Müəllif Hüquqları Agentliyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Dəyirmi masa” keçirilib
Aprelin 7-də Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşısının alınması yolları” mövzusunda “Dəyirmi masa” keçirilmişdir.
Tədbirin əvvəlində iştirakçılar cəbhə xəttində erməni təxribatlarının qarşısının alınması zamanı şəhid olmuş hərbçilərimizin xatirəsini bir dəqiqəlik sükütla yad etdilər.
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov tədbiri giriş sözü ilə açdı və sonra “Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşısının alınması yolları” mövzusunda təqdimatla çıxış etdi. O, plagiat və onun qarşısının alınması yollarına həsr olunan tədbirin əhəmiyyətini qeyd edərək bildirdi ki, gələcəyə baxışın kreativ və innovasiyalı cəmiyyətlə əlaqələndirilməsi üçün plagiatçılıqla mübarizə gücləndirilməlidir. Tarix boyu mədəniyyətin problemi hesab olunan plagiatçılıq müasir dövrdə daha da aktuallaşaraq sosial iyerarxiyanın müxtəlif təbəqələrində özünü büruzə verir. Sonra o, plagiata qarşı mübarizə sahəsində ölkəmizdə son illər aparılan işlərdən danışaraq, dünya təcrübəsi nəzərə alınmaqla antiplagiat informasiya axtarış sisteminin yaradılması zəruriliyini vurğuladı.
Təhsil naziri Mikayıl Cabbarov bildirdi ki, təhsil sistemində plagiatın qarşısının alınması hər birimizin qarşısında duran əsas məqsədlərdəndir. Hazırda Azərbaycanda plagiatın qarşısının alınması üçün beynəlxalq təcrübənin araşdırıldığını və mühüm işlərin həyata keçirildiyini vurğulayan nazir bu sahədə maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd edərək, həmçinin belə bir tədbirin keçirilməsinin plagiata qarşı mübarizəyə töhfə verəcəyini nəzərə çatdırdı.
Tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini Vəli Hüseynov, AMEA-nın Humanitar və ictimai elmlər bölməsinin akademik katibi Teymur Kərimli, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edən Möhsün Nağısoylu, “Plagiat.pl” şirkətinin regional direktoru Əli Təhməzov və Xəzər Universitetinin departament müdiri Muxtar Hacızadə çıxış etdilər.
Çıxışlarda plagiatın müasir dövrdə elm və mədəniyyətin inkişafı qarşısında ən böyük maneələrdən biri olduğu qeyd olundu, plagiatın yaranma səbəbləri, onun müxtəlif təzahür formaları, plagiata qarşı aparılan mübarizə tədbirləri və mövcud vəziyyətdən çıxış yolları barədə danışıldı, bu sahədəki dünya təcrübəsi və müvafiq qanunvericiliklə bağlı fikirlər səsləndirildi, mövzu ətrafında fikir mübadiləsi aparıldı.
08.04.2016