Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

NANKOR ERMƏNİLƏRİN XƏYANƏTKAR SİYASƏTİNDƏN SƏHİFƏLƏR


http://www.respublica-news.az/index.php/dig-r-x-b-rl-r/dig-r-x-b-rl-r/item/7024-nankor-ermaenilaerin-khaeyanaetkar-siyasaetindaen-saehifaelaer

Şənbə, 31 Yanvar 2015 17:28

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqları işğal altında qalıb və təbii olaraq bu ərazilərdə qalan mədəni dəyərlərimizin taleyi hər bir Azərbaycan vətəndaşının ürək ağrısıdır. 
Ona görə ki, erməni təcavüzkarları məhz mədəni dəyərləri xüsusi qəddarlıq və həyasızlıqla məhv edirlər. Ermənistanın işğal etdiyi ərazilərdə 13 dünya əhəmiyyətli abidə (o cümlədən 6 memarlıq və 7 arxeoloji), 292 milli əhəmiyyətli abidə (o cümlədən 119 memarlıq, 173 arxeoloji), həmçinin 330 yerli əhəmiyyətli abidə dağıdılmış və ya istifadəyə yarasız hala salınmışdır. 804 qəbiristanlıq dağıdılmış, talan edilmiş və təhqir edilmişdir. 22 muzey və 4 rəsm qalereyası barbarcasına dağıdılmış və xaraba qoyulmuşdur. 40 mindən artıq unikal tarixi və mədəni əhəmiyyətə malik olan muzey sərvətləri və eksponatları talan edilmişdir. Bunların içərisində qızıl və gümüş zinət əşyaları, nadir daş-qaşlı məmulatlar və digər əl və təsviri sənət əsəri nümunələri vardır. Talan edilmiş və yandırılmış 927 kitabxanada 4,6 mln. nüsxə kitab və qiymətsiz əlyazmalar məhv edilmişdir. Onların arasında nəinki Azərbaycanın, eləcə də, bütün bəşər cəmiyyətinin qiymətsiz mədəniyyət nümunələri olmuşdur. İşğalçıların təcavüzkar vandalizminin acınacaqlı statistikasını davam etdirərək qeyd edək ki, 31 məscid, 9 tarixi saray, 6 dövlət teatrı, 368 klub, 927 kitabxana dağıdılmış və talan edilmişdir. İbtidai insanın dünyada ən qədim yaşayış məskənlərindən olan Azıx mağarası da daxil olmaqla 200-dən artıq paleontoloji və geoloji abidə qəsb edilmişdir. 2 dövlət təbiət qoruğu, 4 dövlət müvəqqəti qoruğu talana məruz qalır, işğal altında olan 280 min ha meşə sahəsində qiymətli ağac növləri kəsilməkdə davam edir. Praktiki olaraq Hacışamlı qoruğunda bitən qırmızı palıd, Bəsitçay qoruğundakı çinar və qoz ağacları, Qubadlı meşələrindəki palıdlar konyak üçün çəllək hazırlanması məqsədilə kəsilib məhv edilmişdir. Nadir ağac növləri olan Qaragöl təbii qoruğu tamamilə məhv edilmişdir. Burada “Qırmızı kitab”a daxil edilmiş təbiət abidələrindən söhbət gedir. Elə bu qaydada da həmin “Qırmızı kitab”da olan nadir canlıların qorunan növləri ilə məşhur olan Laçın qoruğu da tamamilə məhv edilmişdir.
Bir sözlə, bu, Azərbaycanın mədəni və təbiət irsinə münasibətdə həyata keçirilən mədəni və təbiət genosididir. Bütün bunlar isə YUNESKO və ÜƏMT-nin Konvensiyalarının və MDB çərçivəsindəki sazişlərin norma və tələblərinin pozulması fonunda baş verir.
Talançıların vandalizmi və işğalçıların barbar mahiyyəti bəzi hallarda kuryoza gətirib çıxarır. Lap təzə misallardan birinə baxaq: Ermənistan hakimiyyəti və “Dağlıq Qarabağ Respublikası” işğal edilmiş Laçın rayonunda tapılmış xəzinəni heç cür bölüşdürə bilmirlər. Həmin xəzinə burada məskunlaşmış sakinlərdən biri tərəfindən b.e.ə 4-1-ci əsrlərə aid yeraltı sərdabədən tapılmışdır və 200 q. qızıl, 700 q. gümüş zinət əşyalarından, həmçinin 5 kq bürüncdən olan əşyalardan ibarətdir. Bütün bunlar ermənilər tərəfindən 21.3 min. ABŞ dollarından bir az çox dəyərləndirilir. “ArmeniaNov.com” İrəvan nəşrinin jurnalistinin 24 aprel 2011-ci il tarixli məlumatına görə, burada paradoks onunla bağlıdır ki, xəzinəni tapmış şəxs təklif olunan məbləğlə razılaşmayaraq, tapıntıya görə öz payını mükafatını tələb edir. Ermənistanın milli Tarix muzeyi xəzinəni özündə saxlayaraq həmin məbləğdən artıq ödəmək istəmir. Qarabağ separatçılarının diyarşünaslıq muzeyi isə özünü bu tapıntının qanuni sahibkarı hesab edir. Burada milli tarix muzeyinin direktoru tərəfindən söylənən bir fikir maraqlıdır ki, tapılmış xəzinənin Ermənistanda və ya “Dağlıq Qarabağ Respublikası”nda yerləşməsinin nə əhəmiyyəti var. Doğurdan da, bir-biri ilə həmin qədim artefaktlara mülkiyyət hüququ üstündə mübahisə edənlər bir şeyi unutmamalıdırlar ki, xəzinə Azərbaycana məxsusdur, ona görə ki, o Azərbaycan torpağında tapılmışdır.
İşğal edilmiş torpaqlarda qeyri-qanuni ələ keçirdiyi artefaktlarla zənginləşməyə çalışan “Ermənistanın milli tarix muzeyi bir yana qalsın, yalnız Ermənistan EA-nın qədim əlyazmalar institutunda, Matenadaranda XVI-XIX əsrlərə aid Azərbaycan folklor nümunələrinin 55 əlyazması saxlanılır. Misal üçün, Azərbaycan eposları – dastanları erməni qrafikasına keçirilsə də, Azərbaycan dilində səslənir və onların müəllifliyi Azərbaycan xalqından qoparılaraq erməniləşdirilir.
Lap bu yaxınlarda Matenadaranın ABŞ-ın Minnesota ştatındakı Universitetlə bağladığı müqavilə Ermənistan Milli Elmlər Akademiyasında çaxnaşma predmeti olmuşdur. Erməni akademiklərinin narahatlığının səbəbi də mənasız deyilmiş. Məlum olur ki, qədim əlyazmaların surətləri ilə tanışlığa icazə alan Amerika alimləri, elmi dairələrdə qəbul edildiyi kimi, qədim əlyazmaları açıq müzakirə etməyə başlayacaqlar, onda Allah eləməsin ki, birdən onları “düşmən əli”nə verərlər. Beləliklə, qədim əlyazmalara erməni milli təhlükəsizlik prizmasından baxılmalıdır və buna görə də onlar “gizli” qrif ilə istifadə olunmalıdır. Yuxarıda şərh olunanlara təəccüblənməyin. Bütün bunlar, yəqin ki, erməni absurdları sırasında layiqli yer tuta bilər, lakin bir halda ki, söhbət Azərbaycan xalqının mədəni irsinin mənimsənilmiş nümunələrinin saxlandığı Matenadarandan gedir, onda qonşu alimlərin həyəcanını başa düşmək olar. Üstəlik də, bu cür qədim əlyazmalara istinadlar ermənilərin özgə torpaqlarına tarixi iddialarının az qala başlıca dəlilidir. Son halda əgər qədim əlyazmalarda olmayan nəyəsə istinad olunursa, yaxud onlarda olanlar gizlədilirsə, onda, doğrudan da, yad əqli mülkiyyəti mənimsəyən və tarixi saxtalaşdıran ermənilər üçün Matenadaran əlyazmaları çox təhlükəli ola bilər. Bax, yəqin elə buna görə onlar yad gözlərdən gizlədilməlidir ki, özgələrin mədəni irsini mənimsəmək üzrə erməni ənənəsinə uyğun iddia ermənilərin “böyük Ermənistan” sayıqlaması və özgə torpaqlarına ərazi iddiaları ilə birlikdə zamanına uyğun və əsaslı olan qədim əlyazmalara istinadlarla təmin edilsin.
Başqa bir kuryoz: Azərbaycanın işğal olunmuş Füzuli rayonunda olan məşhur Azıx mağarasındakı tapıntıya əsaslanaraq, işğalçıların özlərini ən qədim millət kimi qələmə vermək istəkləri ilə bağlıdır. Paradoks ordadır ki, ermənilərin mağaraya verdikləri “Azox” sözü “turş üzüm” mənasını verir. İşğalçılar Azıx mağarasını “Ermənistan mədəniyyətinin ilkin mənbələrindən olan yer” kimi elan etmişlər. Azərbaycan alimlərinin işğala qədər tapdıqları azıxantrop insanın qalıqları aşel dövrünə (erkən paleolit, təxminən 2 mln. il əvvəl) aid edilmişdir. İşğalçılar isə belə iddia edirlər ki, erməni milləti qədim insanın yaşadığı məhz bu dövrdə formalaşmışdır. Aydındır ki, bir absurd digərini doğurur və işğalçılar qeyri-qanuni qazıntı işlərini davam etdirərək növbəti absurdu da doğurmuşlar.
Ermənilər “erməni milli geyimi”ndə olan “Neandertal qadın” daş heykəlini də elə bu cür yaratmışlar. Erməni KİV-ləri 2007-ci ilin payızında belə informasiya vermişlər. Üstəlik, erməni neandertal qadının yanında guya erməni məişət əşyaları, erməni milli xörəkləri və alətlərinin qalıqları da aşkar olunmuşdur. Necə deyərlər, Azərbaycan arxeoloqları tərəfindən tapılmış azıxantropun qalıqlarını “xayostrop” kimi identifikasiya etmək mümkün olmasa da, “erməni milli geyimi”ndə olan qədim daş “neandertal qadın” heykəli işə yaramışdır. Burada şərh vermək də çətindir, çünki belə çıxır ki, nəinki neandertallar erməni olublar, eləcə də onlar özlərini ilkin şəkildə qoruyub saxlaya bilmişlər, üstəlik də son bir neçə 100 min ildə onların milli geyimi və məişəti də dəyişməmişdir.
Biz hələ” Ermənistan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Pavel Avetisyanın Ermənistan, Türkiyə və İranın sərhədində tapılmış 5,5 min il yaşı olan tapıntı haqqında bəyanatı barədə danışmırıq. Burada söhbət ayaqqabı–çarıxlardan gedir. Erməni aliminin iddialarına görə, bu çarıxlar onların [ermənilərin] babalarının geydikləri ayaqqabılardan praktiki olaraq, heç nə ilə fərqlənmir.
İşğalçıların bu gün də özgə torpaqlarında qazıntı apardıqlarını nəzərə alaraq başqa bir kuryozu də diqqətdən kənarda saxlaya bilmərik. Bu, ermənilərin uydurma erməni çarları və mövcud olmamış erməni çarlıqlarının, o cümlədən işğal olunmuş ərazilərdə, siyahısının düzəldilməsi istəyi ilə bağlıdır. Bu cür ənənədə birincilik guya bizim eranın 5-ci əsrində yaşamış M.Xorenskiyə gedib çatır, onun “Hayların tarixi” adlanan əsəri Sent-Marten, Qibbon, Vetter, De Morqan kimi dünya tarix elminin görkəmli nümayəndələri, həmçinin vicdanı hələ susmamış erməni müəllifləri tərəfindən ifşa edilmişdir.
Lakin Xorenskinin əsəri bu gün də Ermənistanın akademik müəssisələrinə “stolüstü kitab” kimi xidmət göstərir və erməni tarixinin heç bir şübhə yeri olmayan ilkin versiyası kimi təqdim olunur. Bax, elə buna görə də, uydurma tarix virtual erməni monarxları ilə birgə bu gün də Ermənistanın işğal etdiyi Qarabağ torpaqlarında siyasi davamını tapmaqdadır.
Burada söhbət “Böyük Tiqran”a münasibətdə çar sülaləsindən və onun əsasını qoyduğu və bu gün “Böyük Ermənistan” əfsanəsinin təsdiqi üçün işğal olunmuş Qarabağda axtarılan mifik Tiqranakert haqqında absurddan gedir. “Böyük Ermənistanın yaradıcısı” adlandırılan, Parfiya Ərsaklarının sarayında girovluqdan başlayan və Roma sərkərdələrinin çəkmələrini yalamaqla qurtaran, İran əsilli 2-ci “böyük” Tiqranın erməni çarı hesab edilib-edilməməsinin üstündə dayanmadan qeyd edək ki, onun Qarabağa heç bir aidiyyəti yoxdur. Buna baxmayaraq, 2007-ci ilin avqustunda erməni KİV-ləri (Arminfo) belə bir informasiya ilə doldurulmuşdu ki, Qarabağdakı qazıntılar zamanı guya mifık “böyük” Tiqran tərəfindən əsası qoyulmuş növbəti Tiqranakert aşkar edilmişdir. Arsax Tiqranakertinin arxeoloji piarının müəyyən konkret məqsədi: guya Qarabağ torpaqlarını da özündə birləşdirən “Böyük Ermənistan”ın mövcud olması barədə daha bir “sübut” yaratmaq olmuşdur. Erməni tarixçiləri iddia edirlər ki, artıq V-VI əsrlərə aid xristian bazilikası, ibadətxananın bir hissəsi, örtüklərin fraqmentləri, qala divarlarının girişi və hətta onun bir hissəsi qazılıb təmizlənmişdir. Qazıntılar zamanı tapılmış keramika, xaçkar qalıqları, bütün bunlar erkən xristianlıq dövrünə aiddir. Aydındır ki, burada söhbət erməni dairələri tərəfindən saxtalaşdırılan və özününküləşdirilən Qafqaz Albaniyasının maddi mədəniyyət irsindən gedir.
Buna baxmayaraq, Ağdam rayonunda Xaçınçayın sahilində qanunsuz qazıntı işləri davam etdirilir və erməni alimləri yolunu azmış və Kiçik Asiyadan Cənubi Qafqaza qədər tranzitlə yerini dəyişmiş Tiqranakert haqqında əlavə sübutlar tapmağa çalışırlar.
Ermənistan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan olan arxeoloji ekspedisiyanın rəhbərinin jurnalistlərə verdiyi məlumata görə, Tiqranakert artıq 20 km məsafədən görünür. Özü də o cür ki, azərbaycanlılar öz mövqelərindən bu xülyanı görməlidirlər. Hətta buraya turistlər də gətirilir. Mifik Tiqranakert haqqında artıq sənədli filmlər də çəkilmişdir. Lakin bir şey diqqətəlayiqdir, bu alim hesab edir ki, xəyali Tiqranakerti özgələrə, daha doğrusu, azərbaycanlılara vermək olmaz, çünki burada söhbət “mübahisəli” ərazidən gedir. O etiraf edir ki, bir sıra beynəlxalq təşkilatlar qazıntı işlərində iştirakdan imtina etmişlər və buna görə də bu arxeoloq bunlarda üzvlüyü qurban vermişdir. Vəziyyətin parodoksallığı ondadır ki, erməni arxeoloqu tərəfindən göstərilmiş bu “fədakarlığa” baxmayaraq, Azərbaycan uydurma Tiqranakerti əldə etmək istəmir, lakin şəksiz ona məxsus olan və beynəlxalq strukturların çoxsaylı qərarları ilə təsdiq olunan işğal olunmuş ərazilərinin qaytarılmasını tələb edir.
Belə bir sual verək: bəlkə, qonşusunun mədəni irsinə münasibətində “sivil” ermənilərin bu cür vandalizmi qonşu nümayəndələrin onlara “barbar münasibəti” ilə müəyyən edilmişdir? Burada keçmişə qısa ekskursiya etmək və indiki Ermənistan ərazisi olan qədim Azərbaycan torpaqlarındakı mədəni dəyərlərimizin taleyini nəzərdən keçirmək lazım gəlir.
Bir tarixi faktdır ki, ermənilər özlərinin dövləti varlıqlarına Azərbaycan torpaqları hesabına nail olmuşlar. 1918-ci ilin 29 mayında Tiflisdə Ermənistan müstəqil respublika elan olunanda onun paytaxtı yox idi, ərazisi İrəvan və Eçmiadzin qəzalarından, əhalisi isə 700 min nəfərdən, əsasən azərbaycanlılardan ibarət idi. Ermənilər İrəvan şəhərini paytaxt kimi Azərbaycan Demokratik Respublikasından təəssüf ki, bəxşiş almışlar. Antantanın köməyi ilə isə sonradan İrəvan quberniyasının digər qəzalarını da əldə etdilər. Ermənilərin tükənməz iştahası bunlarla qurtarmırdı. Onlar Naxçıvan qəzasına, Zəngəzur və Qarabağ torpaqlarına da iddialar irəli sürürdülər. Naxçıvan və Qarabağı Azərbaycandan qoparmaq mümkün olmadı. Lakin kompensasiya qaydasında ermənilərə Zəngəzuru, Dilicanı və Göyçəni (Şərur-Dərələyəz) verdilər, üstəlik də Azərbaycan ərazisində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Bununla da uydurma “Şərqi Ermənistan” ideyası həyata keçirildi, başqa sözlə, Azərbaycan torpaqları hesabına torpaqsız Sovet Ermənistanı yaradıldı.
Bu gün erməni tarixinin həmin dövrü, daha doğrusu, Azərbaycan vilayətlərinin qoparılması tarixi erməni tarixşünaslığında çoxmənalı şəkildə “Eçmiədzin dövrü”, yəni erməni patriarxlıq taxtının XV əsrdə Eçmiədzinə köçürülməsindən sonrakı dövr adlandırılır. Lakin nədənsə, həmin taxtın Kiçik Asiyada qalmış eparxiyaları haqqında və onlarsız göstərdiyi fəaliyyət barədə “təvazökarlıqla” susulur.
Məhz həmin dövrdən başlayaraq, əldə olunmuş Azərbaycan torpaqlarında türk-Azərbaycan ruhunun yox edilməsi və bu torpaqlarda Azərbaycan artefaktlarının məhv edilməsi üzrə barbar vakxanaliyası başlanmışdır. Bu ərazilərdə etnik təmizləmə üzrə uzunmüddətli kampaniya çərçivəsində ardıcıl olaraq Azərbaycan elementini sıxışdırıb çıxararaq, Ermənistan hakimiyyəti tərəfindən 700-dən artıq qəbiristanlıq, qəbirüstü daşların epiqrafikası ya erməni mətnləri ilə əvəz edilmiş, ya da məhv edilmişdir. Qədim alban və müsəlman abidələri ilə zəngin olan İrəvan, Göyçə və Zəngəzur mahallarında vaxtilə 150-yə yaxın iri və xırda məscid, 100-dən artıq müqəddəs məqbərə, karvansaralar, qalalar, onlarca daş körpülər olmuşdur və bütün bunların hamısı dağıdılmışdır. Azərbaycanın qədim qəbiristanlıqlarının yüzlərlə xarakterik elementi haqqında hələ 1929-ci ildə arxeoloq Sısoyevin yazdığı qoç və at heykəlləri (Daş-qoç və Daş-at) məhv edilmiş və mənimsənilmişdir. O, bunların Azərbaycan yaradıcılığına məxsusluğunu qeyd etmiş və göstərmişdir ki, ...ermənilər bu heykəlləri götürərək, onları öz qəbirlərinin üzərində quraşdırır və onların üzərinə erməni qrafikasında əlavə yazılar yazırlar... Qədim türklərə məxsus olan çox nadir heykəl-vişap (Daş balıq) oğurlanmış, sonra isə bütün bunlar saxtalaşdırılmış nəşrlər vasitəsilə erməni mədəniyyətinin artefaktları kimi təqdim olunmuşdur. Qafqaz Albaniyasının əhalisinin bir hissəsinin islamı qəbul etməsini, bu torpaqların Azərbaycana məxsus olmasını sübut edən çoxsaylı artefaktlar xüsusi qəddarlığa məruz qalmış, o cümlədən Sovet dövründə Zəngəzurun Urud kəndində tapılmış və qəbirüstü abidənin epiqrafikası tədqiq olunmuş orta əsrlərə aid Oğuz qəbiristanlığı məhv edilmişdir. “Səlim” karvanxanası saxtalaşdırılmış, hələ Sovet dövründə Ordubad rayonunun Dur kəndindəki qədim orta əsrlər dövrünə aid Azərbaycan qəbiristanlığındakı abidələrin epiqrafikasının və qəbirüstü daşların çoxu məhv edilməklə, erməni qəbiristanlığına çevrilmişdir. Bu cür tale Ermənistanın Zəngibasar rayonunun Cəfərabad kəndindəki qiymətsiz məqbərələrin də başına gətirilmişdir. Müsəlman və xristianların ibadət yeri olan Zəngəzurdakı müqəddəs “Ağa-dədə” məbədi, Ağabulaqdakı qədim “Duzdağ” və “Dikdaş” qəbiristanlığı və Göyçə rayonundakı məscid məhv edilmiş, tipik hay-erməni “dəyişdirmələri” aparılaraq, Azərbaycan qəbirüstü daşları xaçkarlara çevrilmişdir. Məsələn, Əxi Təvəkkül sərdabəsindən olan abidə. Bütün bu vandal hərəkətlər zamanı “Böyük Ermənistan” saxtakarlarına xas olan kuryozsuz ötüşmək olmur, misal üçün, 1987-ci ildə nəşr edilmiş “Ermənistanın ərəb kitabələrinin korpusu”nda A.Xaçaturyan Azərbaycanın müasir və tarixi ərazilərində, həmçinin Türkiyədə olan 290 ərəb-fars-türk dilli abidələri mənimsəmişdir. Paradoksal vəziyyətdir ki, bu siyahıya müasir Ermənistan ərazisindən cəmisi 30 kitabə daxil edilmişdir ki, onun da 22-si keçmiş Azərbaycan Zəngəzurunda olan abidələrdir.
Bir neçə kəlmə də Ermənistanın indiki paytaxtı, hazırda türk-Azərbaycan mənşəyi səbəbindən tarixi mərkəzi dağıdılmış Yerevan, yəni vaxtilə ermənilərə güzəştə gedilmiş keçmiş Azərbaycan şəhəri İrəvan haqqında danışaq.
Burada Şah İsmayıl məscidi (1510-cu il), Xudabəndə məscidi (1580-ci illər), Şah Abbas məscidi (1606-cı il) dağıdılmışdır. Bütün bunlar monumental memarlıq əsərləridir. Bu cür tale digər dini ibadətxanaların, son dərəcə gözəl kitabxana və mədrəsəsi olan Hacı Nəsrullah məscidinin (1687-ci il), Ulu Came məscidinin (XVIII əsrin sonları) və bir çox digərlərinin başına da gətirilmişdir. XVIII əsrdə Sərdarın canişini Hüseynəli xan tərəfindən İrəvanda tikilmiş və Qafqaz memarlığının mirvarisi sayılan, Şərq memarlığının ən gözəl abidələrindən biri olan “Sərdar” sarayı məhv edilmişdir. Yerevanın ətrafında olan gözəl memarlıq abidələri: “Sərdar”, “Şeyxülislam”, “Tağlı”, “Sulu”, “Hacı Əli”, “Kəmərçi”, “İyürci” və b. karvansaralar, Zəngi Gedər-çay, Vedi çaylarının üzərindəki daş körpülər və s. artıq yox olmuşdur. Ulu babalarımızın tarixi keçmişinin şanlı səhifələrinin sübutları olan tarixi qalalar – “Torpaq Qala”, “Gümrü Qala”, “Keçi Qalası”, “Ağca qala”, “Kafir Qalası”, “Bəyburt Qalası”, “Qala Bürcü” yer üzündən silinmişdir.
Təxminən 1509-1517-ci illərdə Rəvan xan tərəfindən əsası qoyulmuş və İrəvan şəhərinə adı verilmiş daşdan və kərpicdən tikilmiş möhtəşəm istehkamı olan tarixi qala – İrəvan qalası haqqında bir neçə söz demək istəyirəm. İndi Yerevanda bu vandalizm aktına hansı izahları versələr də, bu möhtəşəm istehkamın tikildiyi yeri başqa cür adlandırmağa cəhd göstərsələr də bir şey aydındır, müasir Yerevanın tarixi mərkəzinin məhv edilməsi bu şəhərin türk-Azərbaycan mənşəyini sübut edən bütün izlərin silinməsi istəyi ilə bağlı olmuşdur. Bütün arqumentlər qurtaranda isə bu qala mərkəzi fars mənşəli elan edilir, elə bu cür də İran memarları tərəfindən Yerevanda bərpa edilmiş Göy məscid İran mədəniyyəti abidəsi kimi qələmə verilir. Məhz bu səbəbdən də tarixi mərkəzsiz qalmış Ermənistan paytaxtında “köhnə Yerevan” layihəsi indi dəbə gətirilib. Bu layihə tarixi orta əsrlər mərkəzinin bərpasını yox, XIX əsrin sonu, XX əsrin əvvəllərinin memarlığına bənzər bərpanı nəzərdə tutur.
Yəni bu da növbəti kuryozdur. Ona görə ki, saxtakarların fəlsəfəsi olan yalanın ayaqları çox qısadır və dayaq qismində növbəti uydurma tələb edir.
Xalqımızın məhv edilmiş mədəni dəyərlərinin qiyməti yoxdur və bunların bəşər sivilizasiyasının tarixinə məxsus olduğunu nəzərə alaraq, restitusiya, kompensasiya və satisfaksiya daxil oimaqla, hər hansı hüquqi formada Azərbaycan xalqının mədəni irsinə və şərəfinə vurulmuş ziyana görə kompensasiya ödənilməsini tələb etmək ixtiyarımız vardır.
Hörmətli iştirakçılar! Azərbaycanın işğal edilmiş və əvvəlki torpaqlarında həyata keçirilmiş dağıntıların və vandalizmin miqyası erməniçiliyə hələ də bəs etmir. Uydurma “böyük Ermənistan” ideyası ilə hərəkətə gətirilən təcavüzkarlar Naxçıvan torpaqlarına da iddia irəli sürürlər. Praktiki Troya atı qismində erməni xaçkarları, yəni xaçdaşları, daha doğrusu qəbirüstü stelalar və mingirlər istifadə olunur, nəzəri “bazisi” rolunda isə yalançı tarixi əsərlər, yaxud tarixi sənədlərə edilmiş xüsusi əlavələr və uydurma xarakterli dəyişikliklər xidmət edir. Beləliklə, haradasa rast gəlinən stela xaç şəklindədirsə, ermənilər bəyan edirlər ki, bu, onların ulu babalarının qəbirüstü abidəsidir. Məhz saxtakarlıq və yalan da burada gizlənir, belə ki, alimlər tərəfindən aparılan geniş tədqiqatlar göstərmişdir ki, erməni xaçdaşları – xaçkarları ilə yanaşı, çoxlu sayda xaçla olan alban xaçdaşları və müsəlman stela-başdaşları (başdaşlar), həmçinin xristianlığa qədərki dövrə aid stelalar mövcuddur. Hətta saxtakarlar erməni mənşəyinə aidiyyəti olmayan belə qəbirüstü daşlara da erməni redaksiyasında xaç quraşdırmağa cəhd göstərirlər ki, onları da öz mülkiyyəti kimi elan etsinlər. Naxçıvana gəldikdə isə tədqiqatlar inadla göstərir ki, ermənilər nə erkən, nə orta, nə də sonrakı orta dövrlərdə bu torpaqlarda olmuşlar. Onlar yalnız XIX əsrdə köçkünlər kimi bu torpaqlarda meydana gəlmişlər və bu torpaqlardakı qəbirlər müsəlman, həmçinin xaçdaşlı xristian qəbirləridir. Sonuncular albanların dəfn yerləri, alban-xristianların, həmçinin islamı qəbul etmiş albanların qəbirləri olmuşdur.
Tarixə və tarixi sənədlərə nəzər salaq. Bəllidir ki, Naxçıvan həmişə Azərbaycana aid olan dövlətlərin – Albaniyanın, Sacilər dövlətinin, Salarilərin, Şəddadilərin, Atabəylərin, Qaraqoyunluların, Ağqoyunluların, Səfəvilərin, çar müstəmləkəçiliyi ərəfəsində isə Naxçıvan xanlığının tərkibində olmuşdur.
Bir sözlə, Naxçıvanın Ermənistana heç bir aidiyyəti olmamışdır. Naxçıvan və Zəngəzur torpaqları da daxil olmaqla, Sünikdəki alban çarlığı isə səlcuqların istilasına qədər qalmışdır. Hələ XIII-XIV əsrlərdə alban renessansı dövründə Xaçın hökmdarı Həsən Cəlal Sünik hökmdarı Orbeli ilə birgə hərəkət etmişdir. Alban nəsillərini etnik birlikdən əlavə, qohumluq əlaqələri də bağlayırdı: Həsən Cəlalın oğlu Qriqori Kiçik Süniki idarə edirdi. Onun arvadı isə Orbeli nəslindən olan Sünik hökmdarının qızı idi. Ona görə də Naxçıvan və Zəngəzur torpaqlarında islamı qəbul etmiş türklərlə yanaşı, XIX əsrə qədər xristian alban əhalisinin qalıqları da yaşayırdı. Bunun bariz nümunəsi həmyerlimiz məşhur Pavel Florenskinin avtobioqrafik kitabındakı olaylardır.
Florenskinin anası tanınmış alban soykökündən idi. Onun söylədikləri olaylar isə Çar Rusiyasındakı Müqəddəs Sinod tərəfindən Alban kilsəsinin ləğv edildiyi və erməni kilsəsinə verildiyi zamana təsadüf edir.
İndi isə təsadüfi deyil ki, Arazın o tayında–İran Culfasında olan alban kilsəsini də ermənilər İranla qarşılıqlı razılaşma əsasında bərpa edərək, öz əllərinə keçirmişlər. Naxçıvan diyarının da daxil olduğu Sünikə aid daha erkən sənədlərə müraciət etsək, məlum olur ki, Si-uninin baş keşişi (katalikosu) İstefan Orbelyan (( “İstoriya Orbeli i Siunik”, 1290 q) açıq-aydın göstərir ki, Orbeli nəsli bizim eradan əvvəl 600-cü ildə Çenastandan, yəni Şərqi Türküstandan gəlmişdir və bununla da qədim türk nəslidir [bax: həmçinin, M.Y.Saint-Martin, “Memoires Historiques et Geographiqnes L‘Armenie”. Paris, 1818-1819 (II TOM) i K.P.Patkanov, “Armyanskaya qeoqrafiya”, Sankt-Peterburq, 1877].
Qeyd edək ki, Si-Saka tayfasının (Si-Saka) 2 qanadı olmuşdur, özü də Saka Göyçə gölünün şərqində, Si tayfası isə Naxçıvanda və Qarabağda yerləşmişdir. Buradan da əraziyə öz adını vermiş və saklardan olan “Si” nəslinin mənşəyini göstərən Si-unik adının, yəni Si sülaləsinin adının kökü yaranmışdır və “Si”lərin torpağı deməkdir.
M.Xorenski özü də Si-Sakları Torqoma (Torkom) – Yafətin nəvəsinə aparıb çıxarır və göstərir ki, “Arminiya”nın ilk parfiyalı (Ərsaklardan olan) hökmdarı Val-Ərsak Albaniyaya başçılıq etmək üçün Si-Sak nəslindən olan çarı təyin etdi və bu nəsildən olan adlı-sanlı adamları isə Si-uni torpağının bəyləri (knyazları) təyin etdi (M.Xorenskiy I, 12).
“Si-unik” adının mənşəyini tədqiq edən Patkanova əsasən, bu sözün düzgün – “Si-unik” şəklində oxunması barədə əsas vardır, çünki “unik” etnik sonluq və ya tayfanın göstəricisidir. Ona görə də Si-sakan və Si-unik “Si” ilə yəni burada yerləşmiş tayfanın adı ilə başlayır. Bu erməni aliminin fikrinə əsasən, Si-unik Si-bəyliyini, yaxud Si-knyazlığını bildirir. O ki qaldı “Si” tayfasının adına, görkəmli türk tarixçiləri Toqan və Kırzıoğlunun göstərdikləri kimi, bu ad mənşəyinə görə qədim Çin mənbələrində “su” kimi xatırlanan Şərqi Türküstandan olan sakların tayfa bölgüsünə və hökmdarının adına borcludur. V.Lanqlois öz əsərində (“Collection des Historiens anciens et modernes de L‘Armenie”, Paris, 1867, 1869) göstərmişdir ki, Naxçıvan və Kolten (Culfa-Ordubad) Si-unikin tərkibinə rayonlar kimi daxil olmuşlar.
Sonrakı dövrlərdə, XVI əsrdə Azərbaycan Səfəvilər dövlətindən başlayaraq Naxçıvan diyarı Qızılbaşların Ustaclı tayfalarının bir qolu olan Kəngərlilər nəslinin irsi mülkü olmuşdur. Kəngərli nəsli özünün hərbi şücaəti və yüksək cəsurluğu ilə məşhurdur, tarixə bir çox məşhur adlar vermişdir və ən qüdrətli nəsillərdən biri sayılmışdır.
Zəngəzur isə Qarabağla birgə Qarabağ xanlığının yarandığı dövrdən onun tərkibinə daxil olmuşdur.
Ona görə də ermənilərin Naxçıvana, eləcə də Qarabağa iddialarının tarixi əsası yoxdur. Orta əsrlərə aid mənbələrə əsasən, 17-ci əsrdə Azərbaycana 4 bəylərbəyliyi, yəni Təbriz, Çuxur-Saad, Qarabağ və Şirvan bəylərbəylikləri daxil olmuşdur. Çuxur-Saad bəylərbəyliyinə Naxçıvan da daxil olmuşdur, Çuxur-Saadın bəylərbəyləri həmişə Qızılbaşların Ustaclı tayfasından olan əmirlər olmuşdur. Naxçıvana münasibətdə isə qeyd olunmuşdur ki, hələ 16-cı əsrdə o, Kəngərli nəslinin irsi mülkü olmuşdur. Alban ərazisində Alban ruhanilərinə məxsus torpaqlarda isə təbii ki, müstəqil Alban kilsəsi də mövcud idi.
Ermənilər həmişə Gəncəsər və Tatev monastrlarını müvafıq olaraq “Qarabağda (Ərsak) və Zəngəzurda (Siunik) erməni mədəniyyətinin mərkəzləri” kimi təqdim etməyə cəhd göstərmiş və göstərməkdə davam edirlər. Lakin tarixi sənədlər onların Alban mənşəli olmasına heç bir şübhə yeri qoymur.
16-cı əsrdə Alban kilsəsinin bütövlükdə və onun Sünik hissəsinin əhəmiyyətini Şah İsmayıl Xətainin 1506-cı ildəki Fərmanı da sübut edir, bu sənəddə o, Tatev monastrının (Sünik) başçısı və baş keşişi vardapet Simonun Göyçə vilayətinin ruhaniləri üzərində əvvəlki hüquqlarını təsdiq edir və ona vergi güzəştləri müəyyən edir.
Fərmanda sadalanan ərazilər arasında Arran, Arasbara, Kapanat, Orof, Sisacai, Quştasif, Qaradağ, Naxçıvan (BAX: A.D.Papazyan “Persidskie dokumentı Matenadarana”) da vardır. Bu Fərman-sənədin mahiyyəti ondadır ki, XII-XV əsrlərdə dirçəlmiş Alban kilsəsi əvvəllər itirilmiş torpaqlarını qaytararq özünün qüdrətini yenidən bərpa etmişdir.
Bir halda ki, Naxçıvan bu siyahıya daxildir, onda buradakı ruhanilər də hay-erməni yox, Alban ruhaniləri olmuşlar. Lakin ermənilər öz saxtakarlıq mahiyyətlərinə sadiq qalaraq, burada da Qaradağı (Cənubi Azərbaycan) Qarabağla dəyişdirməyə və Alban katalikosluğuna münasibətdə müəyyən edilmiş güzəştləri hay-erməni katalikosluğu üçün müəyyən edilmiş güzəştlər kimi təqdim etməyə cəhd göstərirlər.
Bu cür faktları XV əsrə aid daha erkən sənədlərdə, o cümlədən Qaraqoyunlu Sultan Cahanşahın fərmanlarında da tapmaq mümkündür. Bu sənədlərdə Tatev və Vaqadi monastır torpaqları hər cür vergidən azad edilir, Göyçə vilayətinin ruhaniləri isə Tatevin baş keşişi Şmavon Vardapetə, yəni Sünik Alban kilsəsinin başçısının tabeliyinə verilir.
Burada qeyd etmək vacibdir ki, sənəddə məhz Alban xristian ruhaniləri “xristianların nümayəndəsi” adlandırılır. Lakin bu sənəd təsvir olunarkən yuxarıda göstərilən Papazyan burada da saxtakarlığa yol verərək, “erməni ruhaniləri” ifadəsini işlədir və bununla da Alban kilsəsinin ierarxiya quruluşunun daxili prosesini “erməniləşdirməyə” cəhd göstərilir, son nəticədə isə Azərbaycan tarixi bu ərazilərdə heç vaxt mövcud olmamış Ermənistanın tarixi kimi qələmə verilir. Lakin burada da kuryozsuz ötüşmək mümkün olmamışdır. Belə ki, E.Lalayana istinad edən elə həmin Papazyanın etirafına görə, Ordubaddakı ermənilər buraya əsasən 1827-ci ildə Cənubi Azərbaycan ərazisindən köçürülmüşlər (Bax: A.D.Papazyan “Persidskie dokumentı Matenadarana”, Ep., 1956, “Persidskie dokumentı Matenadarana”, I ukazı, II (1601-1650, qq.) Ep., 1959, “Persidskie dokumentı Materanadarana”, Ep., 1968). Tarixi faktlar belədir.
Bu sözləri təmsil etdiyiniz hər bir cəmiyyətə, mədəniyyətə, hər nümayəndə-fərdinə, hər birinizə ünvanlamaq olar: “Mədəniyyətimizin qəlbi qəlbimizin mədəniyyətindən irəli gəlir”.
Biz Azərbaycanlılar öz mədəni müxtəlifliyimizi, mədəni, əqli mülkiyyət hüquqlarımızı və özünəməxsusluğumuzu qoruyub saxlamaqla yanaşı, eyni dərəcədə digər xalqların mədəni müxtəlifliyinə də hörmət və ehtiram bildiririk.
UNESCO-nun “Mədəni müxtəliflik üzrə Universal Bəyənnamə”sinə əsasən, hər bir mədəniyyət cəmiyyətə xas olan intellektual nailiyyətlərlə yanaşı, mənəvi, maddi və emosional əlamətlər məcmusudur. Xüsusilə qeyd edirəm ki, mədəniyyət millətin həyat tərzində, “birgə yaşayış bacarığında” və ənənələrindədir.
Odur ki, mədəni hüquqlar siyasi mifologiyanı, digər xalqın torpaqlarına və mədəni irsinə iddiaları rədd edir, etnik təmizləməni və assimilyasiya siyasətini, ksenofobiyanı, eyni zamanda, bir millətin “əzabkeşliyindən” irəli gələn “müstəsnalığını” və “xüsusi missiyasını”, bunun nəticəsi kimi, onun mədəni müxtəlifliyinin absurd dərəcədə şişirdilməsini və “mədəni” relyativizm bəhanəsi ilə insan haqlarının pozulmasına bəraət qazandırılmasını qəbul edə bilməz.
Bu gün Azərbaycan ərazisinin 20 faizi işğal altındadır və buradakı mədəni dəyərlərimizin–irsimizin maddi və qeyri-maddi nümunələri Ermənistan tərəfindən talan və məhv edilir, mədəni ənənələrimiz, hətta müəlliflik hüququ ilə qorunan əsərlərimiz mənimsənilir. Lakin bu, Azərbaycan mədəniyyətinə vurulan yeganə zərbə deyil.
Etnoloji üzvi əlaqələr yaradıcılıqda və mədəni ənənələrdə etnosun həm təbii-bioloji, həm də yaradıcı-mənəvi gücünü təbiət və doğma torpaqla, iqlim və coğrafı arealla bağlayır. Bu gün 1 milyon nəfər qaçqın və köçkünü olan azərbaycanlılar öz coğrafi məkanında – dünya ictimaiyyəti tərəfindən musiqi konservatoriyası kimi qəbul edilmiş Qarabağda yaradıcılıq və ənənələri yaşatmaqdan da məhrum olmuşlar. Bu isə Azərbaycanın mədəni irsinə vurulan digər zərbədir.
Liberalizmin klassiki, keçmiş əsrin ən böyük mütəfəkkirlərindən sayılan avstriyalı Fridrix Fon Xayekə görə, mədəni ənənələr nə təbii, nə də süni məhsuldur, ortaq bir yaranmadır. Bunların təbii yaranma və inkişafı müəyyən ərazidəki iqlim, flora, faydalı qazıntıların yoluna bənzəyir və tarixi proses bu ənənələri vacib təbii resursa və milli sərvətə çevirir. Bununla ənənələr nəinki mədəni, eləcə də iqtisadi, ərazi inkişafı aləti olur. Bundan məhrum olmağımız bizə vurulan daha bir zərbədir.
Təkrarən Fridrix fon Xayekin sözlərini xatırlatmaq yerinə düşərdi: “İnsanları cəmləşdirən, həyatını mümkün edən onların fəaliyyətinin nizamlanmasıdır, vərdişlərinin düşünülmüş qayda-qanunlarla əvəz edilməsi və hüquqi normalara riayət edilməsidir”.
Beynəlxalq normalara riayət etmədiklərinə görə ərazilərimizə göz dikənlərə qarşı hər zaman mübarizə aparılacaqdır. Çünki mədəniyyətin qəlbi qəlbin mədəniyyətidirsə, işğalçı qəlbinə mədəniyyət yaddır. Odur ki, saxtaçılıq yolu ilə qonşularının hesabına “böyük Ermənistan” və “böyük erməni mədəniyyəti” xülyası ilə yaşayanlara məşhur ingilis fəlsəfəçisi və hüquqşünası ideoloji liberalizmin və analitik liberal hüquq məktəbinin, utilitar fəlsəfənin banisi İeremiya Bentanın XVIII əsrdə dediyi sözləri xatırlatmaq yerinə düşərdi: “Prinsiplərə riayət etməkdən imtina edən xalqlar gec-tez gücə tabe olmalıdırlar”.
Artıq bütün dünyaya məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət mədəni müxtəlifliyi dəstəkləyərək, multikulturalizmdən irəli gələn mədəni plüralizm və tolerantlığı, mədəni hüquqların, ƏM hüquqlarının qorunmasını nəzərdə tutur.

Kamran İMANOV,
Professor.