünya miqyasında birinci müsəlman demokratik respublikası Azərbaycanda yaradılmışdır. Bu, özlüyündə xalqımızın nə qədər mütərəqqi və istedadlı olduğunu bir daha göstərir...

Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. İki ildən sonra müstəqilliyimiz əlimizdən alınmışdır. Əgər Azərbaycan dövlət müstəqilliyini qoruya bilsəydi, əminəm ki, bu gün Azərbaycan dünya miqyasında ən inkişaf etmiş, ən zəngin ölkələrdən biri olacaqdı. Ancaq xarici müdaxilə nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi”.

Heç kəsə sirr deyil ki, Xalq Cümhuriyyətinin süqutunda kommunist libası geyinmiş erməni millətçiləri – daşnakların əli olmuşdur. Məhz kifayət qədər güclü olmadığımız və erməni-daşnakların ərazi iddialarına son qoyacaqları barədə vədlərinə inandığımız üçün bir sıra ərazilərimiz o zaman ermənilərə verildi. Dövlət başçısının dediyi kimi, «…1918-ci ildə İrəvan Ermənistana hədiyyə kimi verilmişdir». Bu gün qüdrətimizə və iradəmizə əsaslanaraq, dövlət başçısı bəyan edir ki, «Azərbaycan heç bir vaxt imkan verməyəcək ki, bizim tarixi torpaqlarımızda ikinci qondarma erməni dövləti yaradılsın. Elə mövcud olan erməni dövləti bizim torpaqlarımızda yaradılıbdır…».

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayında açıqlanmış fikirlərinin arxasında təcavüzkarlıq meyli yox, haqq-ədalət, beynəlxalq hüquq və tarixi həqiqət durur: «...biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq... Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır... Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq...».

Bügünkü konfransın adı da heç təsadüfi seçilməmişdir. Ötən il «Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya digər xalqların siyasi tarixini, tarixi coğrafiyasını və mədəniyyətini özününküləşdirməklə hay-erməni qədimliyinin qurulma cəhdləri» mövzusunda konfrans keçirilmişdi. Builki konfrans da onun davamıdır və hay-ermənilərin «Armeniya» adlı əraziyə aid çoxsaylı uydurmaları və bu ərazinin həqiqi sakinləri haqqında mövzuya həsr olunur. Konfransda ediləcək bir sıra təqdimatlarda «Armeniya» termininin mənşəyi haqqında məlumatlar veriləcəkdir. Bu məsələyə dair müxtəlif yanaşmaları birləşdirən bir danılmaz fakt vardır ki, o da “Armeniya” haqqındakı bu yanaşmaların bugünkü hay-ermənilərə heç bir aidiyyətinin olmamasıdır.

Qeyd etmək lazımdır ki, hay-erməni tarixşünaslığı haylara məxsus olmayan “armen/erməni” etnonimini və “Arminiya” adlı qədim toponimi  mənimsəyərək, Türkmənçay müqaviləsinin (1828) bağlanmasından  sonra “Şərqi və Qərbi Ermənistan”ın, hətta uydurma “Böyük Ermənistan”ın mövcudluğuna dair tezisləri fəal şəkildə gündəmə gətirməyə başlamışdı. Ermənilərin tirajladığı “Şərqi Ermənistan” bizim tarixi torpaqlarımız – İrəvan xanlığının ərazisi və sonradan hay-ermənilərin könlünü almaq üçün Azərbaycandan qoparılıb Ermənistana verilmiş Zəngəzur qəzası və 1922-ci ildə Göyçə (Şərur-Dərələyəz) torpaqlarıdır, torpaqsız Sovet Ermənistanı məhz bu cür Azərbaycan əraziləri hesabına yaradılmışdır. Sonradan Sovet tarix elminin dəstəyi ilə erməni tarixşünaslığı hayların bu torpaqlardakı qədimliliyinə dair yalan və uydurmaları tirajlamağa başlamış və bu gün bu fəaliyyət daha geniş miqyas almışdır.  

Qafqaz Albaniyasının tarixi, bu torpaqların əzəli sakinləri olan Azərbaycan türklərinin maddi və qeyri maddi mədəni irsi saxtalaşdırılaraq mənimsənilməyə məruz qalmış, hay-ermənilərin bu ərazilərdə avtoxtonluğunu “sübut edən” saxta dəlillər uydurulmuşdur.

Qeyd etmək lazımdır ki, uydurma “parçalanmış erməni torpaqları” “Qərbi Armeniya” cəfəngiyyatı ilə bağlıdır. Bəs “Qərbi Armeniya” nə deməkdir? Ermənilərin iddiasına görə, “Qərbi Armeniya” Türkiyənin tərkibində olan Doğu Anadolu, əsasən Qars vilayəti, “Şərqi və Qərbi Armeniyalar” birgə təxminən xəyali “Böyük Armeniya”nı təşkil edir.

Heç də təsadüf deyil ki, XVI-XVII əsrlərə dair erməni xalqının tarixi adı altında Azərbaycanın Qarabağ, Gəncə, İrəvan, Naxçıvan və Zəngəzur diyarlarının və Qars vilayətinin tarixi təsvir olunur.

“Böyük Ermənistanın” xəyali siyasi sərhədlərini ictimai rəyə yeritməyə çalışanlardan biri - Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru şərqşünas-türkoloq Ruben Safrastyan bu yaxınlarda bəyanatla çıxış edərək, nə az, nə də çox “Türkiyə hakimiyyəti Naxçıvanın hesabına ölkələrinin ərazisini genişləndirməyə ümid edir...” fikrini ortaya atıb.

Bəs bu təxribat xarakterli, yalan və riyakarlıqla dolu məlumat hansı səbəbdən irəli sürülür? Məsələ ondadır ki, Naxçıvan torpaqlarına göz dikən və Naxçıvanla bağlı xəyallarla yaşayan hay-ermənilər Naxçıvanın Azərbaycandan alınmasını çox istəyirlər, özlərinin onu qoparmağa gücləri çatmadığından bunu başqalarının əlləri ilə etməyə çalışırlar. Məsələ bundadır ki, Türkiyə Naxçıvanın statusunu dəyişərsə, 1921-ci il Moskva və Qars sülh müqavilələri pozulmuş sayıla və onların ləğvi üçün hüquqi zəmin yarana bilər. Belə olduqda erməniçilik Naxçıvana qarşı öz ekspansiya iddialarına leqitimlik qazandırma imkanı əldə edə bilər.

Ərazi iddiaları ilə yanaşı, ermənilər tərəfindən əqli mülkiyyətimizin oğurlanmasının  “Azərbaycan mədəni ənənələrini özününküləşdirmək erməni ənənəsinə” çevrilməsi üsulları artıq çoxdan sirr deyil. Rəvayətlərimizi mənimsəmək, bayatılarımızı oğurlamaq, dastanlarımızı özününküləşdirmək üçün türk adlarının və coğrafi adların erməniləşdirilməsi, atalar sözləri və məsəllərimizin erməniləşdirilməsi üçün erməni dilinə, sonra isə digər dillərə tərcümə edilməsi, musiqimizi haylaşdırmaq üçün not şəklinə çevirib nəşr etmək, mətbəximizi, xalçalarımızı özününküləşdirmək ermənilərin gündəlik işinə çevrilmişdir.

Hazırda milli sənət incilərimizin YUNESKO-nun Qeyri-maddi Mədəni İrs nümunələri siyahısına daxil edilməsi üçün ölkəmizdə fəal iş aparılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti hörmətli Mehriban xanım Əliyevanın səyləri nəticəsində 2008-ci ildən başlayaraq bu günə qədər Qeyri-maddi Mədəni İrs inciləri sırasına Azərbaycanın on bir elementi daxil edilib: müsiqi alətlərimiz, xalçamız və aşıq sənətimiz, mətbəximizə aid elementlər və s. Böyük fərəh hissi ilə qeyd etmək lazımdır ki,  YUNESKO-nun siyahısına daxil edilən mədəni irs nümunələrimizin sayı bədnam qonşularımızın qeydə götürülən elementlərinin sayını iki dəfədən çox üstələyir.

Bununla belə, erməni tərəfi bu gün də YUNESKO-nun Mədəni İrs siyahısına daxil etmək üçün Azərbaycan xalqının maddi və qeyri-maddi irs nümunələrinə iddialar irəli sürür, əqli mülkiyyətimizə göz dikir. Belə iddiaların əsassızlığını göstərmək üçün hər birimiz səylərimizi artırmalıyıq. Bugünkü tədbirirn bir məqsədi də bundan ibarətdir.

Konfransda ediləcək qədim mətnlərə, klassik mənbələrə və tanınmış dünya alimlərinin fikirlərinə əsaslanan prezentasiyalarda «Armeniya» termininin toponimik, etnonimik və linqvistik mənşəyi haqqında məlumat veriləcək, onun mənimsənilməsi və XX əsrdən başlayaraq «Hayastan» sözünün sinonimi kimi işlənməsi, “Şərqi Armeniya” və “Qərbi Armeniya” adlandırılan torpaqların hay-ermənilərə aid olmaması, hay-erməni əlifbasının Aran mənşəyi, hayların etnik xüsusiyyətləri, turanlı sülalələrin erməni sülalələri kimi qələmə verilməsi, Azərbaycana aid kitabələrin erməni mətnləri kimi oxunması cəhdləri, ermənilərin Urartu və Armina dövlətlərinin tarix və mədəniyyətinə iddiaları və s. məsələlər geniş şəkildə işıqlandırılacaq, bu mövzulara dair hay-erməni mifologiyasının qonşu xalqların ərazilərini qəsb etməyə və onların mədəni irsinin mənimsənilməsinə yönəldildiyi barədə danışılacaq və ermənilərin bu iddiaları tarixi faktlar və mənbələr əsasında ifşa ediləcək, Azərbaycan həqiqətləri bir daha göstəriləcəkdir.

Cari ildə yaranmasının 25 illiyini qeyd edən Müəllif Hüquqları Agentliyi ölkəmizdə aparılan struktur islahatları çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq öz fəaliyyətini  publik hüquqi şəxs qismində davam etdirir. “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 6 sentyabr 2017-ci il tarixli 1593 nömrəli Fərmanı ilə Müəllif Hüquqları Agentliyinin Nizamnaməsi təsdiq edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 noyabr 2017-ci il tarixli 482 nömrəli Qərarı ilə Müəllif Hüquqları Agentliyinin strukturu və işçilərinin say həddi təsdiq edilmişdir.  

Nizamnaməsinə uyğun olaraq, Agentlik müəlliflik hüququ, əlaqəli hüquqlar, Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrə) və digər qeyri-maddi mədəni irs nümunələrinə, inteqral sxem topologiyalarına və məlumat toplularına əqli mülkiyyət hüquqları sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən publik hüquqi şəxsdir.

Agentliyin fəaliyyətinin təmin olunması məqsədi ilə müəllif-hüquq sahəsində, o cümlədən 5 qanun, Nazirlər Kabinetinin 30-a yaxın qərarları, habelə beynəlxalq və iktərəfli sazişlərdən ibarət  effektiv normativ-hüquqi baza formalaşmış, bu bazanın genişlənməsi və təkmilləşdirilməsi prosesi daima davam etdirilir.

Müəlliflərin və digər hüquq sahiblərinin hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyətə malik olan əsərlərin rəsmi qeydiyyatının həyata keçirilməsi tətbiq edildiyi 1996-cı ildən 2018-ci il 1 yanvar tarixinədək Agentlikdə bütövlükdə 11554 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsi ilə 85 müəllifin 177 əsəri qeydiyyatdan keçirilmişdir.

Həmçinin qlobal rəqəmli şəbəkədə əqli mülkiyyət hüquqları ilə qorunan obyektlərdən istifadə edilməsinə “one-stop-shop” formatında və onlayn qaydada icazə verilməsinə əsaslanan rəqəmli hüquqları idarəetmə sistemi (Digital Right Management) yaradılaraq, tam olaraq istifadəyə verilmişdir. Hazırda bu sistem çərçivəsində elektron bazanın formalaşdırılması üzrə işlər davam etdirilir, artıq Azərbaycan mədəni irsinə aid 2100-ə yaxın mətn, foto, audio, video material rəqəmsallaşdırılaraq, elektron bazaya yüklənmiş və xüsusi qorunma su nişanları ilə təchiz edilmişdir.

İnternetdə rəqəmli hüquqların idarə edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə Agentlik tərəfindən hazırda blokçeyn texnologiyasına əsaslanan xüsusi platforma yaradılır. Məqsəd müasir texnologiyaların tətbiqi yolu ilə hüquqların kollektiv idarəetmədən daha əlverişli və ədalətli olan əsərlərin fərdi idarəedilməsinə qaytarmaqdır. Bu texnologiya vasitəçiləri aradan götürərək, etimadı artırır və piratçılığın qarşısının alınmasına əhəmiyyətli töhfə verir. Blokçeyn texnologiyasının mahiyyəti, tətbiqi mexanizmləri və bundan gözlənilən nəticələr  Agentliyin keçirdiyi “Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə” mövzusunda beynəlxalq konfransda təfsilatlı təqdim edilmiş, həmçinin məsələ ilə bağlı “Rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə: Azərbaycan təcrübəsi” adlı kitab nəşr ounmuşdur.

Agentliyin fəaliyyətində erməni saxtakarlıqlarına və plagiatçılığına qarşı mübarizə əsas yerlərdən birini tutur və bununla əlaqədar  bir çox tədbirlər, o cümlədən beynəlxalq səviyyəli tədbirlər keçirilmiş, çoxsaylı kitablar və digər nəşrlər hazırlanaraq yayılmışdır, erməni saxtakarlıqlarının və ermənilərin mədəni irs nümunələrimizə iddialarının təkzibolunmaz tarixi faktlar və elmi dəlillər əsasında ifşa edilmişdir.

Agentlik ölkəmizdə əqli mülkiyyət mədəniyyətinin formalaşması və bu sahədə maariflənməni təşviq edərək, son nəticədə sahənin ümumi iqtisadi münasibətlər sistemində payının, eləcə də səmərələliyinin əhəmiyyətli dərəcədə artırılması məqsədləri üçün mütəmadi tədbirlər görür. O cümlədən, bunun nəticəsi kimi, ölkəmizin Ümumi Daxili Məhsulunda (ÜDM) müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan kreativ sənayenin payı davamlı olaraq artmışdır. Agentliyin hesablamalarına görə, kreativ sənaye sahələrinin istehsal həcmi 2003-cü ildə olan 220,5 mln. manatdan 2017-ci ilin 1 yanvarına olan vəziyyətə görə 3101,1 mln. manat səviyyəsinə çatmışdır. Qeyd olunan dövrdə ölkənin ÜDM-də müəlliflik hüququna əsaslanan sənayenin xüsusi çəkisi 3.1%-dən 5.1%-ə yüksəlmişdir ki, bu da 2.0%  artım deməkdir. Göstərilən illər ərzində müəlliflik hüququnun əsas istehsal sahələrinin ümumi həcmi 153,3 mln. manatdan 1800,6 mln. manata qədər, yəni 11,7 dəfə artmışdır.

Agentliyin başlıca vəzifələrindən biri kimi Azərbaycan müəlliflərinin və digər hüquq sahiblərinin, eləcə də xalqımıza məxsus qeyri-maddi irsin ölkə hüdudlarından kənarda qorunması məqsədi ilə beynəlxalq əlaqələrinin genişləndirilməsi də xüsusi diqqət mərkəzində saxlanılır. Ölkəmiz Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT-nin) idarəçiliyində olan beynəlxalq müqavilələrin əksəriyyətinə qoşulmuş, həmçinin əməkdaşlıq haqqında digər çoxtərəfli və ikitərəfli, o cümlədən Türkiyə, Ukrayna, Qazaxstanla sazişlər bağlamışdır. Bunların nəticəsi kimi, ÜƏMT və Avropa İttifaqı mütəxəssislərinin rəyinə görə, bu gün Azərbaycan MDB və Şərqi Avropa məkanında əqli mülkiyyət üzrə təkmil milli idarəetmə sisteminə və zəngin qanunvericilik bazasına malik olan ölkələrdən biridir.

2017-ci ildə ÜƏMT üzv-dövlətlərinin Assambleyasının Cenevrə şəhərində keçirilmiş 57-ci toplantısında ÜƏMT-nin rəhbər orqanlarına keçirilən seçkilərdə Azərbaycan ÜƏMT-nin Koordinasiya və Büdcə və Proqram Komitələrinə seçilmiş, Müəllif Hüquqları Agentliyinin nümayəndəsi “ÜƏMT-nin Müəlliflik hüququna dair Müqaviləsi”nin vitse-prezidenti seçilmişdir.