Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Müəllif Hüquqları Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə əməkdaşlığı ilə “Kitab nəşri və rəqəmsal inqilab: Rəqəmsal nəşriyyat sənayesinə doğru istiqamətlər, proseslər və praktiki addımlar” mövzusunda beynəlxalq seminar təşkil olunmuşdur


23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü. YUNESKO-nun 25 oktyabr - 16 noyabr 1995-ci il tarixlərdə keçirilmiş 28-ci sessiyasında 23 aprelin “Ümumdünya Kitab və Müəlliflik hüququ günü” elan edilməsi bərədə qərar qəbul edilmişdir.

23 Aprel – “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” 1997-ci ildən başlayaraq hər il ölkəmizdə geniş şəkildə qeyd olunur, bununla bağlı silsilə tədbirlər təşkil edilir. Belə tədbirlərin keçirilməsində məqsəd kitabların insan həyatındakı böyük əhəmiyyətini vurğulamaq, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanmasındakı rolunu göstərmək və davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı əhəmiyyətini diqqətə çatdırmaq, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirmək, diqqəti mədəni irsin və adət-ənənələrimizin qorunub saxlanmasına yönəltməkdir.

“Kitab”, “Müəllif” və “Müəlliflik hüququ” anlayışları yaranan andan bir-biri ilə qırılmaz təmasda olmuşdur. “Yaradıcıdan, müəllifdən – əlyazmaya, kitaba”, “əlyazmadan, kitabdan – müəlliflik hüququna” – bu üzvi əlaqələr bir tərəfdən tarixi ardıcıllığı, digər tərəfdən isə müəlliflik hüququnun yaradıcılıqdakı əhəmiyyətini göstərir.

“Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” ilə əlaqədar YUNESKO-nun Baş direktoru İrina Bokova builki müraciətində kitabın əhəmiyyətindən söz açaraq demişdir: “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü bütün vətəndaşlar üçün əhatəedici, plüralist, bərabərhüquqlu, açıq və iştirak edilə bilən olan biliklərə əsaslanan cəmiyyətlər haqqındakı dünyagörüşümüzü təşviq etmək üçün kitabların gücünü vurğulamaq baxımından bir fürsətdir”.

Bugünkü tədbir elektron nəşrlərə, elektron kitabın və rəqəmli inqilabın çağırışları ilə bağlı müəllif-hüquq problemlərinə həsr olunmuşdur. Tədbir Müəllif Hüquqları Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə əməkdaşlıqda “Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun həyata keçirilməsi ilə bağlı 2014-2017-ci illər üzrə Fəaliyyət Planı” çərçivəsində təşkil olunmuşdur.

***

1. 23 aprel – YUNESKO tərəfindən elan edilmiş «Ümumdünya kitab və müəlliflik hüququ Günüdür» və 26 aprel – ÜƏMT-nın bəyan etdiyi «Beynəlxalq Əqli mülkiyyət Günüdür».

Bugünkü ÜƏMT ilə birgə keçirilən tədbir elektron nəşrlərə həsr olunur, elektron kitabın və rəqəmli inqilabın çağırışları, elektron kitabxanalarda yaranan durumla bağlı müəllif-hüquq problemlərinə aiddir.

Aprelin 26-da keçirəcəyimiz tədbirdə isə erməni plagiatını ifşa edən qədim mətnlər və klassik mənbələr haqqında söhbət açılacaq və bir neçə tarixşünaslıq əsərlərindəki yeni məlumatlar çatdırılacaq.

2. Vacib beynəlxalq tədbirin Bakıda keçirilməsi təsadüfi deyil. Ulu öndər tərəfindən bünövrəsi qoyulmuş və Prezident cənab İlham Əliyevin səyləri nəticəsində müəllif-hüquq sahəmiz ÜƏMT ekspertlərinin rəyinə görə, nümunəvi sistemlərdən biridir. 25 ilə yaxın böyük inkişaf yolu keçmiş Azərbaycanın müəllif-hüquq sisteminə qiymət verilərək, Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Rəhbər Koordinasiya və Büdcə Komitələrində təmsil olunmasını, həmkarlarımızın beynəlxalq ekspert səviyyəsində çıxış etməsini və nümayəndəmizin Müəllif hüququna dair ÜƏMT-nin Müqaviləsi Assambleyasının vitse-prezidenti seçilməsini qeyd etməliyik.

Ölkəmiz ən tanınmış beynəlxalq reytinq strukturunun – Dünya İqtisadi Forumunun rəqabətqabiliyyətlilik ilə bağlı Hesabatlarında əqli mülkiyyətin qorunması indeksinə görə son illər MDB məkanında lider mövqeyindədir, Cənubi Qafqazda isə 1-ci yerdədir. Ölkəmizin kreativ iqtisadiyyatının (müəlliflik və əlaqəli hüquqlara əsaslanan sənayemiz) ÜDM-dəki payı 5%-i ötərək, dünyanın orta səviyyəsindədir, hətta bir sıra inkişaf etmiş ölkələri geridə qoyur.

Azərbaycan nadir ölkələrdən biridir ki, dövlət başçısı tərəfindən imzalanmış «Azərbaycan 2020: Gələcəyə baxış» Konsepsiyasında əqli mülkiyyət prioritet istiqamət kimi qəbul edilmiş, həmin unikal sənədin 6 bəndində əqli mülkiyyət sisteminin, həmçinin bir sıra iqtisadi islahatlarla bağlı Yol Xəritələrində, Dövlət Proqramlarında sistemin qarşısında qoyulmuş mühüm vəzifələr öz əksini tapmışdır.

3. Azərbaycan innovativ inkişafa qədəm qoyur, bu isə ƏM-ə diqqətimizin artması deməkdir.

Rəqəmli texnologiyalar tərəqqidə təsəvvür edilməz dərəcədə imkanlar yaradıb. Lakin, baxmayaraq ki, rəqəmli texnologiyaların yeni formatları ədəbiyyatın və dövrü nəşrlərin çapında ixtisaslaşan nəşriyyat sahəsini nəzərəçarpan dərəcədə genişləndirərək, naşirlərə oxucunun yerindən və zövqündən asılı olmayaraq, daha böyük auditoriyaya yol açmışdır, naşirlər qarşısında iki ayrılmaz ideoloji prinsip daim qalmaqdadır: müəlliflik hüququna hörmət və nəşr işində sərbəstlik.

Elektron nəşrlər bazarı son 10 ildə getdikcə genişlənərək, hal-hazırda Avropa bazarında  elektron kitab nəşri çap üsulu ilə ümumi nəşrlərin 3%-dən 15%-ə qədərini təşkil edir. Avropa istehlakçılarının əlçatımlığına 2,5 mln. elektron kitab təqdim edilir, bunları almaq, abonent kimi istifadə etmək və axın veriliş rejimində əldə etmək imkanları vardır və bu bazarın dəyəri 114 mlrd. avro təşkil edərək, əyləncə və KİV bazarındakı xərclərin artıq 15%-i ilə ölçülür.

Elektron kitablar çərçivəsində dərsliklər, elmi kitablardan başlayaraq, kulinar və uşaqlar üçün ədəbiyyat əldə etmək mümkündür.

Azərbaycana gəldikdə isə, məlumata əsasən, 7 nəşriyyat, o cümlədən «Bakı», «Qanun», «Altun kitab», «Ali və Nino» və s. elektron kitab nəşr edirlər, 79 jurnal və qəzetlər çap versiyası ilə yanaşı, elektron versiyadan da istifadə edirlər, kitabların elektron satışını təşkil edirlər. Kitabxanalarımız rəqəmləşib.

Xüsusilə Təhsil Nazirliyinin elektron dərsliklərinin İnternetdə açıq (CC – Kreativ Kommons) rejimdə təklif olunduğu qeyd edilməlidir.

4. Sonda qeyd edək ki, konfransın əsas məqsədi müəlliflik hüququna riayət etməklə, elektron nəşrlərə dəstək vermək, elektron kitabxanalardakı yaranan müəllif-hüquq problemlərini müzakirə etmək və qabaqcıl dünya təcrübəsini işıqlandıraraq, Azərbaycanda istifadə etməkdir.

YUNESKO-nun Baş direktoru xanım İrina Bokovanın “Ümumdünya kitab və müəlliflik hüququ Günü” münasibətilə bu ilki müraciətində deyilir ki, həmin gün “inklyuzivlik, müxtəliflik, plüralizmlik, bərabərlik, açıqlıq və bütün vətəndaşların iştirakı prinsipləri üzərində qurulan bilik cəmiyyəti konsepsiyasının populyarlaşmasında kitabların xüsusi əhəmiyyətli rolunu vurğulamaq imkanıdır”.

ÜƏMT-nin bugünkü şüarı isə “İnnovasiyalar: həyat keyfiyyətinin yüksəldilməsi”dir. Bu müraciət və şüar hamıya aiddir, bütün insanlara, o cümlədən 250 min Ermənistandan deportasiya olunan və 750 min öz ölkəmizdə məcburi köçkünə çevrilən azərbaycanlılara.

Zəbt olunmuş torpaqların boşaldılması ilə bağlı beynəlxalq qərarlara məhəl qoymayan işğalçı dövlət sülhü istəmir, yaranan vəziyyəti imkan çərçivəsində uzatmaq istəyir və təəssüflər olsun ki, bu hərəkətinə qərar verən beynəlxalq strukturlar tərəfindən heç bir təzyiqlə qarşılaşmır.

Üstəlik, ərazi iddialarını «əsaslandırmaq» məqsədi ilə maddi və qeyri-maddi mədəni irsimizə təcavüz edilir, «Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsi» davam etdirilir.

Odur ki, liberal dəyərlərə riayət edənlərə ideoloji liberalizmin, liberal hüquq məktəbinin banisi İyeremiya Bentamın sözlərini xatırlatmaq istərdim: «Prinsiplərə və qaydalara riayət etməkdən imtina edən xalqlar gec-tez gücə tabe olmalıdırlar».

***

Əlavə məlumatlar

Müstəqillik dövrü ərzində Azərbaycan Respublikasında insanların yaradıcılıq fəaliyyətinin stimullaşdırması və müəllif hüquqlarının qorunması sahəsində olduqca mühüm işlər görülmüşdür. Bu, 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun qəbul edilməsilə Azərbaycanın əqli mülkiyyət sahəsi üzrə qanunvericilik bazasının yaradılmasında yeni mərhələ ilə başlanmışdır. Bu sahədə qanunvericilik sistemimiz milli xüsusiyyətlər və beynəlxalq standartlar nəzərə alınmaqla qurulmuş, yeni informasiya cəmiyyətinin inkişafından və “biliklərə əsaslanan iqtisadiyyat”dan irəli gələn tələblər nəzərə alınmaqla, daim təkmilləşmişdir.

Bununla yanaşı, təkcə ötən il ərzində Agentlik tərəfindən Azərbaycan Respublikasının 24 hökumətlərarası, nazirlik və komitələrin müxtəlif ölkələrin aidiyyəti qurumları ilə bağlanması nəzərdə tutulan 5, MDB üzrə isə 5 müqavilə, saziş və sənəd layihələrinə əqli mülkiyyət hüquqları hissəsi üzrə rəy və təkliflər verilmişdir.

***

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 sentyabr tarixli 2345 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş 3 aidiyyəti tədbirin icrası çərçivəsində Agentlik tərəfindən Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və ÜƏMT-nin birgə əməkdaşlıqda “Universitetlərdə, elmi-tədqiqat və təcrübi-konstruktor müəssisələrində əqli mülkiyyət siyasəti və elmi-tədqiqat fəaliyyəti” mövzusunda beynəlxalq seminar keçirilmişdir.

Tədbirdə “Ümumdünya Əqli Mülkiyyət Təşkilatının universitetlər üçün əqli mülkiyyət siyasəti modeli”nin ölkəmizin universitet və elmi-tədqiqat institutlarının fəaliyyətinə uyğunlaşdırılması məsələləri müzakirə olunmuş, bunun nəticəsi kimi “Universitet və elmi tədqiqat  institutlarında əqli mülkiyyət siyasəti üçün milli Layihə” hazırlanmışdır. Layihə ölkəmizdəəqli fəaliyyətin stimullaşdırılması, universitetlər və elmi-tədqiqat müəssisələrində yaradılan yaradıcılıq nəticələrinin praktiki istifadəsi məsələlərinin tənzimlənməsi məqsədlərinə xidmət edir.

Universitet və tədqiqat institutlarında əqli mülkiyyət siyasətləri” mövzusunda Müəllif Hüquqları Agentliyinin dəstəyi, ÜƏMT və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilmiş subregional seminar da bu istiqamətdə aparılan işlərin tərkib hissəsi olmuşdur.

Əqli mülkiyyət siyasətinin müəyyən edilməsi istiqamətlərində aparılan işlər çərçivəsində ötən il“ Azərbaycan Respublikasının universitetlərində əqli mülkiyyətin və elmi-tədqiqat fəaliyyətinin dəstəklənməsində Müəllif Hüquqları Agentliyinin rolu (İnnovasiyalı inkişaf və universitetlərdə (elmi müəssisələrdə) texnologiyaların kommersiyalaşması yolları)” adlı kitabça hazırlanmış, “Əqli mülkiyyət iqtisadi kateqoriya kimi və onun iqtisadi inkişafda rolu” və “Azərbaycan universitetlərində və elmi tədqiqat müəssisələrində əqli mülkiyyət sahəsində siyasət haqqında” (Azərbaycan, ingilis və rus dillərində) adlı kitabçalar təkrar nəşr edilmişdir.

“Tədbirlər Planı”nın aidiyyəti üzrə icrası çərçivəsində Agentliyin tabeliyində Agentliyin “Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi”ndə qlobal rəqəmli şəbəkələrdə əqli mülkiyyət hüquqları ilə qorunan obyektlərdən istifadə edilməsinə “one-stop-shop” formatında və onlayn qaydada icazə verilməsinə əsaslanan rəqəmli hüquqları idarəetmə sistemi DRM (Digital Right Management) yaradılmış, elektron bazanın formalaşdırılması məqsədi ilə indiyə kimi 1900-dən çox, o cümlədən 584 mətn əsəri, 655 audio material, 225 video material, 114 foto, 411 müəllif və digər hüquq sahibi haqqında məlumat rəqəmsallaşdırılıb və elektron bazaya yerləşdirilmişdir. Materialların bazaya yüklənməsi işi hal-hazırda da davam etdirilir. Sistemin 2018-ci ilin ilk 6 ayı ərzində sınaq tətbiqi, sonradan isə tam olaraq istifadəçilərin ixtiyarına verilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 06 dekabr tarixli 1138 nömrəli Fərmanından irəli gələn aidiyyəti vəzifələrin icrasını təmin etmək məqsədi ilə müvafiq tədbirlər müəyyən edilmişdir. Bu çərçivədə görüləcək işlər dairəsinə il ərzində  “Made in Azerbaijan” brendinin təşviqi ilə bağlı konfransların, seminarların və dəyirmi masaların keçirilməsi; Loqoların dizaynlarının müəlliflik hüququnun obyekti kimi qeydiyyatı ilə bağlı televiziya, radio və digər kütləvi informasiya vasitələrində təbliğatın aparılması; Loqoların dizaynlarının müəlliflik hüququnun obyekti kimi qeydiyyatdan keçirilməsi barədə broşürların və kitabçaların buraxılması daxildir.

İqtisadi islahatların aparılması yeni innovativ siyasətinin tətbiq olunmasını tələb edir ki, bu da son nəticədə İKT-nin sürətli inkişafı üçün münbit zəmin yaradır. Bununla əlaqədar Müəllif Hüquqları Agentliyi və ÜƏMT-nin birgə təşkilatçılığı ilə “Kreativ sənayelərdən faydalanaq: Kreativlik və milli inkişaf” mövzusunda beynəlxalq seminarın (17 mart 2016-cı il) keçirilməsinin də əsas məqsədi iqtisadi islahatlara xidmət göstərilməsi olmuşdur. Bu sahədə maarifləndirmə məqsədilə Azərbaycan və ingilis dillərində “Kreativ iqtisadiyyat və Azərbaycan iqtisadiyyatının inkişafı” adlı kitabça hazırlanmış, tədbir zamanı iştirakçılara və maraqlı şəxslərə paylanmış, həmçinin kreativ iqtisadiyyatın inkişaf dinamikasını göstərən çoxillik statistik məlumat bazası yaradılmışdır.

***

Multikultural siyasət və erməni plagiatçılığına qarşı mübarizə. Xalqımızın ənənəvi mədəni nümunələrinin (folklor nümunələrinin) və ənənəvi biliklərinin sistemli şəkildə öyrənilərək hüquqi qorunması, erməni plagiatçılığının ifşa edilməsi istiqamətlərində Agentlik tərəfindən bir sıra tədbirlər təşkil edilmişdir.

“2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı” çərçivəsində bir sıra tədbirlər həyata keçirilmiş, həmçinin xalqımızın folklor nümunələrinin və ənənəvi biliklərinin hüquqi qorunması, xüsusən erməniçilik tərəfindən mədəni irsimizin mənimsənilməsi və saxtalaşdırılması cəhdlərinin qarşısının alınması və belə əməllərin ifşa edilməsi istiqamətində fəaliyyət davam etdirilmişdir. Bu çərçivədə 2 tədbir - Agentliyin təşkilatçılığı ilə “Azərbaycanın multikultural siyasəti, əqli mülkiyyət və erməni saxtakarlıqları” mövzusunda konfrans, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Müəllif Hüquqları Agentliyi və Alban-Udin Xristian Dini İcmasının birgə təşkilatçılığı ilə “Alban Apostol kilsəsinin keçmişi və bu günü” mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyətinin “Multikulturalizm ili” ilə bağlı keçirilmiş növbəti iclasında Müəllif Hüquqları Agentliyinin nümayəndəsi çıxış edərək, ölkəmizdə aparılan multikultural siyasətin əqli mülkiyyət hüquqlarının qorunmasına böyük kömək göstərdiyini vurğulayaraq, Ermənistanın ərazilərimizə olan iddialarının əsaslandırılması üçün yaratdığı “xüsusi tolerantlıq modeli”nin və Azərbaycan xalqının maddi və qeyri-maddi mədəni irsinə qarşı təcavüzkar siyasətinin əsil mahiyyətini açıb göstərmişdir. 

Həmçinin “Terror multikulturalizmə qarşı” layihə çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondu və Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə keçirilmiş “Erməni terroru və Azərbaycan multikulturalizmi” mövzusunda I Beynəlxalq Dəyirmi masada Agentliyin nümayəndəsi ermənilərin ərazilərimizə, maddi və qeyri-maddi mədəniyyət nümunələrimizə iddialarını ifşa edən prezentasiya və məruzələrlə çıxış etmiş, onların əməllərinə qarşı görülən işlər barədə məlumat vermişdir.

Bu çərçivədə erməni saxtakarlıqlarını ifşa edən “Erməniçilik uydurmaları digər xalqların hüquqlarına xələl gətirir”, “Об азербайджанской модели мультикультурализма (на основе данных об идентичности)”, “Заметки о мультикультурализме”, “Армянский геноцид” или армянский террор?”, Моральный террор: против нематериального и материального культурного наследияvə s. kitabçalar hazırlanıb çap edilmiş, həmçinin “Erməni tarixi uydurmalarının tarixinə giriş”, “Öz-özünü təkzib edən “erməniçiliyin müəllif hüququ”, “Erməni müəlliflərinin kitablarındakı uydurmalara “müəlliflik hüququ” kitabçaları, “Erməni yadelli nağılları” kitabı və “Gəldim, gördüm..., mənimsədim” kitabçası Azərbaycan, rus, ingilis və fransız dillərində, “Fövqəladə hallar və əqli mülkiyyət hüquqları ilə qorunan mədəni dəyərlər” (Azərbaycan və ingilis dillərində) təkrar nəşr edilərəkil ərzində keçirilən tədbirlərdə xarici qonaqlara, nümayəndələrə və tədbir iştirakçılarına paylanmışdır.

Həmçinin ermənilər tərəfindən mütəmadi olaraq erməni nümunələri kimi qələmə verilən və ya ifa edilən Azərbaycan xalq mahnıları, xalq rəqsləri, milli musiqi alətlərimiz və milli mətbəx nümunələrimizin etimologiyası, yaranma tarixi, milli xüsusiyyətləri barədə yerli KİV-lər və yayım kanalları vasitəsi ilə il ərzində müsahibələr verilmiş, şərhlər, bəyanatlar və etirazlar bildirilmişdir.

***

Ölkəmiz, həmçinin piratçılığa qarşı beynəlxalq səviyyədə mübarizənin fəal iştirakçılarından biridir. Aidiyyəti dövlət qurumları ilə birlikdə keçirilən müvafiq tədbirlər nəticəsində 2005-ci illə müqayisədə kitab satışı sahəsində 61%-dən 29%-ə, audio-video məhsul bazarında 90%-dən 65%-ə, proqram təminatında 96%-dən 84%-ə düşmüşdür.

Plagiata qarşı mübarizə tədbirləri çərçivəsində 2016-cı ilin aprel ayında Müəllif Hüquqları Agentliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşısının alınması yolları” mövzusunda “Dəyirmi masa” keçirilmişdir.

Hüquqların təminatı və piratçılığa qarşı mübarizə tədbirləri çərçivəsində və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanuna uyğun olaraq, 2016-cı ilin ikinci yarısından nəzarət markalarının tətbiqinə başlanılmış, müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompüter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə yapışdırmaq üçün nəşriyyatların və universitetlərin müraciəti əsasında ilkin olaraq 19320 ədəd nəzarət markası verilmişdir. Hal-hazırda nəzarət markalarının alınması üçün universitetlər və nəşriyyatlar tərəfindən Agentliyə müraciətlər daxil olmaqdadır.

Müəllif Hüquqları Agentliyinin təşkilatçılığı və ya iştirakı ilə əqli mülkiyyət, müəllif-hüquq münasibətlərinin müxtəlif sahələri üzrə, o cümlədən rəqəmli şəbəkələrdə müəllif hüquqları obyektlərinin istifadəsi, onlara əlçatanlığın təmin edilməsi, Azərbaycanın tarixi-mədəni irsinin ermənilər tərəfindən mənimsənilməsi və plagiat edilməsinin qarşısının alınması və digər məsələlərə həsr edilmiş çoxsaylı beynəlxalq və milli seminarlar, disputlar və simpoziumlar keçirilmişdir. Hüquqi maarifləndirilmə məqsədi ilə Agentliyin təşkilatçılığı və  iştirakı ilə 2015-ci ildə 6, 2016-cı ildə isə 4 beynəlxalq və milli konfrans keçirilmiş, KİV-lərdə 100-dən çox informasiya, maarfləndirici və təbliğat xarakterli material dərc olunmuş, TV və radio kanallarında çoxsaylı veriliş və süjetlər göstərilmişdir.

Bununla yanaşı, 6 kitab, 20-dən çox broşura və kitabça, o cümlədən “Universitet və elmi-tədqiqat idarələrində əqli mülkiyyət sahəsində siyasət haqqında nümunəvi əsasnamə”, “Azərbaycanın universitetlərində və elmi-tədqiqat müəssisələrində əqli mülkiyyət sahəsindəki siyasət haqqında”, “Azərbaycan Respublikasının universitetlərində əqli mülkiyyətin və elmi-tədqiqat fəaliyyətinin dəstəklənməsində Müəllif Hüquqları Agentliyinin rolu (İnnovasiyalı inkişaf və universitetlərdə (elmi müəssisələrdə) texnologiyaların kommersiyalaşması yolları)” və s. kitabçalar buraxılmış, çoxsaylı maarifləndirici materiallar, o cümlədən müəllif-hüquq sahəsi üzrə 7 beynəlxalq konvensiya, müqavilə və sazişlər, qanunlar, digər normativ hüquqi aktlar çap edilmiş, keçirilən tədbirlərdə təbliğat vasitəsi kimi paylanmışdır. Ümumilikdə 2016-cı ildə Agentlikdə 13 adda kitab və kitabçalar, 50 adda prezentasiya (kitabça şəklində) çap edilmiş və yayılmışdır.

***

Hal-hazırda Müəllif Hüquqları Agentliyi tam kompüterləşmiş, tərkibində müasir texnologiyalara əsaslanan avadanlıq və mətbəə ilə təchiz edilmiş Smart-tipli Treninq Xidməti, distant təhsil alma və əlaqələndirmə BigBlueButton və TrueConf Online sistemləri olan, nəzarət markalarının hazırlanması və izlənməsini həyata keçirən Hüquqların Təminatı Mərkəzi, Rəqəmli hüquqların idarəçilik sistemi olan, E-hökumət portalına qoşulan, “960” qaynar xətti və ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası”na malik olan dövlət orqanıdır.

Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2017-ci ilin birinci rübünədək Agentlikdə 10989 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən son vaxtlar “Elektron xidmət” bölməsi vasitəsi ilə 81 müəllifin 152 əsəri qeydiyyatdan keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanından irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə Agentliyin www.copag.gov.az saytında təkmilləşdirmə işləri davam etdirilmiş, Elektron xidmət bölməsindən istifadə asanlaşdırılmış, digər dövlət orqanları ilə mübadilə üçün nəzərdə tutulan “Qeydiyyat” elektron məlumat bazası yeni texniki tələblər və proqram təminatı nəzərə alınmaqla tamamilə yenidən yaradılmış və hazırda onun "Elektron hökumət" portalına inteqrasiyası üzrə işlər başa çatdırılmışdır, həmçinin “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun icrası ilə əlaqədar yeni elektron xidmətlərin yaradılması üzrə tədbirlər davam etdirilir.

 

 

20.04.2017