Ombudsmanların XIII Bakı beynəlxalq konfransı işini sessiya ilə davam etdirib
12 Noyabr 2015
AZƏRTAC
Bakıda keçirilən Ombudsmanların XIII beynəlxalq konfransı noyabrın 12-də açılışdan sonra işini “Konstitusiya insan hüquqlarının əsas təminatçısı kimi” mövzusunda sessiya ilə davam etdirib.
AZƏRTAC xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın moderatorluğu ilə keçirilən sessiyada əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Sosial müdafiə hüquqlarının konstitusion təsbiti”, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov “Azərbaycanda konstitusion hüquq və azadlıqların təmin olunmasında beynəlxalq əməkdaşlığın rolu”, Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkili Ülkər Bayramova “İnsan hüquqları sahəsində həyata keçirilən hüquqi islahatlar və onların Naxçıvan Muxtar Respublikasında icrası”, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “Dövlət xidmətlərinin göstərilməsi kontekstində insan hüquqları və azadlıqlarının müdafiəsi: “ASAN” təcrübəsi” mövzularında məruzələrlə çıxış ediblər.
Bundan başqa, sessiyada Xorvatiya ombudsmanı Lora Vidoviçin “İnsan hüquqlarının təmin olunmasında ombudsmanın rolu”, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi Nazim Əliyevin “Azərbaycan Respublikasında insan hüquqlarının müasir konsepsiyası”, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun “Əqli mülkiyyət və insan hüquqları”, iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənovanın “Davamlı inkişaf məqsədləri kontekstində insan hüquqları”, Türkiyənin İnsan Hüquqları Qurumunun rəhbəri Hikmet Tülenin “Türkiyədə konstitusion hüquqların müdafiəsi üçün nəzərdə tutulan qurumlar və onları fəaliyyəti” mövzularında məruzələri dinlənilib.