Müəllifliyi xalqa məxsus olan mülkiyyət – onu qorumaq hər birimizin borcudur
May 31, 2017
http://tele-inform.com/?p=30318
Biləndə ki, hansısa mahnımızı, mətbəximizə məxsus olan hansısa bir təamı ermənilər özününküləşdiriblər, qəzəblənirik, səsimizin çatdığı yerəcən etiraz edirik.
Faktlarla, dəlil-sübutlarla əsil həqiqəti diqqətə çatdırırıq. Amma “Sarı gəlin”nin əsil Azərbaycan mahnısı, dolmanın azəri mətbəxinin ləziz təamlarından olmasını sübut etmək hələ işin çox cüzi bir hissəsidir. Əsil fədakarlıq və vətəndaşlıq mövqeyi böyüklüyündən-kiçikliyindən asılı olmayaraq xalq yaradıcılığının bütün nümunələrini göz bəbəyi kimi qorumaq, onun müqəddəsliyi, toxunulmazlığı keşiyində durmaqdır.
Azərbaycan tarixin bütün dövrlərinə aid tarixi-arxeoloji abidələrlə zəngin bir ölkədir. Tarixi abidələr bir xalqın ən qiymətli mədəni irsi, qədim və köklü bir etnos olduğunun maddi sübutu, daş yaddaşıdır. Təəssüf ki, onların əhəmiyyətli bir hissəsi uzun illər unudulub, baxımsız qalıb, öyrənilməyib. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra bu sahədə də böyük dönüş yarandı. Mədəni irsin qorunub saxlanması, gələcək nəsillərə çatdırılması, mədəniyyət abidələrinin aşkar edilməsi, bərpası, tədqiqi, istifadəsi və mühafizəsi mədəniyyət siyasətində prioritet sahəyə çevrildi.
Mədəni irsə daxil olan 6308 ədəd dünya, ölkə və yerli əhəmiyyətli memarlıq, arxeoloji, bağ-park, monumental və xatirə abidələri, dekorativ-tətbiqi sənət nümunələri qeydiyyata götürüldü. Eyni zamanda, “Yeni aşkar olunmuş tarix və mədəniyyət abidələrinin siyahısı” tərtib edildi. Aparılan tədqiqatlar nəticəsində aşkar edilmiş 1518 yeni abidə bu siyahıya daxil olundu.
Azərbaycan xalqının mədəni irsi bəşər mədəniyyətinin ayrılmaz bir hissəsidir. Məhz elə buna görə də çoxəsrlik tariximizdən yadigar qalan tarix və mədəniyyət abidələrinin mühafizəsi yerli və beynəlxalq əhəmiyyət kəsb edir. Bu dəyərli irsin keşiyində ilk növbədə milli qanunvericiliyimiz durur. Ölkənin Əsas Qanunu olan Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə əsasən, tarix və mədəniyyət abidələrini qorumaq hər bir vətəndaşın borcudur. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə “Azərbaycan ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarixi və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü” siyahısını təsdiq edib.
Bu gün Azərbaycan müxtəlif beynəlxalq konvensiya və layihələrə qoşularaq, tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların tədqiqi, bərpası və təbliği üçün zəruri olan qurumların yaradılmasına diqqət yetirilir.
Son illər Avropa Şurasının layihəsi olan “Avropa irs günləri” Azərbaycanda geniş şəkildə keçirilir. Belə tədbirlərin regionlarımızı da əhatə etməsi sevindirici haldır.
Təəssüflə qeyd etmək lazımdır ki, Ermənistanın işğalı altında qalmış, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində xalqımıza məxsus misilsiz mədəni irsimiz vəhşicəsinə talan olunmuşdur. Bu abidələrin böyük bir qisminin tamamilə məhv edildiyi, yararsız vəziyyətə salındığı ilə bağlı çoxlu sübutlar var. Üzdəniraq “qonşularımız” “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” Haaqa konvensiyasını (1954-cü il), “Arxeoloji işin mühafizəsi haqqında” Avropa konvensiyasını (1992-ci il) “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO konvensiyasını (1972-ci il) pozaraq, tarixi-mədəni abidələrimizi qəddarcasına talan edirlər.
İşğal altında olan torpaqlarımızda 500-dək tarixi-memarlıq, 100-dən çox arxeoloji abidə, 40 mindən çox eksponatı olan 22 muzey, 4 rəsm qalereyası, 46 milyon kitab və əlyazmalar saxlanılan 927 kitabxana, 10 istirahət və mədəniyyət parkı, 85 musiqi və incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı qalıb. Hərbi təcavüz nəticəsində ilk insan məskənlərindən olan, məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hazırda hərbi məqsədlərlə istifadə olunaraq, qəsdən məhv edilir. Bu mağaralardan tapılmış maddi-mədəniyyət nümunələri 1981-ci ildə Parisin “İnsan muzeyində”, “Avropanın ilk sakinləri” adlı sərgidə nümayiş etdirilmişdir.
Erməni vandalizminin qarşısını almaq məqsədilə müxtəlif səviyyəli beynəlxalq təşkilatlar qarşısında tez-tez məsələ qaldırılır, dünya ictimaiyyətinin diqqətini cəlb etmək məqsədilə müxtəlif səpgili tədbirlər keçirilir. Amma hələlik dünya dövlətləri bu faciəyə hüquqi qiymət verilməsinə bağlı susqunluq nümayiş etdirirlər.
Təəssüf hissilə qeyd etmək lazımdır ki, xalqımıza məxsus mədəni irsin talan edilməsinə hələ XIX-XX əsrlərdə başlanılmışdır. 1826-1828-ci illərdə Rusiya – İran müharibəsinin sonunda rus generalları Şeyx Səfi Kompleksinə məxsus zəngin, qiymətli əşyaları, xalqımız üçün dəyəri əvəzsiz olan maddi-mədəniyyət nümunələrini aparıblar.
Carizm dövründə isə Azərbaycanda muzey işinin təşkili məqsədyönlü şəkildə ləngidilir, Vətənimizin ərazisində aşkar edilən qiymətli arxeoloji abidələr Tiflis, Moskva, Peterburq muzeylərinə göndərilirdi.
Bu dövrdə Azərbaycanda arxeoloji işlə məşğul olan baza olmadığından, arxeoloji abidələrin tədqiqi ilə əsasən xarici arxeoloqlar məşğul olurdular. 1830-cu ildə İsveçrə səyyahı Dübia de Manperi Gəncə şəhəri yaxınlığında qazıntı işləri aparmış, tapdığı xeyli sayda arxeoloji nümunələri Fransaya göndərmişdir.
Fransız tədqiqatçı Jak de Morqan 1880-ci ildə Talış zonasında qəbir abidələrini açaraq tunc və dəmir dövrlərinə aid zəngin materiallar toplamış və bu nümunələrin hamısını Parisin “Şen Jermen” muzeyinə təqdim etmişdir.
Mədəni irsin öyrənilməsi sahəsində işlər müntəzəm olaraq bölgələrdə də aparılır. Hətta Azərbaycanda 1923-cü ildə ilk Arxeoloji Komitə yaradıldıqdan sonra, Mingəçevir şəhərində ekspedisiyalar aparılmış, e.ə. 3-cü minillikdən orta əsrlərə qədərki dövrü əhatə edən 20 mindən çox maddi-mədəniyyət nümunələri tapılmışdı.
Yevlax da tarixin tədqiqi ilə bağlı arxeoloqların üz tutduqları məkanlardandır. 2004-2005-ci llərdə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri rayonun Yəldili və Nərimankənd kəndlərində çöl-tədqiqat işləri aparmışdılar. Nəticədə b.e.ə. 1-ci minilliyə aid torpaq və küp qəbirlər aşkar edilmişdir. Qəbir küplərin hündürlüyü orta hesabla 15 metr, gövdəsinin diametri 80-90 santimetr olmuşdur.
B.e.ə. IV əsrdən başlayaraq Cənubi Qafqaz ərazisində küp qəbirlər adlanan arxeoloji mədəniyyət meydana çıxmışdır. Aran bölgəsində ən böyük küp qəbri nekropolları Ağcabədi, Yevlax, Mingəçevir ətrafında aşkar edilmişdir. Küp qəbirlər içərisində əsas yeri gil qablar tutur. Bu araşdırmalar nəticəsində bir daha təsdiq olundu ki, Azərbaycan qədim yaşayış məskənlərindən biri olmuşdur.
Həmçinin Yevlax rayonu ərazisindəki Qoçtəpə və Zərgərtəpə kurqanları, Xanabad kəndi yaxınlığındakı Hacılar körpüsü, Ərəş şəhəri ərazisində tapılmış yazılı daş sənduqə qəbirlər Azərbaycanın qiymətli tarixi-memarlıq abidələrindəndir.
Yevlax-Bərdə magistral yolunun 18-ci kilometrliyində, yolun sol tərəfində yerləşən Zərgərtəpə kurqanının diametri 58 metr, hündürlüyü 2 metr, uzunluğu 120 metrə yaxındır. Xalq etimologiyasına görə, həmin yerdə qızıl kəsildiyi, zərbxana olduğu üçün Zərgərtəpə adlanır.
Digər bir yozuma görə isə Zərgərtəpə- Sərgərtəpə, yəni “sərkərdə təpəsi” mənasını verir.
Qoçtəpə kurqanı-Yevlax rayonunun Qaraməmmədli kəndi ilə Rüstəmli kəndi arasındakı ərazidə yerləşir. Qoçtəpə qədim türk dilində “Yay düşərgəsi”, “yay evi” mənasını verir. Torpaqdan ucaldılmış bu möhtəşəm, konusvari təpədə ehtimallara görə, qədim türk qəbiləsinin başçısı, ağsaqqalı dəfn olunmuşdur. Qəbirin dörd ətrafında isə 50-yə yaxın qəbir var ki, bunun da ali məzhəb sahibi, başçının ailə üzvləri, xidmətçilərin olduğu ehtimal edilir. Rayon ərazisindəki bu kurqan və abidələr dövlət tərəfindən qeydiyyata götürülmüşdür.
Tarixi abidələr mədəni irsin özülünü təşkil edir. Bəşər sivilizasiyası üçün tarixi abidələrin önəmini anlayan mədəni dünya hər il aprelin 18-də Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününü bayram edir. Bu münasibətlə ölkəmzin qoruq və muzeylərində aprelin 18-i Açıq Qapı Günü elan edilir.
Ölkəmizin gündən-günə inkişaf etdiyi bir dövrdə milli mədəniyyətimizin təbliğ edilməsi, tarixi yer və abidələrimizin qorunub gələcək nəsillərə çatdırılması olduqca vacib və əhəmiyyətlidir. İKT-nin inkişafı bu işin daha uğurla görülməsinə imkan verir. Bu imkanlar həm də bizə özümüzü dünyaya təqdim etmək, tanıtmaq baxımından olduqca dəyərlidir. İllər öncə bizim olan, qədimliyimizi sübut edən zəngin maddi-mədəni irsi bu qədər keyfiyyətlə, həm də sürətlə təbliğ etmək imkanlarımızın olmamasının təəssüfündən ürəyimizə rahatlıq gətirən bir şəkildə qurtarırıq.
Bu nöqteyi-nəzərdən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin 2013-cü ildən etibarən mədəni irsin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi məqsədilə “Milli irs mükafatı” təsis etməsi də təqdirəlayiqdir.
Azərbaycan 1992-ci ildə beynəlxalq humanitar təşkilat olan YUNESKO-ya üzv qəbul edilmiş, 1996-cı ildə isə YUNESKO ilə Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Bununla da Azərbaycan ilk dəfə olaraq öz mədəni irsini dünyaya tanıtmaq fürsəti əldə etmişdir. Və 4 il sonra, 2000-ci ildə İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi YUNESKO-nun Ümumdünya irs siyahısına salındı.
Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində yorulmaz fəaliyyətinə görə 2004-cü ildə ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva YUNESKO-nun xoşməramlı səfiri adına layiq görüldü. Bu əlaqələrin nəticəsində hazırda Azərbaycanın bir sıra maddi və mənəvi mədəniyyət abidələri YUNESKO tərəfindən bəşəriyyətin yüksək dəyərləri kimi qorunur.
Beləliklə, ardıcıl olaraq 2003-cü ildə Azərbaycanın muğam sənəti YUNESKO- nun Qeyri-maddi mədəni irs siyahısına “Bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri” kimi daxil edilmişdir.
2007-ci ildə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, 2009-cu ildə Novruz bayramı və Aşıq sənəti, 2010-cu ildə Azərbaycan ənənəvi xalçaçılıq sənəti, 2012-ci ildə Azərbaycan tarı, 2013-cü ildə Qarabağ atüstü oyunu çövkən, 2014-cü ildə Azərbaycan kəlağayısı, 2015-ci ildə Lahıc misgərlik sənəti Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmşdir.
Azərbaycanın hələ bu siyahıya salınacaq çoxlu sayda abidələri var və yəqin ki, yaxın gələcəkdə milli-mənəvi dəyərlərimizi özündə əks etdirən həmin abidələrlə dünyanın tanışlıq imkanları yaranacaq.
Ölkəmizdə turizmin inkişafına diqqət bu gün hər zamankından daha artıqdır. Azərbaycanı tanıtmaq baxımından olduqca perspektivli olan bu sahənin uğuru isə həm də vətənimizin qədim tarixi, bu tarixi əks etdirən bir-birindən dəyərli maddi-mədəniyyət abidələrinə də bağlıdır. Deməli, xarici turistlərin maraq və diqqətini çəkmək üçün hər cür imkanlara sahibik: təhlükəsiz məkan, qonaqpərvər insanlar, gözəl təbiət, bir-birindən qədim maddi-mədəniyyət abidələri. Maraqlı və yaddaqalan bir səyahət üçün ölkəmizə turist axını həm də kapital əldə etmək yönündən önəmlidir.
Mədəni irsimizi qorumaq hər birimizin borcudur.Çünki bu vətənimizin, xalqımızın tarixidir. Dünənimizdir, bu günümüzdür, sabahımızdır. Bu dəyərləri elə qorumalıyıq ki, gələcək nəsillər belə bir vətənin övladı olmaqdan qürur duysunlar. Böyük şairimiz Səməd Vurğun doğru söyləmişdir:
Hər saxsı parçası, hər məzar daşı,
Nəsildən-nəsilə bir yadigardır.
Xanım NƏSİBOVA
Yazı Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və Azərbaycan Respublikasının Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür