Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Müəllif Hüquqları Agentliyində “Microsoft” şirkətinin Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri ilə görüş olmuşdur


Cari ilin iyul ayının 9-da Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri cənab Kamran İmanov “Microsoft” şirkətinin Azərbaycan üzrə Nümayəndəliyinin Baş direktoru cənab Rüfət Hacıəlibəyovu qəbul etmişdir.
Görüş zamanı dövlət orqanlarında və təhsil sistemində tam lisenziyalı proqram təminatına keçilməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur. 
Cənab Kamran İmanov qeyd etmişdir ki, sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatında əqli mülkiyyətə, xüsusən müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan sənayenin payı getdikcə artmaqdadır. Digər tərəfdən, yeni informasiya və kommunikasiya texnologiyaları sektorunun inkişafı əqli mülkiyyət hüquqlarının təminatından çox asılıdır. Bununla yanaşı, əqli mülkiyyət hüquqlarının qorunması və qanunvericiliyə hörmət təhsilin fundamental hissələrindən biridir. Bunu nəzərə alaraq, ölkəmizdə əqli mülkiyyət hüquqlarının təminatı səviyyəsini yüksəltmək, xüsusən kompüter piratçılığına qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədi ilə mütəmadi tədbirlər həyata keçirilir və dövlət orqanlarının və təhsil sistemi müəssisələrinin tam lisenziyalı proqram təminatına keçməsi ilə bağlı müvafiq dövlət orqanları tərəfindən görülən işlər sürətləndirilir. Belə ki, mərkəzi icra hakimiyyəti orqanlarında və orta təhsil məktəblərində lisenziyalı proqram təminatı məsələləri artıq həll edilmişdir. Bu sahədə müvafiq tədbirlərin görülməsində Müəllif Hüquqları Agentliyi tərəfindən öz səlahiyyətləri daxilində müvafiq qurumlara hər cür kömək göstərilir və gələcəkdə də göstəriləcəkdir.
Cənab Rüfət Hacıəlibəyov proqram təminatı sahəsində şirkət tərəfindən reallaşdırılan proqramlar haqqında məlumat vermiş, Müəllif Hüquqları Agentliyi ilə əməkdaşlığa böyük önəm verdiklərini vurğulayaraq, dövlət orqanlarında və ali və orta ixtisas təhsili müəssisələrində lisenziyalı proqram təminatının istifadəsini təmin edən səmərəli tədbirlərin tətbiqində Müəllif Hüquqları Agentliyi tərəfindən dəstək verilməsini xahiş etmiş, eyni zamanda bu sahədə əməkdaşlığa görə öz təşəkkürünü bildirmişdir. 
Görüşdə qeyd olunan məsələ ilə bağlı bəzi konkret məqamlar da müzakirə edilmiş, görüşün sonunda isə bu cür görüşlərin səmərəsi və müntəzəm keçirilməsinin əhəmiyyəti qeyd olunmuşdur.


10.07.2015