Pirat proqram təminatı kiberhücumlara təkan verir
15.07.2015
http://hafta.az
Ölkəmizdə hər həftə 2 min kompüter virusa yoluxur və Azərbaycanda hər il kiberhücumların həcmi 30 faiz artır
Uzun illərdir Azərbaycanın rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində yüksək templi inkişaf müşahidə olunur. Ancaq əldə olunan çoxsaylı uğurlara baxmayaraq, çözülməsi gərəkən problemlər də kifayət qədərdir. Xüsusilə də informasiya təhlükəsizliyinin qorunub saxlanılmasında yaşanan çətinliklər, kibercinayətkarlığa qarşı aparılan mübarizənin yüksək səviyyədə effekt verməməsi, dəfələrlə kiberhücumlar nəticəsində kommersiya, bank və digər xarakterli məxfi məlumatların oğurlanması və sair dünyanın bir çox ökələrində olduğu kimi, Azərbaycanda da mövcuddur.
«Həftə içi»nin bu istiqamətdə apardığı araşdırmalar nəticəsində məlum olub ki, son zamanlar ölkəmizdə məlumat itkisi ilə üzləşənlər də var. Hətta lisenziyalaşdırılmamış proqram təminatından, pirat məhsullardan istifadə riskli bir məsələyə çevrilib. Məhz bunun nəticəsidir ki, hakerlərin kommersiya məlumatlarına çıxış əldə etmələri mümkünləşir. Əksər kompüter və internet istifadəçiləri, eləcə də təxminən 45-50 faiz təşkilatlar və şirkətlər məlumat itkisinə görə narahatlıq keçirirlər. Araşdırma nəticəsində öyrənmişik ki, son illərdə Azərbaycanda istifadə olunan kompüterlərin sayı ilbəil artmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə fəaliyyət göstərən müəssisələr internetə çıxışı olan kompüterlərin sayı 2005-ci ildə 9565 ədəd olduğu halda, 2013-cü ildə bu göstərici 137 min 537 ədəd olub. Komitənin digər bir məlumatına istinadən, respublika üzrə internetə qoşulmuş kompüterlərin sayı 2011-ci ildə 18 min 524 ədəd olduğu halda, 2013-cü ildə bu cür kompüterlərin sayı 26 min 421 ədəd təşkil edib. Bu il isə internetə çıxışı olan kompüterlərin sayı 150 min ədədi ötüb. Bundan başqa, təxminən 100-150 mindən artıq fərdi qaydada, yəni rəsmi qeydiyyatı aparılmamış kompüterlərdən istifadə olunması barədə də məlumatlar yayılır. Haqqında bəhs edilən kompüterlərin təxminən 70-80 faizində isə lisenziyadan kənar proqram təminatı quraşdırılıb.
Aparılan təhlillər onu da göstərir ki, 2007-ci ildən Azərbaycanda piratlıq səviyyəsi 92 faizdən 85 faizədək azalıb. Lakin lisenziyalaşdırılmamış kompüter təminatından istifadənin təhlükəsi hələ də yüksək olaraq qalmaqdadır. «Hewlett Packard» şirkətinin Mərkəzi, Cənub-Şərqi Avropa, Rusiya və MDB ölkələrində informasiya təhlükəsizliyi məhsulları üzrə biznes-meneceri Mirko Şnayderin fikrincə, son zamanlar Azərbaycanda informasiya təhlükəsizliyi məsələsinə xüsusi diqqət artırılsa da, ölkəmizdə əlavə proqramların təhlükəsizliyinin təmin edilməsi Qərbi Avropa ölkələri ilə müqayisədə zəif təmin edilib. Onun sözlərinə görə, Mərkəzi və Şərqi Avropa regionunda, o cümlədən, Azərbaycanda proqram təminatı ilə bağlı risklərin qarşısının alınması məsələsinin həllində sistemli yanaşmaya ehtiyac var.
Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovun fikrincə, informasiya təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsinin dövlət siyasətinin prioritet məsələlərindən biridir və bu istiqamətdə məqsədyönlü işlər aparılır. Onun dediyinə görə, informasiya təhlükəsizliyinin təmin olunması üçün dövlətin, xüsusən də cəmiyyətin intellektual potensialının səfərbər edilməsi vacibdir: «Azərbaycanda internet azad olduğu üçün internetdən istifadə sıxlığının sürətlə artdığı bir dövrdə kibertəhdidlər qaçılmazdır. Ölkəmizdə hər həftə 2 min kompüter virusa yoluxur və Azərbaycanda hər il kiberhücumların həcmi 30 faiz artır. Bütün bunlar informasiya cəmiyyətini kibertəhlükəsizliyi, informasiya təhlükəsizliyini daha da möhkəmləndirməyə vadar edir. Azərbaycanda qlobal məkanın fəal iştirakçılarından biri kimi bu istiqamətdə həyata keçirdiyi qabaqlayıcı tədbirləri intensivləşdirib».
AMEA-nın akademik katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev isə bildirir ki, XX əsrin sonu - XXI əsrin əvvəllərindən başlayaraq bəşəriyyət qarşısında mövcud olan təhlükələrin sırasına informasiya təhlükələri də daxil olub. Qısa zaman intervalında internetin bəşəri dəyərlərinin formalaşması və kristallaşması olduqca çətin prosesdir. İnformasiya təhlükəsizliyinin təmin olunması üçün dövlətin həyata keçirdiyi tədbirlərlə yanaşı, elmi ictimaiyyətin də fəal iştirak və müdaxiləsi tələb olunur: «İnformasiya texnologiyalarının inkişafı cəmiyyətin həyatının, demək olar ki, bütün sahələrində yalnız müsbət deyil, həm də mənfi nəticələr doğurur. Bu səbəbdən informasiya təhlükəsizliyi məsələsinə qlobal problem kimi yanaşmaq və informasiya təhlükələri ilə mübarizəyə hazır olmaq zəruridir. Ölkə səviyyəsində qurulan milli strategiya informasiya təhlükəsizliyi sisteminin ən mühüm alt sistemlərindən biri də böyük imkanlara malik CERT şəbəkəsidir. Ölkə üzrə rast gəlinən təhlükələr haqqında bilgilər CERT çərçivəsində bir yerə toplanmalı, analiz edilməli, araşdırılmalı və onlara qarşı mexanizmlər təklif olunmalıdır. İnformasiya təhlükələrinə qarşı ən səmərəli strategiyalardan birinin vətəndaşlarda informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılmasıdır. Bunun üçün informasiya təhlükəsizliyi sahəsində kadr hazırlığına xüsusi diqqət ayrılmalı, Azərbaycan dilində kitab və dərsliklər hazırlanmalı, müntəzəm olaraq konfranslar, seminarlar, dəyirmi masalar təşkil olunmalı, kütləvi təbliğat aparılmalıdır».
“Microsoft” şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin baş direktoru Rüfət Hacıəlibəyov isə düşünür ki, Azərbaycanda lisenziyalı proqram təminatının istifadəsi səviyyəsi MDB məkanında yüksəkdə olsa da, dünya miqyasında çox azdır və yerli bazarda piratçılığın səviyyəsinin iki il ərzində, 87 faizdən 85 faizədək, cəmi 2 faiz azalması yetərli deyil. Onun dediyinə görə, Gürcüstan bu cəhətdən bizi geridə qoyaraq bir ay bundan öncə hökumət qurumlarının tam şəkildə lisenziyalı proqram təminatına keçirilməsi ilə bağlı saziş imzalayıb və MDB-də hökumət qurumlarını leqallaşdırılmış proqram təminatına keçirmiş yeganə ölkə olub: «Azərbaycan isə bir çox ölkələrdən bir çox göstəricilərə görə öndə olmasına baxmayaraq, bu seqmentdə regionda geridə qalıb. İlk növbədə istifadə edilən proqram təminatının leqallaşdırılması lokal proqram təminatı istehsalçılarının hüquqlarının qorunmasını təmin edəcək. Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə əsasən, bu gün Azərbaycanda hətta dövlət qurumları proqram təminatı olmayan kompüterlər sifariş edir və nəticədə, misal üçün, hər 100 kompüterə beş lisenziyalı proqram təminatı almaqla kifayətlənirlər ki, xərclərinə qənaət etsinlər. Belə halların mövcudluğu isə ölkədə piratçılığın qarşısının alınmasına və informasiya təhlükəsizliyinin təmin edilməsinə maneə törədir. Ona görə də dövlət qurumlarının tam lisenziyalı proqram təminatına keçidini təmin etmək məqsədilə şirkətimiz Müəllif Hüquqları Agentliyi ilə birgə dövlət qurumlarının mütləq şəkildə lisenziyalı proqram təminatı ilə təchiz edilmiş kompüterlərin alınması təşəbbüsü ilə çıxış edib».
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov hesab edir ki, dövlət orqanlarının və təhsil sistemi müəssisələrinin tam lisenziyalı proqram təminatına keçməsi ilə bağlı müvafiq dövlət orqanları tərəfindən görülən işlər sürətləndirilir.
Onun dedyinə görə, adıçəkilən agentlik sədri qeyd edib ki, mərkəzi icra hakimiyyəti orqanlarında və orta təhsil məktəblərində lisenziyalı proqram təminatı məsələləri artıq həll edilib: «Bu sahədə müvafiq tədbirlərin görülməsində Müəllif Hüquqları Agentliyi tərəfindən öz səlahiyyətləri daxilində müvafiq qurumlara hər cür kömək göstərilir və gələcəkdə də göstəriləcək».
Təbriz Vəfalı