Piratçılıq və kontrafaktçılığa qarşı mübarizə mövzusunda beynəlxalq konfrans
14.12.17
https://525.az/site/?name=xeber&news_id=91245#Kalibri&gsc.tab=0
KAMRAN İMANOV: "ERMƏNİ PLAGİATININ KÖKLƏRİ ƏRAZİ İDDİALARI İLƏ BAĞLIDIR"
Dünən Bakıda Azərbaycanın Müəllif Hüquqları Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə təşkil etdiyi "Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Azərbaycanla yanaşı, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan mütəxəssislərin iştirak ilə keçirilən tədbirin əsas məqsədi əqli mülkiyyət hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa qarşı atılan addımlara dəstək verməkdir.
Açılış mərasimində çıxış edən Müəllif Hüquqları Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov qeyd edib ki, prezident İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan getdikcə yeniləşir, iqtisadi islahatları reallaşdıran, iqtisadiyyatını diversifikasiya edən və innovativ inkişafa yol açan dövlətə çevrilir: "Ölkəmiz yuxarı-orta gəlirli ölkələr sırasındadır. Bu gün Azərbaycan etibarlı tərəfdaş, tolerant və multikultural ənənələri ilə nümunəvi xarakter daşıyan dövlət, nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi unikal məkandır".
K.İmanov bildirib ki, texnoloji dəyişikliklərin sürətlə getdiyi hazırkı dövr əqli mülkiyyət hüququ istiqamətində də qarşıya bir sıra çağırışlar qoyur: "Yaranan yeni reallıq bütün sahələrdə rəqəmsal inqilabın nəticələrini nəzərə almaq zərurətini ortaya qoyur. Rəqəmli məkanda informasiya axını həndəsi proqressiya sürəti ilə artır. Bu şəraitdə əqli mülkiyyət dövriyyəsinə aid üsullar və alqoritmlər, hüquqların müdafiəsi ilə bağlı ənənəvi tədbirlər rəqəmli mühitdə mexaniki surətdə tətbiq oluna bilmir. Üstəlik, qorunan ənənəvi əsər və rəqəmsal şəkilə çevrilən - qorunan kontent arasında fərq var. Bir tərəfdən kontent informasiya təbiətinə görə özünə xas olan dövriyyəni təşkil edir və qaydalarla yaşayır. Digər tərəfdən isə müəlliflik hüququ ilə qorunan əsərin forması zəifləyir və kontentin mahiyyətinə uyğun olaraq əsərin məzmunun rolu artır".
Agentlik sədrinin sözlərinə görə, beynəlxalq səviyyədə piratçılığa qarşı mübarizə illər boyu gedir, lakin dünya miqyasında həyata keçirilən tədbirlər, o cümlədən, hüquqi addımlar hələlik istənilən səmərəliliyi təmin etmir: "Beynəlxalq Ticarət Palatası tərəfindən yaradılan Piratçılığa və kontrafaktçılığa qarşı Biznes-Koalisiya (BASCAP) və Əmtəə Nişanları üzrə Beynəlxalq Assosiasiyanın (İNTA) 2017-ci ildə həyata keçirdiyi tədqiqatlara əsasən, 2011-ci ildə pirat və kontrafakt məhsulların həcmi ildə 650 milyard dollara çatırdısa, 2015-ci ilə bu rəqəm 1,8 trilyon dollara qədər artıb. Musiqi və softverdə olaraq rəqəmli piratçılığın həcmi isə həmin müddətdə 213 milyard dollarıydısa, 2022-ci ildə 856 milyard dollara çatması gözlənilir. Rəqəmli piratçılığın ən çox yayılmış üsulu P2P şəbəkələridir. 2015-ci ildə bu şəbəkə vasitəsilə 47,8 milyard qeyri-qanuni film yüklənməsi müşahidə olunub. BitTorent şəbəkəsi vasitəsilə isə 2015-ci ildə 27,4 milyard qeyri-leqal müsuqi treklərinin yüklənməsi aparılıb".
K.İmanov deyib ki, ölkə miqyasında aparılan islahatlar əqli mülkiyyət sahəsinə öz müsbət təsirlərini göstərir: "Rəqabətqabiliyyətlilik indeksinin "Əqli mülkiyyətin qorunması" alt göstəricisi üzrə Azərbaycan 4,8 bal toplayaraq 37-ci yeri tutur. Bununla da ölkəmiz ötən dövrlə müayisədə "Əqli mülkiyyətin qorunması" göstəricisi üzrə tutduğu 71-ci yerdən 34 pillə yüksələrək, MDB ölkələri sırasında lider mövqeyini möhkəmləndirib".
Agentlik sədri onu da bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan institusional islahatlar nəticəsində Müəllif Hüquqları Agentliyi yeni statusla fəaliyyətini davam etdirir: "Agentlik dövlət başçısı tərəfindən təsis edilən, dövlət və ictimai əhəmiyyət kəsb edən, işçiləri dövlət qulluqçularına bərabər tutulan və mərkəzi icra hakimiyyəti orqanı statusunda təminatları olan, əqli mülkiyyət hüquqları sahəsinin inkişafı təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən publik hüquqi şəxsdir. Müəllif Hüquqları Agentliyinin hüquq sahiblərinə əsərlərin istifadəsi ilə bağlı həyata keçirdiyi fəaliyyətin başında ölkə rəhbərinin formalaşdırdığı sosialyönümlü siyasət durur. Bu isə o deməkdir ki, müəllif qonorarlarının ödənilməsi prosesi vaxtında dəqiq və şəffaf formada icra olunmalıdır. Əsərlərin istifadəçi təşkilatlar tərəfindən qonorar ödəmədən yayılmasına qarşı və mütləq şəkildə müəlliflərin haqqına hörmətlə yanaşılmasına hökumətin yenilənmiş qərarı xidmət edir. Bu qərar müəllif əsərlərinin bütün istifadə məkanlarına aiddir".
Azərbaycana məxsus olan bir çox musiqi, sənət əsərləri, milli mətbəx nümunələrinin ermənilər tərəfindən mənimsənilməsindən danışan K.İmanov qeyd edib ki, əcdadlarımızın bizə vəziyyət etdiyi zəngin mədəni irsin təhriflərdən, mənimsənilmə cəhdlərindən müdafiə məsələsi bu gün maddi-mənəvi dəyərlərin qorunması çərçivəsindən çıxaraq, siyasi-hüquqi problemə çevrilib: "Maddi-mənəvi dəyərlərin, qədim mədəniyyət nümunələrinin mənimsənilməsi faktları qloballaşma prosesini müşayyiət edən "zərərsiz plagiat" cəhdləri kimi dəyərləndirilməməlidir. Bu gün ermənilər tərəfindən qonşu xalqlara, xüsusən azərbaycanlılara xas qədim abidələrin, folklorun, xalq musiqisinin, mətbəx nümunələrinin, xalçaların, rəqslərin, eləcə də musiqi alətlərinin məqsədli şəkildə mənimsənilmə cəhdləri heç də "mədəniyyətlərarası inteqrasiya prosesi"nin təzühürü deyil. belə səylərin arxasında siyasi məqsədlər dayanır. Ermənilərin əsas məqsədi azərbaycanlılara məxsus maddi və qeyri-maddi mədəniyyət irsini, folklor nümunələrini mənimsəməklə, guya Cənubi Qafqaz regionunda "ən qədim xalq" olmağı göstərmək və "Böyük Ermənistan" xülyasının gerçəkləşdirilməsinə dair saxta "faktoloji materiallar" toplamaq və bu barədə beynəlxalq ictimaiyyətdə yanlış rəy yaratmaqdır. Bir sözlə, erməni plagiatının kökləri ərazi iddiaları ilə sıx əlaqəlidir. Onlar işğal etdikləri Azərbaycan torpaqlarını imkan çərçivəsində özlərində saxlayaraq, digər torpaqlara da göz dikmək istəyirlər. Bu, çox təhlükəli tendensiyadır. Ona görə də, hay-erməni saxtakarlıqlarını, uydurmalarını və erməniçilik mifomaniyasını qədim mətnlər və klassik mənbələrdəki tarixi sübutlarla, elmi dəlillərlə və danılmaz faktlarla ifşa etmək missiyası davam etdirilməlidir".
Daha sonra çıxış edən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Keçid iqtisadiyyatlı və inkişaf etmiş ölkələr üzrə departamentin bölmə rəhbəri İlya Qribkov qeyd edib ki, informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə müəllif hüquqlarının qorunması məsələsi aktuallığını daha da artırır: "Təəssüflər olsun ki, bu gün biz dünyada, xüsusilə rəqəmsal mühitdə kontrafaktçılıq, piratçılıq kimi mənfi halların - hüquq pozuntularının şahidi oluruq. Bu sahədə olan boşluqların aradan qaldırılması Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzərinə düşən vacib missiyadır.
Milli Məclisin deputatı Siyavuş Novruzov isə çıxışında bildirib ki, əqli mülkiyyət hüququnun qorunması, piratçılıqla mübarizə sahəsində ciddi fəaliyyət aparılmalı, yaradıcı insanların qarşısında maneə kimi dayanan bütün bu mənfi tendensiyaların qarşısı qətiyyətlə alınmalıdır.
Çıxışlardan sonra tədbir məruzələrlə işini davam etdirib.
Qeyd edək ki, ikigünlük konfrans bu gün başa çatır.
Ceyhun ABASOV