Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Müəllif Hüquqları Agentliyinin təşkilatçılığı ilə 2017-ci il aprelin 26-da “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilmişdir


26 aprel – “Beynəlxalq Əqli Mülkiyyət Günü”.  26 Aprel – “Beynəlxalq Əqli Mülkiyyət Günü” 2000-ci ilin sentyabrında Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) Baş Assambleyasının qərarı ilə təsis edilmişdir.  Bu Günün qeyd edilməsi üçün 26 aprel tarixinin seçilməsi təsadüfi deyil: ÜƏMT-nin təsis edilməsi haqqında Konvensiya 1970-ci il aprelin 26-da qüvvəyə minmişdir (ölkəmiz 1995-ci ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının və əqli mülkiyyət sahəsində bir sıra beynəlxalq konvensiyaların üzvüdür).

Bu günü elan etməklə, ÜƏMT milli hökumətləri bütün dünyada əqli mülkiyyət hüquqlarının qorunmasına, bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsinə və əqli yaradıcılıq nəticələrindən qeyri-qanuni istifadənin qarşısının alınmasına xüsusi diqqət yetirməyə çağırır. Eyni zamanda, bu əlamətdar günlə bağlı keçirilən müxtəlif növ tədbir, görüş, dəyirmi masa, konfrans və simpoziumların əsas məqsədi əqli mülkiyyət, müəllif-hüquq mədəniyyətinin formalaşdırılmasına dəstək verməkdən, biliklər cəmiyyətində əqli mülkiyyətin kreativlik və yenilikçilik amillərinin stimullaşdırılmasında əvəzedilməz əhəmiyyətini qabarıq şəkildə göstərməkdən ibarətdir.

23 Aprel – YUNESKO tərəfindən elan edilmiş “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” 1997-ci ildən, 26 aprel- ÜƏMT-nın bəyan etdiyi “Beynəlxalq Əqli mülkiyyət Günü” isə 2001-ci ildən başlayaraq hər il ölkəmizdə geniş şəkildə qeyd olunur, bununla bağlı silsilə tədbirlər təşkil edilir.

Müəllif Hüquqları Agentliyi 23 Aprel – “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə ÜƏMT ilə birgə cari ilin 20 aprel tarixində “Kitab nəşri və rəqəmsal inqilab: rəqəmsal nəşriyyat sənayesinə doğru istiqamətlər, proseslər və praktiki addımlar” mövzusunda beynəlxalq seminar keçirmişdir.

26 aprel - ÜƏMT-nın bəyan etdiyi “Beynəlxalq Əqli mülkiyyət Günü” ilə bağlı şüarı isə “İnnovasiyalar: həyat keyfiyyətinin yüksəldilməsi”dir. Bu müraciət və şüar hamıya, bütün insanlara, o cümlədən Ermənistandan deportasiya olunmuş250 min və öz ölkəmizdə məcburi köçkünə çevrilən 750 min azərbaycanlılara da aiddir.

Zəbt olunmuş torpaqların boşaldılması ilə bağlı beynəlxalq qərarlara məhəl qoymayan işğalçı Ermənistan dövləti sülh istəmir, yaranan vəziyyəti imkan çərçivəsində uzatmaq istəyir və təəssüflər olsun ki, bu hərəkətinə görə beynəlxalq strukturlar tərəfindən heç bir təzyiqlə qarşılaşmır. Üstəlik, ərazi iddialarını «əsaslandırmaq» məqsədi ilə maddi və qeyri-maddi mədəni irsimizə təcavüz edilir, «Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsi» davam etdirilir.

Müəllif Hüquqları Agentliyi aprelin 26-da “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirir. Konfransda erməni plagiatını ifşa edən qədim mətnlər və klassik mənbələr haqqında söhbət açılmış və bir neçə tarixşünaslıq əsərlərindəki yeni məlumatlar çatdırılmışdır.

Tədbirdə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi sədri, professor Kamran İmanov, Müəllif Hüquqları Agentliyinin eksperti Elşad Əlili, Bakı Dövlət Universitetinin Asiya və Afrika ölkələri tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Atamoğlan Məmmədli, Bakı Dövlət Universitetinin Arxeologiya və etnoqrafiya kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədov, eləcə də Azərbaycan Respublikasının dövlət orqanlarının və təhsil müəssisələrinin nümayəndələri iştirak və çıxış edəcəklər.

 

***

 

1. Bugünkü tədbir YUNESKO-nun elan etdiyi 23 aprel “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” və ÜƏMT-nin 26 aprel “Beynəlxalq Əqli Mülkiyyət Günü”nə həsr olunmuş silsilə tədbirlərdən biridir, 24 aprel isə bəlli olan qondarma “erməni genosidi günü”dür və məqsədimiz hay-erməni saxtakarlıqlarını və uydurmalarını qədim mətnlərə və klassik mənbələrə söykənərək, ifşa etməkdir. Bu konfrans erməni mifomaniyasını tarixi sübutlarla, elmi dəlillərlə və danılmaz faktlarla ifşa etmək missiyasını davam etdirən yığıncağa çevriləcəkdir. Çünki erməniçilik “Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsi” ilə yanaşı, folklor yaradıcılığının bir növünə - mif yaradıcılığına çox meyllidir.

Bu, doğrudan da, “milli istedaddır”, istər “böyük Ermənistan”, istər “Cənubi Qafqazda erməni avtoxtonluğu” yaxud “böyük erməni mədəniyyəti”, istərsə də “sivilizasiyanın erməni ilk ocağı” haqqında miflər, “erməni genosidi” və digərləri.

Bu mifologiyanın məqsədi “böyük torpaqlar” stereotipini və qonşulara qarşı ərazi iddialarını bir-birinə bağlamaq, qonşuların mədəni irsinin mənimsənilməsinə “təbiilik” gətirmək, haqq qazanmaq üçün “sübutlar” hətta “legitimlik” qazanmaq. Nəhayət, məhz bu mifologiya, erməni xadimlərinin – istər siyasətçi, istər alim, istərsə də kütlə olsun, dünyagörüşünü müəyyənləşdirir. Ermənilərin “müstəsnalığı” haqqında yaradılmış mif və xarici aləmə qarşı “əzabkeşlik” tezisindən irəli gələn ambisiya və iddialar erməni düşüncəsində təbii olan adilik rolunu hər cür aradan götürməyə çalışır, ermənilərin “xüsusi missiya”sının irəli sürülən stereotipi isə beynəlxalq hüququn müasir sülh quruculuğunun təməl daşı kimi tanınmasına mane olur.

2. Şübhəsiz ki, sadalanan amillər müasir erməni identlikliyini formalaşdırır.

Multikultural ənənəyə uyğun olan pozitiv sxem çərçivəsində Azərbaycan xalqının identikliyi formalaşarkən, digərlərinə qarşı düşmən baxışı ilə yox, digər milli və etnik qruplarla münasibətlərdə kompromis axtarışına, konsensusun tapılmasına yönəldilir. Nəticədə 3 identiklik qrupu (etnik-“icma”, “ölkə”-milli vətəndaş və “dünya”-ümumbəşəri) insanların identiklik seçimi “ölkə”-milli vətəndaş və “dünya”-ümumbəşəri qruplara meyillidir və etnik-“icma” seçimi üstələyir.

Buna əks olaraq, neqativ sxem əsasında qurulan identiklik digərlərin qrupunu inkar edir, öz seçimini onlara qarşı qoyur, yadelli münasibət bəsləyir və digərlərinə aqressiv yanaşır, qəbul etmir, etnik təmizlənməyə üstünlük verir. Belə vəziyyətdə etnik (“icma”) seçim digər “ölkə” və “dünya” seçimi üstələyir.

Dediklərimizi YUNESKO-nun 76 ölkədə identikliklə bağlı apardığı “World Values” sorğusundakı rəqəmlər əsasında bizim araşdırmalarımız göstərir ki, azərbaycanlıların multikultural, tolerant əlamətlərini təsdiqləyən çox aşağı səviyyədə olan “icma” (24%) və çox yüksək olan “dünya” (21%) identikləridir, mənzərəni tamamlayan yüksək “ölkə” identikliyidir (55%). Bu isə nə deməkdir? Ölkə, milli-vətəndaş identikliyi icma, lokal, etnik identikliyini qat-qat üstələyir. Bununla yanaşı, hakimiyyətin düzgün seçilmiş ümumbəşəri siyasəti əhali tərəfindən dəstəklənərək, yüksək “dünya” məxsusluğu identikliyi formalaşdırır. Bir sözlə, “biz fəxr edirik ki, Azərbaycanlıyıq”.

O ki qaldı Ermənistana, onun “icma” – etnik identifikliyi göstəricisi çox yüksək olaraq 38%-dir, “dünya” identifikliyi isə yalnız 11%-dir. Nəticələri çıxartmaq çətin deyil.

3. Lakin erməniçilik mifomaniyası bununla bitmir. Erməniçiliyin sifarişi ilə muzdlu xarici müəlliflər tərəfindən yazılan çoxlu sayda “əsərlər” riyakarlığa əsaslanaraq, tarixi saxtalaşmaya yol açır, dünyaya yalan toxumu səpir, beynəlxalq ictimai rəyi çaşdırır. Uydurmalar isə qəbul edilmədiyi halda “çox əzabkeş” xalqın millətçiləri aqressiya və terrora əl atırlar.

Təsadüfi deyildir ki, tanınmış tarixşünas-coğrafiyaçı Erik Fayqlın dediyi kimi, “…Erməni terrorizminin kökləri tarixə yanlış baxımdan irəli gəlir… Müasir erməni terroristlərin unikallığı ondadır ki, tarix (daha doğrusu tarixə öz baxışı) onlar üçün yeganə bəraətdir”.

4. Araşdırmalar göstərir ki, istər hay-erməni xalqının kollektiv yaddaşında, istərsə də institusional (akademik və tədris) nəşrlərdə tarix və etnik-coğrafi yaşayış arealı mifoloji köklərə əsaslanır və digər, xüsusilə qonşu xalqların hüquqlarına xələl gətirir. Çünki bu dahi etnoloq Qumilyevin dediyi kimi, “tarixi-coğrafi saxtakarlıq və yalan mədəni və sosial mühitə təsir göstərən antisistemdir”, bəşəriyyətin inkişafına zidd olan amildir.

Tarixi saxtakarlığın üsullarına gəldikdə isə, iki imkan hay tarixşünaslığı tərəfindən məharətlə istifadə olunub.

Birincisi, xristianlığın müqəddəs kitabı – İncilə dəyişikliklər və əlavələr edərək, “xalqlar cədvəlini” təftiş edərək, virtual Hayk və onun uydurma Armen və s. sələflərini yaratmaq, süni surətdə qohumluğa soxularaq, məşhur xalqlarla, digər tarixçiliyə malik olan xalqların nüfuzundan istifadə etmək.

İkincisi, tarixçiliyi ilə məşhurlaşan qədim dillərdəki tarixi hekayələri, rəvayətləri və əfsanələri hay dilinə tərcümə və bu tərcümələrə endoetnonim Haykı əlavə edərək, hay-erməni dilində özününküləşmişmifologemlər yaratmaq.

Hay-erməni institusional (akademik və dərslik) tarixi ədəbiyyatına retrospektiv nəzər göstərir, erməni tarixi mifinin yaradılması dörd mərhələdən keçmiş və qısaca olaraq, “miqrantlardan avtoxtonlara doğru” düsturu ilə ifadə edilə bilər. Bu fikir tanınmış alim V.A.Şnirelmana məxsusdur (“Войны памяти”, ИКЦ Академкнига, M., 2003) və həmin mütəxəssisin dəqiqliklə qeyd etdiyi kimi, “Ermənistanda mif və siyasət bir-birinə sıx bağlanaraq, bu və ya digər formada “miqrantlıqdan avtoxtonluğa doğru” şüarına işləyir. Hay-erməni tarixşünaslığının keçdiyi mərhələlərin formalaşması daimi və müvəqqəti siyasi amillərlə bağlıdır. Daimi amillər – öz siyasi tələblərini uydurulmuş “qədim tarix”ə istinad etməklə və dövlətçilik ənənəsinin olmadığı (qısa müddətli dövr istisna olmaqla) şəraitdə digər tarixi və müasir ölkələrin dövlətçiliyini özününküləşdirib, onlara qarşı ərazi iddialarını irəli sürməkdə idi. Müvəqqəti amil isə cari siyasi konyuktura ilə bağlı idi.

Nəticə etibarı ilə tarixi saxtalaşdırma mifi öncəki təsəvvürlərə əsasən, Kiçik Asiyanın avtoxton, sonradan ilk arilərin vətəni olan Ermənistanı, özü də qafqazlı olmayan hay ermənilərin Balkandan miqrant olan və eyni zamanda Anadolunun avtoxton xalqına çevrilməsinə, daha sonra Anadolunun və Cənubi Qafqazın avtoxton millətinə və nəhayət, Hind-Avropa xalqlarının beşiyinə, ilk xristian ölkəsinə və “Böyük Armeniya” ərazisinin mədəni irsinin sahibinə gətirib çıxarmaq məqsədinə qulluq edir.

5. Erməni miflərini saymaqla qurtarmaz. Onların hamısı məqsəd quruluşuna və praktiki təyinatına görə birləşərək, siyasi mifologiya kateqoriyasına aid olur.

Bir neçə müasir politoloqların, o cümlədən S.B.Luryenin araşdırmalarına əsasən, digər xalqlardan fərqli olaraq, erməni siyasi düşüncəsinin xüsusiyyəti geosiyasi xarakter daşıyaraq, ermənilərin yaşadığı yerlər əsasında müəyyən coğrafi xəritə qurmaq və yaşadığı yerləri özləri üçün növbəti “Ermənistan” adlandırmaqdan ibarətdir.

Həqiqətən, xalqların (millətlərin) tarixi adətən yaşadıqları ərazi ilə sıx bağlıdır: odur ki, “Azərbaycan tarixi” və ya “Gürcüstan tarixi” yazıldıqda, təbii olaraq, yaşadığı areal ilə birgə müvafiq millətin tarixi də ehtifa edilir. Lakin hay-ermənilər öz yaşadıqları ərazini bir neçə anlayış, tərif vasitəsilə ifadə edirlər, bununla da hay-erməni tarixi-etnik ərazisi, faktiki olaraq, virtual anlayış qismində çıxış edir və bu ərazinin lokallaşdırılması siyasi konyukturaya əsasən, “lazım olan” və ya qonşularına ərazi iddialarına əsasən, “mümkün olan” yerdə məskunlaşdırılır.

Hay-ermənilərin yazdıqları tarix avtoxton xalqın tarixi olmur, bunu avtoxtonlar yazmırlar, alloxton, miqrant xalqın tarixidir, miqrantlar tərəfindən yazılmış tarixdir. Elə erməni alimlərin etirafına əsasən, ermənilər hazırda etno-konfessional cəhətdən fərqlənən 11 subetnik qruplar təşkil edir və 35 tarixi “Armeniya”lar sayırlar. Bu qədər “Ermənistan” olduğu halda, hansı “Ermənistanın tarixi”ndən söhbət gedəcək? Odur ki, avtoxton xalqlardan fərqli olaraq, erməni alimləri “Ermənilərin tarixi”ni, bir sözlə, etnosun tarixini yazmaq məcburiyyəti qarşısındadırlar, ya da “Hayastan” adlı ölkəsi olmayan mifoloji Hayların tarixini yazırlar və burada digər xalqların ərazisindən və tarixindən söhbət açırlar.

Şübhəsiz, Armeniyaların çoxluğu və yazılan hay-erməni xalqının tarixləri siyasi aspektdən daim sönməz ərazi iddialarından xəbər verir. Bununla belə, erməni yazarları Armeniyaların çoxluğuna əsaslanaraq, Aralıq, Qara və Xəzər dənizləri arasındakı “Böyük Ermənistan” xülyasını yaşatdırırlar, bu mifologem ayrı-ayrı, parça-parça olan uydurma Armeniyaları yeni bir uydurma “kompleksinə” çevirməyə dəstək verərək, buraya Türkiyə, Gürcüstan və Şimal-Cənubi Azərbaycan torpaqlarını daxil etmiş olur. Bu, bir tərəfdən digər xalqların tarixini, tarixi coğrafiyasını və mədəniyyətini özününküləşdirməklə, hay-erməni qədimliyinin qurulmasına işləyir, digər tərəfdən isə Ermənistanın bizə qarşı təcavüzünün köklərində dayanır.

6. Lakin Prezident cənab İlham Əliyevin Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbiçilərlə görüşündəki nitqindən olan sözləri xatırlatmaq yerinə düşərdi: “...İndiki Ermənistan da tarixi Azərbaycan torpaqlarında yaranıbdır. İrəvan, Zəngəzur, Göyçə mahalları bizim tarixi torpağımızdır. Biz ədalətsizlik, böyük dövlətlərin siyasəti nəticəsində bu torpaqlardan məhrum olduq. Əlbəttə, biz bu tarixi bilməliyik. Bilməliyik ki, qondarma “Dağlıq Qarabağ qurumu”nun heç bir gələcəyi yoxdur. Biz başqa ölkələrin torpağına iddiaçı deyilik. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcəyik…”.

Nəyin bahasına olursa olsun, işğalçı dövlət torpaqlarımızı boşaldacaqdır.