Müəllif Hüquqları Agentliyində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyasının nümayəndələri ilə görüş keçirilmişdir
Cari ilin aprelin 13-də Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) nümayəndələri xanım İsabella Pimentel və cənab Giulio Zanetti ilə görüş keçirilmişdir. Görüşdə ÜƏMT Akademiyası ilə əqli mülkiyyət sahəsində əməkdaşlıq məsələləri və ölkəmizdə əqli mülkiyyət üzrə milli akademiyanın yaradılması perspektivləri müzakirə edilmişdir.
Qonaqları salamlayan Agentliyin sədri cənab Kamran İmanov Azərbaycanın əqli mülkiyyət sistemi və son dövrlərdə ölkəmizdə müəllif hüquqlarının qorunması sahəsində görülmüş işlər barədə danışmış, hüquqların təminatında maarifləndirmə işinin əhəmiyyəti nəzərə alınmaqla son dövrlər Agentlik tərəfindən həyata keçirilən bir sıra tədbirlər, o cümlədən hakimlər, gömrük və hüquq mühafizə orqanlarının əməkdaşları, kollektiv idarəetmə təşkilatlarının nümayəndələri, hüquq sahibləri, elm adamları, tələbələr və digər qrup insanlar üçün əqli mülkiyyət üzrə təşkil edilən müxtəlif təlimlər barədə məlumat vermişdir.
Agentliyin sədri qeyd etmişdir ki, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Müəllif Hüquqları Agentliyinin tabeliyində “Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi” yaradılmışdır. Mərkəz 2012-ci ildə ÜƏMT-nin Əqli Mülkiyyət Akademiyalarının Qlobal Şəbəkəsinə qoşulmuşdur.
Xanım İ.Pimentel xoş qəbula görə təşəkkür edərək Agentliyin son illərdəki fəaliyyətinin xüsusi maraq doğurduğunu bildirmişdir. O, səfər çərçivəsində Azərbaycanda əqli mülkiyyətlə bağlı cari vəziyyətin və əqli mülkiyyət hüquqları üzrə hazırlanacaq təlimçilər üçün təlimlərin keçirilməsi perspektivinin öyrəniləcəyini qeyd etmişdir. İ.Pimentel bu məqsədlə onlar tərəfindən müəyyən planın hazırlanacağını qeyd etmişdir.
Görüş zamanı qonaqların əqli mülkiyyət sahəsi ilə bağlı sualları cavablandırılmışdır. ÜƏMT-nin nümayəndələri həmçinin Müəllif Hüquqları Agentliyinin Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin maddi-texniki bazası, smart-sinif və onun iş prinsipi ilə yerində tanış olmuşlar.
14.04.2015