Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Nəzarət markasının qiyməti təsdiqlənib - 15 QƏPİK


06.07.2014

 

http://news.lent.az/news/171827

Nazirlər Kabineti “Nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi barədə qərar verib.
Lent.az-ın məlumatına görə, “A” - audiovizual əsər, “F” - fonoqram, “P” - kompüter proqramı, “M” - məlumat toplusu, “K” - kitab nüsxəsi üçün 1 ədəd nəzarət markasının alınmasına görə ödənilən haqq 15 qəpik olacaq.
Qeyd edək ki, Nazirlər Kabineti iyunun 9-da Azərbaycanda əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə aparmaq üçün “Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”nı təsdiqləyib. Qaydaya əsasən nəzarət markası ilə markalanmalı olan Azərbaycan ərazisində hazırlanan (istehsal edilən) və Azərbaycan ərazisinə idxal edilən mallar, məmulatlar və məlumat materiallarının siyahısı müəyyənləşib.
Siyahıya dərman vasitələri, audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələri, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları daxildir. Nəzarət markası dərman vasitələrinə münasibətdə Səhiyyə Nazirliyi, audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə münasibətdə Müəllif Hüquqları Agentliyi, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına münasibətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən verilir. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektləri olan dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların nüsxələrinə ilkin olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən, daha sonra isə Müəllif Hüquqları Agentliyindən alınan nəzarət markası yapışdırılacaq.