"Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə" konfransı keçirilir
13 Dek 2017
http://son.az/az/news/304708/muellif-huququna-hormetin-asilanmasi-ve-reqemsal-muhitde-piratciliga-ve-kontrafaktciliga-qarsi-mubarize-konfransi-kecirilir
Bakı. Hüseyn Vəliyev - Bu gün Bakıda Azərbaycan Müəllif Hüquqları Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə əməkdaşlığı ilə “Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilir. Trend-in məlumatına görə, konfrans bir sıra ölkələrdən – Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan mütəxəssislərin iştirakı ilə aparılır və əsas məqsədi əqli mülkiyyət hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa qarşı atılan addımlara dəstək verilməsidir. Yığıncağın məqsədi ilk növbədə yaşadığımız dövrün texnoloji dəyişikliklərindən irəli gələn və əqli mülkiyyətin qarşısına qoyulan çağırışlarla bağlıdır. Yaranan yeni reallıq bütün sahələrdə “rəqəmli imperativ”in, rəqəmsal inqilabın nəticələrini nəzərə almaq tələblərini irəli sürür. Özü də rəqəmli məkanda informasiya axını həndəsi proqressiya sürəti ilə artır, belə ki, hər gün 2,5 kvintilyon bayt həcmində verilənlər artmaqdadır. Bu isə o deməkdir ki, dünya miqyasında verilənlərin 90%-i yalnız son 2 ildə yaradılıb. Bu şəraitdə əqli mülkiyyətin dövriyyəsinə aid üsullar və alqoritmlər, hüquqların müdafiəsi ilə bağlı ənənəvi tədbirlər rəqəmli mühitdə mexaniki surətdə tətbiq oluna bilmir. Üstəlik, qorunan ənənəvi əsər və rəqəmsal şəklə çevrilən, yəni qorunan kontent arasında fərq var. Bir tərəfdən, kontent informasiya təbiətinə görə özünə xas olan dövriyyəni təşkil edir və qaydalarla yaşayır, digər tərəfdən isə müəlliflik hüququ ilə qorunan əsərin forması zəifləyir və kontentin mahiyyətinə uyğun olaraq, əsərin məzmununun rolu artır. “İnternetin açıqlığı – ƏMH-nın qorunması” sistemində müasir texnologiyalar tarazlığı pozaraq, istifadəçilərin mövqelərinin üstünlüyünə, hüquq sahiblərinin isə zəifləməsinə gətirib çıxarır. Beynəlxalq səviyyədə piratçılığa qarşı mübarizə illər boyu gedir, lakin dünya miqyasında həyata keçirilən tədbirlər, o cümlədən hüquqi addımlar hələlik istənilən səmərəliliyi vermir: hüquqlar pozulmaqda qalır. ICC (Beynəlxalq Ticarət Palatası) tərəfindən yaradılan BASCAP (Piratçılığa və kontrafaktçılığa qarşı Biznes-Koalisiya) və INTA (Əmtəə Nişanları üzrə Beynəlxalq Assosiasiyası) 2017-ci il tədqiqatlarına əsasən, əgər 2011-ci ildə pirat və kontrafakt məhsulların həcmi ildə 650 mlrd. ABŞ $-a çatırdısa, 2015-ci ildə bu rəqəm 1,8 trln. ABŞ $-a qədər artıb.