Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Prezident İlham Əliyev Müəllif Hüquqları Agentliyi ilə bağlı Fərman imzaladı –Qurum yenidən təşkil olunacaq


6 Sentyabr 2017 - 18:28

 

http://strateq.az/xeber/195687/prezident-ilham-%C9%99liyev-mu%C9%99llif-huquqlari-agentliyi-il%C9%99-bagli-f%C9%99rman-imzaladi.html

 

 

Prezident İlham Əliyev Müəllif Hüquqları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.

 

Fərmana əsasən Müəllif Hüquqları Agentliyinin Nizamnaməsi” təsdiq edilib. Müəllif Hüquqları Agentliyində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi Prezidentə  həvalə edilib. Prezident Agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi, icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Agentliyin yenidən təşkili və ləğv edilməsi səlahiyyətinə malkdir.

Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi əsasında publik hüquqi şəxs statuslu Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzini yaratmalı və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Fərmanda qeyd olunur ki, Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 1.000.000 (bir milyon) manat təşkil edir.

Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədi ilə İdarə Heyəti yaradılır. Agentliyin İdarə Heyəti sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, habelə onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

Agentlik dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etməlidir.