Özgə havasına oynamağı sevən oğru qonşumuz: Hədəfdə “Köçəri” rəqsi
1 İyun 2015 - 16:37
http://publika.az/p/94951
http://baymedia.az/news.php?id=53254#.VW1AKM_tmkp
Saxtakar ilə qonşu olmaq böyük dərddir. Hələ bu qonşu oğrudursa, məsələ bir az da qəlizləşir. “Qonşun pisdi, köç qurtar” misalı da burada işə yaramır. Söhbət torpaqlarımızın 20 faizə qədərini işğal etmiş, indi də mənəvi istila ilə məşğul olan ermənilərin növbəti hədəf kimi milli rəqslərimizi seçməsindən gedir. Bir neçə gün öncə Rusiyanın Rostov Don şəhərində 1500-dən çox erməni əl-ələ verərək 30 dəqiqə “Köçəri” yallısı oynayıb. Gənclərdən, uşaqlardan, yaşlılardan ibarət dəstəyə Ermənistanın baş konsulu Ararat Qomsyan və Naxiçıvan-Don erməni icmasının başçısı Arutyun Surmalyan qoşulub. Ermənilərin bu aksiyanı keçirmələrinə səbəb “Köçəri” yallısını erməni rəqsi kimi YUNESKO-nun qeyri-maddi irs siyahısına salmaq olub. Bu dəfə oğru qonşularımız Ermənistan SSR-də yaşayan yerli türk əhalinin toylarının əsas musiqisi olan, xüsusən də, Qərbi Azərbaycanda - İrəvan çuxurunda, Ağbabada və Göyçə mahalında yaşayan türklər tərəfindən ifa edilən tarixi Azərbaycan rəqsini ələ keçirmək istəyirlər.
İbtidai insanın uçmaq istəyindən yaranan yallı
Ekspertlər hesab edirlər ki, xalq rəqslərindən olan yallıların mənşəyi və yaşı dəqiq müəyyənləşdirilməyib. Rəqsin ən qədim və geniş təsvirinə Qobustan, Gəmiqaya qayaüstü rəsmlərində, daha sonra isə Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında rast gəlinir. Digər xalqlarda da yallıya bənzər rəqslər mövcuddur. Lakin yallılar türk xalqlarının rəqs sistemi hesab edilir. Yallılar ibtidai insanların uğurlu ovdan sonra od ətrafında keçirdiyi şadlığın rəmzidir. Ova gedərkən sıra ilə gedib cəngəlliklərdə yolaçma yozumu var. Ona görə də "yollu" adlandırılıb. Rəvayətə görə, bu rəqs forması ibtidai insanların uçmaq istəyindən yaranıb. Belə ki, bu, insanların yel əsdiyi zaman dağın zirvəsinə qalxaraq əl-ələ verib uçmağa hazırlaşmalarının simvolik olaraq göstərilməsidir.
Mütəxəssislərin fikirlərinə görə, Azərbaycanın milli rəqsi “Yallı”nın bir növü olan “Köçəri” sözünün azərbaycanca mənası bir yerdə qərar tutmayan, tez-tez yerini dəyişən deməkdir. Bu amil rəqsin də gedişində özünü göstərir. Belə ki, rəqs edənlər bir-birlərinin kəmərlərindən tutaraq, dairəvi yallı gedirlər. Rəqs ritmikdir, əsasən balaban və nağara çalınır. 2/4 ritmində oynanılan bir rəqsidir.
Əsasən Naxçıvanda və Qərbi Azərbaycanda (indiki Ermənistan) geniş yayılıb. Azərbaycanlılar oradan tamamilə deportasiya edilməzdən əvvəlki zamanlarda, azərbaycanlıların ifa etdikləri populyar rəqs idi.
“Bunun erməni rəqsinə heç bir aidiyyəti yoxdur…”
Rəqsin adından göründüyü kimi, onun yaradıcıları köçərilərdir. Eyni zamanda, Azərbaycan xalqının sevimli rəqsləri silsiləsinə daxildir. 1940-cı ildə erməni bəstəkarı Aram Xaçatryan konsert verərkən Azərbaycanın “Köçəri” rəqsindən istifadə edib. “Köçəri” rəqsi “Yallı”nın bir hissədir və Azərbaycan rəqsidir. Bunun heç cür erməni rəqsinə aidiyyəti yoxdur. Xalq artisti, rəqqas Kamil Dadaşovun sözlərinə görə, bu, qədim xalq rəqsi olub, Azərbaycanın folklor nümunəsidir:
“Bu rəqs elə adından da göründüyü kimi, köçəri tayfaları ilə bağlı rəqsdir. Ermənilərdə, ümumiyyətlə, “köçəri” sözü yoxdur, bu, bizim türk sözüdür. Çox təəssüf ki, bizdə bununla məşğul olmalı adamlar yatıblar. “Köçəri” rəqsinin musiqisi də bizim xalq musiqisidir. Bu, kütləvi oyundur və birinci köçəri tayfaları bu rəqsi öz toylarında oynayıblar. Qərbi Azərbaycanda da və ümumiyətlə, bütün Azərbaycanda oynanılıb. Gürcülər də bu rəqsi oynayıb, heç onlar demirlər ki, bizimdir. Ermənilərin oynadığı bu rəqsin musiqisi də bizimdir. “Köçəri” bizim millətə aiddir”.
Bu, ilk oğurluq deyil
Təəssüf ki, Azərbaycan milli rəqsləri də digər mədəniyyət və incəsənət nümunələrimiz kimi zaman-zaman başqa xalqlar tərəfindən mənimsənilir. Xüsusən də ermənilər musiqimizə, xalq rəqslərimizə də göz dikməkdən çəkinmirlər. Hər fürsətdə onları öz adlarına çıxan, erməni milli rəqsi kimi qələmə verən qonşularımızın rəqslərimizdən oğurluğu birinci hal deyil. 2013-cü ilin dekabr ayında Rusiyanın “ORT” kanalında yayımlanan “Jit zdorovo” verilişində erməni mətbəxinə həsr edilən 20 dəqiqəlik süjetdə Azərbaycanın “Uzundərə” qədim xalq rəqsi erməni rəqs nümunəsi kimi təqdim edilmişdi. Məsələ ilə bağlı Azərbaycan Müəllif Hüquqları Agentliyi Rusiyanın “ORT” kanalının rəhbərliyinə və müvafiq beynəlxalq strukturlara rəsmi etirazını bildirmişdi. Erməni əqli mülkiyyət oğurluğu yalnız Azərbaycan musiqisini, rəqslərini və mahnılarını əhatə etmir. Bu gün “Köçəri” rəqsinin erməni rəqsi kimi təqdim olunması da ermənilərin əqli mülkiyyət oğurluğunun davamıdır.
Milli rəqslərin müəlliflik hüquqları qorunurmu?
Müəllif Hüquqları Agentliyinin Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri N. Bədəlbəylinin Publika.az-a verdiyi məlumata görə, Azərbaycanda folklor nümunələri “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” xüsusi Qanunla qorunur. Qanun Azərbaycanın mədəni irsinin tərkib hissəsi olan milli folklor nümunələrinin əqli mülkiyyətin xüsusi növü kimi hüquqi qorunması, istifadəsi və müdafiəsinin təminatı ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.
Qanunun 6.3-cü maddəsinə əsasən, digər dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycanın hüdudlarından kənarda folklor nümunələrindən kommersiya məqsədləri ilə istifadə etdikdə Müəllif Hüquqları Agentliyinin razılığını almalı və istifadəyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada haqq ödəməlidirlər.
Agentlikdən də Azərbaycanın qədim milli rəqslərindən olan “Köçəri”nin ermənilər tərəfindən özününküləşdirilməsinin ilk cəhd olmadığını təsdiq edirlər. Belə cəhdlərdən biri kimi "Eurovision-2011" mahnı müsabiqəsinin final yarışmasını misal göstərmək olar. O zaman “Köçəri” rəqsini Ermənistan təmsilçisi erməni nümunəsi kimi təqdim etməyə çalışmışdı. Fakt ortaya çıxan kimi Müəllif Hüquqları Agentliyi dərhal araşdırmalara başlamış, “Köçəri” rəqsinin Azərbaycan xalqına məxsus olması barədə Agentlik tərəfindən arayış hazırlanıb və bu barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına məktub göndərilmişdi. Agentlikdən onu da bildirdilər ki, folklor nümunələrimizin və müəllif əsərlərimizin ermənilər tərəfindən oğurlanması faktları barədə ÜƏMT-ə, YUNESKO-ya və digər beynəlxalq təşkilatlara məlumatlar və etiraz məktubları göndərilib.
Aldığımız məlumata görə, hazırda Mədəniyyət və Turizm Nazirliyində də məsələ ilə bağlı araşdırma aparılır. Bizə müvafiq qurumların məsələ ilə bağlı verəcəyi qərarı gözləmək qalır.
Oğru qonşularımıza, heç olmasa, onu başa salmaq lazımdır ki, gedib başqa yerdə oynasınlar, həm də başqa havaya.
Gülnar Əliyeva