Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Qarabağda 5000-dən kitabxana və 4,6 milyon kitab məhv edilib


20.04.2017

 

http://m.apa.tv/news/39256

 

 

"Beynəlxalq təşkilatların susması nəticəsində maddi və qeyri-maddi irsimizə təcavüz olunur". APA TV-nin məlumatına görə, bu fikirləri Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov Ümumdünya Kitab və Müəlliflik Hüququ gününə həsr olunmuş konfransda bildirib.

 

O, Ermənistanın təcavüzü nəticəsində Dağlıq Qarabağ bölgəsində yerləşən 5000-dən çox kitabxana, o cümlədən 4,6 milyon kitabın yandırılaraq məhv edildiyini açıqlayıb: "Ermənistan bütün qərarlara məhəl qoymayaraq ərazilərimizi boşaltmaq istəmir, yaranmış vəziyyəti hər cür vasitə ilə uzatmaq istəyir".

 

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndəsi isə çıxış edərək, təmsil etdiyi qurumla ölkəmiz arasında uğurlu əməkdaşlığın mövcud olduğunu, bu əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, bəzi radikal qruplar ölkəmizdən öz məqsədləri üçün istifadə etməyə cəhd edir: "Bu dini radikal qrupların əli ilə terror törədilir və s. Bunların təbliğində əlbəttə ki, kitab və informasiya çox böyük yer tutur".

 

Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, indiyədək ölkəmizdə əqli mülkiyyət hüququnun qorunması sahəsində bir sıra mühüm addımlar atılıb, dünya təcrübəsinin öyrənilməsi sahəsində fəaliyyət həyata keçirilib.

 

Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov isə diqqəti bir daha erməni işğalı faktoruna yönəldib: "Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin 5000-dən çox kitabxanası yerlə-yeksan olunub. Kitabxanalar da, kitablar da yoxdur.Bu, çox faciəli bir məsələdir".

 

Konfrans öz işini müzakirələrlə davam etdirib.