Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Müəllif Hüquqları Agentliyi elmi plagiat faktlarının sayını – AÇIQLADI


29.12.2014

http://www.atvxeber.az/news/social/10059-muellif-huquqlari-agentliyi-elmi-plagiat-faktlarinin-sayini

Elmi əsərlərdə rast gəlinən plagiatlıq faktları zaman-zaman mübahisə obyekti olub. Bir müddət öncə mətbuatda yenidən alimlər arasında bu mövzu ətrafında etiraz dolu çıxışlar səsləndirildi. Azərbaycan Müəllif Hüquqları Agentliyi həm yola saldığımız 2014-cü ildə, həm də ondan əvvəlki illərdə müəyyən edilən elmi plagiat faktlarının sayını Modern.az-a açıqlayıb:
“Elmi əsərlərin müəllifliyinin mənimsənilməsi halları hüquq sahiblərinin təşəbbüsü ilə pozulan hüquqlarının bərpa edilməsinə köməklik göstərilməsi barədə yazılı müraciət əsasında müvafiq qaydada Agentlikdə araşdırılır. Bu məqsədlə hüquq sahibindən əsərin (elmi işin) və plagiat halı ehtimal edilən əsərin nüsxələrinin Agentliyə təqdim olunması istənilir, Agentliyin “Əsərlərin qeydiyyatı və hüquqi ekspertiza sektorunda” onların müqayisəli ekspertizası keçirilir və nəticə etibarı ilə plagiat elementlərinin aşkar olub-olmaması barədə rəy hazırlanır. Həmin rəy hüquq sahibinə təqdim edilir”-deyə Müəllif Hüquqları Agentliyindən bildirilib.
Eyni zamanda, plagiatlıqda təqsirləndirilən tərəf Agentliyə dəvət edilir, hüquq sahibinin müraciəti barədə məlumatlandırılır, ondan izahat alınır. Məsələyə hüquq sahibi tərəfinin iddiası əsasında mülki qanunvericiliyə uyğun məhkəmə qaydasında baxılan halda, Agentliyin nümayəndəsi ekspert qismində məhkəmə iclaslarında çıxış edir.
Son 6 ildə Müəllif Hüquqları Agentliyi tərəfindən Azərbaycanda 43 plagiat faktı aşkarlanıb, onlardan 5-i 2014-cü ilin payına düşür. Aşkar edilmiş hər bir plagiat faktı ilə bağlı qanunvericiliyə uyğun müvafiq qaydada ölçülər götürülüb.