Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

“Neyləmişəm” mahnısının hüquq sahibliyinin kimə məxsus olması barədə Müəllif Hüquqları Agentliyinin şərhi


“Neyləmişəm” mahnısının müstəsna hüquq sahibliyinin kimə məxsus olması ilə bağlı kütləvi informasiya vasitələrində yayılmış mübahisələrə hüquqi cəhətdən aydınlıq gətirilməsi üçün Müəllif Hüquqları Agentliyi aşağıdakıları bildirir:
“Neyləmişəm” mahnısı 1974-cü il 27 yanvar tarixində Müəllif Hüquqları Agentliyində qeydiyyata alınmışdır. Mahnı şərikli müəllifliklə yazılmış əsərdir. Sözləri şair Teymur Elçinə, musiqisi isə bəstəkar Fikrət Əmirova məxsusdur.
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 26-cı maddəsinə əsasən, şərikli əsərə müəlliflik hüququ müəlliflərin bütün həyatı boyu və şərik müəlliflərin axırıncısının vəfatından sonra 70 il müddətində qüvvədə qalır. 
Mövcud qanunvericiliyə görə, müəllifin Qanunla nəzərdə tutulan əmlak hüquqları müəllif müqavilələri üzrə verilə bilər və onun ölümündən sonra vərəsəlik qaydasında qanun və ya vəsiyyətnamə üzrə keçir.
“Neyləmişəm” mahnısının şərik müəllifləri vəfat ediblər. Əsərin şərikli müəlliflərinin vərəsələri tərəfindən vaxtilə Agentliyə təqdim olunmuş sənədlər həmin əsərə hüquq sahibliyinin vərəsəlik qaydasında Teymur Elçinin və Fikrət Əmirovun vərəsələrinə keçdiyini və deməli, hazırda hüquq sahibliyinin onlara məxsus olduğunu göstərir. Bu sənədlər yalnız qeyd olunan vərəsələrə əsərin istifadəsi ilə bağlı hər hansı sərəncam vermək hüququ verir. 
O ki qaldı müəllif tərəfindən hüquqların müqavilə əsasında verilməsinə, qeyd etmək lazımdır ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 30 və 31-ci maddələrinə əsasən, müəllifin qanunla nəzərdə tutulmuş əmlak hüquqları müəlliflər və müəlliflik hüquqlarının digər sahibləri tərəfindən yalnız müəllif müqaviləsi üzrə verilə bilər. Müəllif müqaviləsində əsərdən istifadə üsulları, hüquqların verildiyi müddət və ərazi, qonorarın məbləğləri, ödəniş qaydaları və müddəti, həmçinin tərəflərin mühüm hesab etdikləri digər şərtlər müəyyən olunmalıdır. O cümlədən müqavilədə hüquqların tam keçməsi də nəzərdə tutula bilər.
Bildiririk ki, sözügedən “Neyləmişəm” mahnısına dair sənədlər sırasında həmin əsərə müstəsna hüquq sahibliyinin başqa şəxsə verilməsi barədə müəllif müqaviləsi yoxdur və deməli, yuxarıda qeyd edildiyi kimi, həmin əsərə hüquq sahibliyi Teymur Elçinin və Fikrət Əmirovun vərəsələrinə məxsusdur. 


01.07.2015-ci il