Müəllif Hüquqları Agentliyi Dünya İqtisadi Forumunun 2017-2018-ci illər üçün Rəqabətqabiliyyətlilik İndeksini şərh edib
27.09.2017 [16:41]
Dünya İqtisadi Forumu ölkələrin 2017-2018-ci illər Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə rəqabətqabiliyyətlilik reytinqini dərc edib.
Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi (MHA) bu məsələ ilə bağlı şərh verib.
MHA-dan AZƏRTAC-a bildiriblər ki, bu hesabata görə Azərbaycan əvvəlki illərlə müqayisədə öz mövqeyini daha da möhkəmləndirərək 37-ci yerdən 35-ci yerə yüksəlib. Reytinq 12 göstərici üzrə tərtib olunur və əqli mülkiyyət mövqeyindən birinci göstərici – “Təsisatlar” və on ikinci göstərici – “İnnovasiyalar” böyük əhəmiyyət daşıyır. “Təsisatlar” bölməsində “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan 4,8 bal toplayaraq 37-ci yer tutur.
Bununla da Azərbaycan ötən dövrlə – 2016-2017-ci illərlə müqayisədə “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə tutduğu 71-ci yerdən 34 pillə yüksəlib.
“Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə Azərbaycan MDB ölkələri arasında birinci yeri tutur və Cənubi Qafqaz ölkələri arasında mütləq lider olaraq Ermənistanı 38, Gürcüstanı isə 58 pillə qabaqlayır.
“Əqli mülkiyyətin qorunması” ilə bağlı olan “İnnovasiyalar” mövqeyi üzrə Azərbaycan 33-cü yeri tutaraq müvafiq olaraq 70-ci yeri tutan Ermənistanı, 118-ci yeri tutan Gürcüstanı geridə qoyur və MDB ölkələri arasında lider dövlətdir.