Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Müəllif Hüquqları Agentliyinin göstərdiyi xidmətlərin bir hissəsi ödənişli olacaq


Son vaxtlar Müəllif Hüquqları Agentliyinə müəlliflərdən, hüquq sahiblərindən, jurnalistlər və digər təbəqələrdən Agentliyin gələcək fəaliyyətinin təşkili ilə bağlı çoxlu suallar daxil olur.  Fəaliyyətimizi diqqətdə saxlayanlara öz təşəkkürlərimizi bildiririk.

Öncədən qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 24 noyabr 2016-cı il tarixli 1125 nömrəli Fərmanına uyğun olaraq, “Mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanı” statusuna malik Müəllif Hüquqları Agentliyinin əsasında yaradılmış “Müəllif Hüquqları Agentliyi” publik hüquqi şəxsi Nizamnaməsinin dövlət başçısı tərəfindən təsdiq edildiyi və publik hüquqi şəxs kimi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək öz fəaliyyətini mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanı kimi davam etdirəcəkdir.

İlk növbədə onu qeyd etmək istərdik ki, Müəllif Hüquqları Agentliyinin publik hüquqi şəxs kimi fəaliyyət göstərməsi üçün hazırda hüquqi baza tam formalaşmamışdır. Bununla əlaqədar, Fərmanın aidiyyəti üzrə icrası ilə bağlı Agentlikdə bir sıra işlər görülmüş, bu çərçivədə publik hüquqi şəxslərlə bağlı dünya təcrübəsi öyərnilmiş, bununla bağlı kitabça hazırlanmış, yeni təşkilati – hüquqi formaya keçidi təmin etmək məqsədi ilə Agentliyin sədrinin rəhbərliyi altında komissiya yaradılmış, Müəllif Hüquqları Agentliyinin Nizamnamə layihəsi ilə yanaşı, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında”,“Dövlət qulluğu haqqında” və “Publik hüquqi şəxslər haqqında” Qanunlara dəyişikliklər edilməsi barədə Qanun layihələri hazırlanmış, aidiyyəti orqanların rəy və təklifləri nəzərə alınmaqla təkmilləşdirilmiş və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğun olaraq Nazirlər Kabinetinə təqdim edilmişdir.  

Burada bir vacib məqamı qeyd etmək istərdik ki, göstərilən qanunlara təklif olunan dəyişiklikliklərin əsas məqsədi Müəllif Hüquqları Agentliyinin publik hüquqi şəxs kimi səmərəli fəaliyyəti üçün imkanların və əsasların yaradılması ilə bağlıdır və bununla əlaqədar qeyd etdiyimiz qanunlara dəyişiklikliyin edilməsi zəruridir.

Xüsusi qeyd etmək istərdik ki, Müəllif Hüquqları Agentliyinin mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanı kimi yerinə yetirdiyi bir sıra vəzifə və funksiyalar Agentlik publik hüquqi şəxs kimi fəaliyyətə başlayandan sonra da eyni qaydada davam etdiriləcəkdir, o cümlədən müəlliflərə və digər fiziki şəxslərə müəlliflik və əlaqəli hüquqlarının qorunması ilə bağlı xidmətlər göstəriləcək, Azərbaycan xalqına məxsus olan əqli mülkiyyət nümunələrinin – folklor (ənənəvi mədəni nümunələr), ənənəvi biliklər və digər növlərinin hüquqi qorunmasının həyata keçirilməsinin təmin edilməsi, onların mənimsənilməsinə və onlardan istifadə ilə bağlı hüquqların pozulmasına, həmçinin erməni plagiatı və saxtakarlıqlarına qarşı mübarizə tədbirləri davam etdiriləcəkdir.

Qeyd etmək lazımdır ki, Müəllif Hüquqları Agentliyin mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanı kimi  fəaliyyəti bu günə kimi dövlət büdcəsi hesabına maliyyələşdirilir. Agentliyin təşkilati-hüquqi formasının dəyişməsi və publik hüquqi şəxsə çevrilməsi isə yeni hüquqi situasiya yaradır. “Publik hüquqi şəxslər haqqında” Qanuna uyğun olaraq, publik hüquqi şəxsin fəaliyyəti dövlət büdcəsindən ayrılan vəsaitlər, fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və nizamnamədə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitlər hesabına maliyyələşdirilir.

Belə vəziyyətdə Agentliyin göstərdiyi xidmətlərin bir hissəsi ödənişli olacaqdır və qeyd etmək vacibdir ki, belə xidmətlər Agentliyin tənzimləməsi və nəzarəti nəticəsində əqli mülkiyyət hüquqlarından gəlir götürən kommersiya fəaliyyətli hüquqi şəxslərə şamil olunacaqdır.

Qeyd edək ki, Agentlik mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanı kimi də hal-hazırda də müəyyən ödənişli xidmətlər göstərir. O cümlədən, nəzarət markalarının verilməsi ödənişlidir, həmçinin əsərlərin və əlaqəli hüquqlar obyektlərinin, inteqral sxem topologiyalarının, məlumat toplularının qeydiyyatına görə və bu obyektlərə olan hüquqların tam və ya qismən verilməsi haqqında müqavilənin qeydiyyatına görə dövlət rüsumu ödənilir və onun müəyyən hissəsi qanunvericiliyə uyğun olaraq Agentliyə verilir. 

 

03.03.2017