Pozulmuş hüquqların müdafiəsi
Hamılıqla qəbul olunan dünya praktikasına və Azərbaycan qanunvericiliyinə uyğun olaraq, müəlliflik hüququ və əlaqəli hüquqların müdafiəsi Azərbaycan Respublikasının məhkəmə orqanlarının səlahiyyətlərinə aiddir. Hüquqların müdafiəsinə dair müddəalar müəlliflik hüququ qanununun V bölməsi ilə yanaşı yeni, 2001-ci il sentyabrın 1-dən qüvvəyə minən mülki, mülki-prossesual, cinayət məcəllələrində, habelə inzibati hüquq pozuntuları məcəlləsində öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, hazırda intellektual mülkiyyət hüquqlarının pozulmasına görə məsuliyyət mülki, cinayət və inzibati xarakterli cəzalar nəzərdə tutur.
Hüquqi tətbiqlə bağlı olan həmin funksiyaların təmin edilməsi respublikanın məhkəmə sistemi və hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilir.
Agentlik piratlığa qarşı mübarizəyə dair məqsədli kompleks proqram işləyib hazırlamışdır. Həmin proqramda məhkəmə və gömrük sistemlərinin müdafiə vasitələrini inkişaf etdirməklə bərabər, istehsalçıların məhsullarının texniki müdafiə vasitələri sahəsində və müəlliflik hüququ xidmətilə səlahiyyətli hüquq-mühafizə orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsi üzrə tədbirlər nəzərdə tutulmuşdur.
Bunlara uyğun olaraq, Agentlik qanuni yolla buraxılan fonoqram və video məhsullarının identifikasiyası sisteminin tətbiq olunması layihəsini işləyib hazırlamışdır, müntəzəm olaraq bazarın monitorinqi keçirilir, qanun pozuntuları sistemləşdirilir və onlar haqda məlumat bazası hazırlanır, lazımi məlumatlar müvafiq səlahiyyətli orqanlara çatdırılır.
Müəlliflik və əlaqəli hüquqların pozulması ilə bağlı son vaxtlarda bütün mülki məhkəmə prossesləri Agentliyin iddiasına əsasən qaldırılmışdır. Bununla yanaşı, öz hüquqlarını müdafiə etmək üçün inzibati qaydadan istifadə edən hüquq sahiblərinin təkcə 2001-ci ildə onlarla müraciəti Müəllif Hüququ Agentliyində tərəflərin qarşılıqlı razılığa gəlməsi əsasında həll edilmişdir.
Hüquq pozuntularının qarşısının alınmasında agentliyin bir fəaliyyəti də ictimai ittihamla bağlı olmuşdur. 2001-ci ildə Agentliyin nümayəndələri 3 dəfə birinci iinstansiya məhkəməsində, 3 dəfə iqtisadi məhkəmədə və 1 dəfə Apellasiya Məhkəməsində iddia ilə və yaxud ekspert kimi çıxış etmişlər.
Bazar üzərində müntəzəm keçirilən monitorinqlər təxminən 60-75 obyektdə 3,5 min addan çox kasseti, 1,2 min addan çox videokasseti və təqribən 650 adda CD-ni, 200-dən çox efir verilişini və təxminən 150 adda nəşr məhsulunu əhatə etmişdir. Müşahidələr nəticəsində üzə çıxarılan qeyri-qanuni məhsullar beş tip üzrə sistemləşdirilmişdir:
- iri partiyalarla hazırlanmış xarici mənşəli piratçılıq məhsulları (təkrar istehsal və yaxud idxal hüquqlarının, habelə, bir qayda olaraq xarici hüquq sahiblərinin yayım hüquqlarının pozulması);
- milli müəlliflərin və ifaçıların, bir qayda olaraq, sanksiyalaşdırılmamış ifa yazılarından, (konsert meydanlarından, radio efirindən və televiziya verilişlərindən), kinofilmlərdən və s. ibarət olan yerli piratçılıq məhsulları;
- qanunauyğun istifadə olunmuş əsərlərin piratçılıq «pərsəng»ləri;
- fonoqram istehsalçıları və ifaçıların «qanuni», amma müəllif hüquqlarının pozulması halında məhsulları;
- kiçik tirajla «ev» avadanlığında hazırlanan lisenziyalaşdırılmamış «toplular» və yaxud kompilyasiyalar.
Monitorinqlərin nəticələri, ayrı-ayrı hüquq sahibləri və onların birliklərinin müraciətləri əsasında 2001-ci ildə Agentliyin nümayəndələri polis orqanlarının keçirdiyi 6 reyddə ekspert kimi iştirak etmiş və müsadirə olunmuş 271 videokasset, 48 kompakt-disk, 90 CD, 166 kitab və jurnal üzərində ekspertiza aparmışlar.
Hüquq mühafizə orqanlarının sorğusuna əsasən DİN-nə 4, Azərbaycan Respublikası Prokurorluğuna 1, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına 1 ekspert rəyi göndərilmişdir.
K.İmanov, 2005