Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt həlledici əhəmiyyət daşıyır


24.04.2015 [21:27]

Kifayət Əliyeva, Pərvanə İmanova, AZƏRTAC


Aprelin 24-də Bakıda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi (MHA), Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunan “Azərbaycan 2020: əqli mülkiyyətin gələcəyinə baxış: kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm adamları, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları MHA tərəfindən son illər müxtəlif dillərdə çap etdirilən nəşrlərlə tanış olublar.

Tədbirdə MHA-nın sədri Kamran İmanov 2001-ci ildə Dünya Əqli Mülkiyyət Təşkilatı (DƏMT) tərəfindən elan olunmuş Beynəlxalq Əqli Mülkiyyət Gününün məqsəd və əhəmiyyətindən, bu günün dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da silsilə tədbirlərlə qeyd edilməsindən danışıb. Bildirilib ki, Müəllif Hüquqları Agentliyi artıq on beş ildir bu əlamətdar tarixlə bağlı müxtəlif tədbirlər keçirir. Hər il DƏMT bu günü əqli mülkiyyətin konkret istiqamətinə dair mövzuya yönəldir. Bu dəfə tədbirlər “Qalx, ayağa dur. Musiqi üçün” devizi altında keçirilir və hamımızın zövq aldığımız musiqiyə həsr olunub. Lakin AMEA rəhbərliyinin ilk dəfə bu günü birlikdə qeyd etmək təşəbbüsünü və auditoriyanın böyük əksəriyyətinin tanınmış alimlərdən ibarət olduğunu nəzərə alaraq konfransı “Kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf” mövzusunda keçirməyi qərara aldıq və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn, əqli mülkiyyətin artan rolunu müzakirəyə çıxardıq.

K.İmanov bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan alimlərinin I qurultayına ünvanladığı müraciətindəki “…İqtisadiyyatımızın davamlı inkişafı, biliklərə əsaslanan cəmiyyətin formalaşdırılması və insan kapitalına investisiyaların qoyuluşu yaxın perspektiv üçün başlıca strateji məqsədlərimizdəndir” sözlərini yaddaşımıza həkk edərək, insan kapitalına əsaslanan əqli fəaliyyətin nəticələrindən, onların əqli mülkiyyətə çevrilməsinə dair elm və təhsil sahələrindəki nailiyyətlər və problemlərdən söz açacağıq. Təxminən 20-25 il öncə kölgədə olan əqli mülkiyyət fenomeni hazırda nəzərəçarpan dərəcədə inkişaf edib və bu gün dünyada onun fəaliyyət konteksti yarandığı vaxtla müqayisədə prinsipial surətdə fərqlənir. Yeni kontekst həm iqtisadiyyatda, həm də cəmiyyətdə əqli mülkiyyətin yerini önə çəkərək, onu biliklərə əsaslanan iqtisadiyyatın dominantına, rəqəmsal cəmiyyətin vacib alətinə və mədəni irsin təhlükəsizliyinin təminatçısına çevirib. Odur ki, əqli mülkiyyətin fəaliyyətinin dəyişmiş konteksti eyni dərəcədə əqli mülkiyyətə və onun roluna olan münasibətdə düşüncə tərzimizin dəyişməsini tələb edir. Dövlətimizin başçısının sözləri ilə desək, “müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir”. Odur ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əqli mülkiyyət prioritet istiqamətlərdən biri kimi qəbul olunur və Konsepsiyanın altı maddəsində, o cümlədən iqtisadi, informasiya, təhsil, insan kapitalı və mədəni irs bölmələrində əqli mülkiyyətin əhəmiyyəti qabarıq göstərilir, xüsusi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd olunub ki, hazırda Müəllif Hüquqları Agentliyi tam kompyuterləşmiş, müasir texnologiyalara əsaslanan avadanlıq və mətbəə ilə təchiz edilmiş Smart tipli Treninq Xidməti, distant təhsil alma və əlaqələndirmə Big Blue Buton və True Conf Online sistemləri olan, nəzarət markalarının hazırlanması və izlənməsini həyata keçirən Hüquqların Təminatı Mərkəzi, rəqəmli hüquqların idarəçilik sistemi olan “Elektron hökumət” portalına qoşulan, “960” qaynar xətti və ictimai hüquqi məsləhətxanaya malik dövlət orqanıdır.

Əqli mülkiyyətin siyasi əhəmiyyətindən söz açan K.İmanov qeyd edib ki, Kornelli Universitetinin DƏMT-nin sifarişi ilə apardığı tədqiqatlara görə, əqli mülkiyyət, birbaşa xarici investisiyalar və idxal arasındakı qarşılıqlı əlaqə əhəmiyyətli və pozitivdir. Bunun nəticəsi kimi belə bir ümumi rəy formalaşıb ki, əqli mülkiyyətin qorunması və beynəlxalq ticarət arasında müsbət, qarşılıqlı və faydalı əlaqə var. BMT-nin 2011-ci il üçün “Kreativ iqtisadiyyat” Hesabatında göstərildiyi kimi, qlobal iqtisadi böhran şəraitində kreativ sənayenin, yəni, yalnız müəlliflik hüququna əsaslanan sənayenin gücü vasitəsilə beynəlxalq ticarətin 12 faiz azalmasına baxmayaraq, kreativ sənaye məhsullarının satışı hər il 14 faiz artıb. DƏMT-nin 2012-ci ildəki “Müəlliflik hüququ + kreativlik = iş yerləri və iqtisadi inkişaf” xüsusi araşdırması bunu təsdiqləyir.

Əqli mülkiyyətin dəyişən rolundan danışarkən iki əsas amili xatırlatmaq lazımdır. Birincisi, gələcək 10-15 ildə internetin əhatə dairəsi genişlənəcək, “online” xidmətlərin sayı artacaq və əqli mülkiyyət, xüsusən müəlliflik hüququ ilə qorunan obyektlərin internetə inteqrasiyası, virtual şəbəkədə istifadəsi çoxalacaq. Bulud servisi, bulud hesablamaları internetin növbəti fazasına “İnternet for Things” (“Əşyalar İnterneti”) keçidi təmin edəcək. “Ağıllı” şəbəkə qurğularından ibarət olan real əşya dünyası insan müdaxiləsini nəzərə almadan obyektlərlə virtual interneti birləşdirəcək. Proqnozlara əsasən, 2020-ci il üçün belə şəbəkədə 50 milyard maşın və qurğu cəmlənəcək. İkincisi, əqli mülkiyyət hüquqlarının pozulması miqyasının ürəkaçmayan mənzərəsidir. “P2P” torrent sistemlərin artması yeni addımlar və çox güman ki, müəllif-hüquq sahəsində yeni paradiqmanın yaranmasını tələb edəcək.

Sadalanan amillər bur neçə yeni meyillər fonunda reallaşır. Birincisi, maddilikdən qeyri-maddiliyə iqtisadi keçiddir. Makroiqtisadi səviyyədə əqli mülkiyyət tutumlu sahələr inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulun 30 faiz və ondan artıq payına malikdir. Üstəlik, 1995-ci ildən 2011-ci ilədək dünyada qeydiyyatla bağlı əqli mülkiyyət sifarişlərinin sayı iki dəfədən çox artıb. Buradan aydın olur ki, bir çox inkişaf etmiş ölkələr investisiyalarını fiziki kapitala yox, biliklərə əsaslanan kapitala yönəldir. Üstəlik, bu proses dönmədən artan və irəliləyən inkişaf templəri ilə müşayiət olunur. Bu isə öz növbəsində rəqabət mübarizəsinin fokusunu dəyişdirir və rəqabət artan dərəcədə biliklərə əsaslanan kapitaldan irəli gəlir və özünü innovasiyalarda əks etdirir. Digər meyil əqli mülkiyyətin Qərbdən Şərqə geosiyasi keçididir. Belə ki, bilikləri yaradan elmi tədqiqatlara dünya investisiyalarının payı Asiya ölkələrində 1999-cu ildə 24 faiz idisə, 2009-cu ildə 32 faizədək dəyişib və hazırda daha da artır. Üçüncüsü, rəsmi strukturlardan qeyri-hökumət strukturlarına əqli mülkiyyətin siyasi keçidi, qeyri-hökumət təsisatlarının səlahiyyət imkanlarının artmasıdır. Belə ki, internet dövlətlərin informasiya monopoliyasını dağıdaraq, müxtəlif sosial şəbəkələr vasitəsilə qeyri-dövlət subyektlərinin informasiya, biliklər əldə etməsinə və müxtəlif məqsədlər üçün istifadəsinə şərait yaradıb.

MHA-nın sədri vurğulayıb ki, beynəlxalq sənədlərdə ”biliklərə əsaslanan” cəmiyyəti və əqli mülkiyyətin təsirini ölçərkən, ilk növbədə, innovasiya sistemlərinin keyfiyyətli fəaliyyəti, biliklərin yaranması, əldə edilməsi və tələbata uyğun elmi və yaradıcılıq strukturlarının əqli fəaliyyət nəticələri kimi meyarlar əsas götürülür. Bu, əqli mülkiyyətin yaradılması şəraitidir. Digər tərəfdən, təhsil və təlim səviyyəsi və şəraiti, peşəkar hazırlığı olan və təhsilli əhalinin mövcudluğu nəzərə alınır. Bu isə əqli mülkiyyətin keyfiyyətli istifadəsi deməkdir. Bundan savayı, bilik və informasiyaların yayılmasını, kommunikasiyasını və emalını təmin edən dinamik İKT strukturunun olması vacib şərtdir. Bu, əqli mülkiyyətin yayılması şəraitidir. Bu şərtlər olduqda əqli mülkiyyət şaxələnir və onun institusional rejimi, əqli mülkiyyətin qorunması və təminatı, hüquqi normativ bazanın və əqli mülkiyyətin idarəedici strukturlarının fəaliyyəti ön plana çəkilir.

Konfransda çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov ölkəmizdə son illərdə xüsusilə fərqlənən iqtisadi inkişaf templəri, yerli sənayenin və ticarətin dinamik inkişafı nəticəsində əqli mülkiyyətin iqtisadiyyatdakı rolunun artdığını bildirib. Komitə sədrinin sözlərinə görə, artıq əqli mülkiyyətin potensialı iqtisadi inkişafın mühüm alətinə çevrilir və Azərbaycanın sürətli iqtisadi inkişafına, investisiya axınına müsbət təsir göstərir. R.Həsənov ölkəmizdə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş hüquqi dövlət quruculuğu nəticəsində əqli mülkiyyət hüquqlarının qorunması və səmərəli idarə olunması üçün müasir hüquqi-normativ baza yaradıldığını və nəticədə yeni texnologiyalar üzərində müstəsna hüquq sahibləri arasında münasibətlərin tənzimlənməsi, bununla da innovasiyaların sənayedə daha da geniş tətbiq edilməsi üçün bütün lazımi hüquqi şəraitin formalaşdığını diqqətə çatdırıb. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin iqtisadi səmərəyə malik, müasir texnologiyalara və insan kapitalına əsaslanan iqtisadiyyatın daha da surətlə bərqərar olmasına xidmət etdiyi xüsusi vurğulanıb. Qeyd olunub ki, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan üçün əqli mülkiyyətin vacib əhəmiyyəti vardır. Əqli mülkiyyət potensialı hesabına elm və cəmiyyətin inkişafı üçün əlverişli şəraitin təmin edilməsi, əqli mülkiyyətin biliklərə əsaslanan iqtisadiyyatın inkişafında güclü vasitəyə çevrilməsi və rəqabət qabiliyyətli iqtisadiyyata dəstək verilməsi və informasiya cəmiyyətinin inkişafı üçün ondan geniş istifadə olunması da vacib əhəmiyyət daşıyır. Komitə sədri bu sahədə yeni yanaşmaların meydana çıxdığını, biliklərə əsaslanan iqtisadiyyatın əsas məzmununun biznes mühitində elmi yeniliklərin istifadəsi olduğunu, yüksək texnologiyaların kommersiyalaşmasını, ixtiraçıların biznes mühitində yaxından iştirakını müasir dövrün çağırışlarından sayıldığını bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə bildirib ki, bu konfrans Beynəlxalq Əqli Mülkiyyət Gününü qeyd etməklə, dünyada əqli mülkiyyət hüquqlarının qorunmasına, yaradıcılığın və novatorluğun daha da stimullaşdırılmasına, əqli yaradıcılığın nəticələrindən qeyri-qanuni istifadə və mənimsəmələrin qarşısının alınmasına xüsusi diqqət yetirilməsinə və hökumətlərin bu məsələlərə böyük əhəmiyyət verməsinə çağırış məqsədi daşıyır. Vurğulanıb ki, ölkəmizin yaxın gələcək üçün inkişaf istiqamətlərini müəyyən edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının müddəaları da bu siyasəti özündə əks etdirir. Konsepsiyada elmi inkişaf etdirmək, insan kapitalını artırmaq, biliklər iqtisadiyyatını formalaşdırmaq, elmtutumlu texnologiya, məhsul və xidmətlərin yaradılmasını sürətləndirmək məqsədi ilə innovasiya fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlərdən biri kimi göstərilir.

Azərbaycanda innovativ tərəqqinin əsası olan elmin inkişafı istiqamətində də ardıcıl dövlət siyasətinin həyata keçirildiyini söyləyən akademik bu sahədə geniş islahatların aparıldığını, həmçinin bu məqsədlə qəbul olunan “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın müdəalarının uğurla reallaşdırıldığını qeyd edib. Milli Strategiyaya uyğun olaraq Prezident İlham Əliyevin dəstəyi ilə AMEA-da geniş, hərtərəfli islahatların həyata keçirildiyini, fundamental və tətbiqi tədqiqatların prioritetlərinin müəyyənləşdirildiyini diqqətə çatdıran A.Əlizadə bu tədqiqatları ölkəmizdə biliklər iqtisadiyyatının formalaşmasına yönəltməyin, elmi məhsulların kommersiyalaşdırılması və dünya bazarına çıxarılmasının Akademiyanın qarşısında duran əsas vəzifələrdən olduğunu bildirib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Elçin Babayev qeyd edib ki, ölkədə davamlı inkişafın göstəricilərinə əsasən, iqtisadiyyatdan sonra elm və təhsil, bilik və innovasiyalar ön sirada durur. Ölkəmizdə elm və təhsil sahəsində çoxlu islahatlar həyata keçirilir. Elm, təhsil və innovasiyanın bir arada mövcudluğu ona gətirib çıxarır ki, elm və təhsil sahəsində aparılan islahatlar innovasiya sahəsində də yeni işlərə başlamağın vacibliyini ortaya qoyur. Azərbaycanda elmin inkişafı sahəsində xeyli iş görülüb. Bunlar aparılmış tədqiqat işlərinin xaricdə tanıdılmasını, kadr hazırlığını, eyni zamanda, beynəlxalq elm məkanına inteqrasiyanın təmin olunmasını nəzərdə tutur və bu mənada əqli mülkiyyət və innovasiya ən vacib açarlardan sayıla bilər. Ölkədə elmin maliyyələşdirilməsinin “Elm haqqında” Qanunda üç mexanizminin nəzərdə tutulduğunu qeyd edən E.Babayev baza və qrant maliyyələşdirilməsi barədə ətraflı məlumat verib. Bildirilib ki, 2010-2014-cü illərdə EİF tərəfindən 27 qrant müsabiqəsi keçirilib. İcraçı direktor qrant layihələrinin təqdim olunması və onların reallaşdırılması prosesi barədə də danışıb. Qeyd olunub ki, hazırda hər bir layihə və aktiv fəaliyyət göstərən alim haqqında məlumat bazası yaradılır. Qrant layihələri Ədliyyə Nazirliyində qeydiyyatdan keçir və bu prosesə 2011-ci ildən başlanılıb. Layihələr, həmçinin Müəllif Hüquqları Agentliyində də qeydiyyatdan keçirilir. E.Babayev 2010-2015-ci illərdə qeydiyyatdan keçmiş layihələrin statistikasını diqqətə çatdırıb. Bildirilib ki, bu müddət ərzində 1089 layihə qeydiyyatdan keçib. Fizika, riyaziyyat və texnika elmləri sahəsi daha fəaldır. EİF elmin bütün sahələri üzrə istiqamətləri bərabər şəkildə dəstəkləməyə çalışır.

Təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, ölkə iqtisadiyyatının tarazlı və dayanaqlı inkişafını təmin etmək, əhalinin sosial rifahını yüksəltmək, cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini sürətləndirmək məqsədi ilə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ”Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” kimi mühüm sənədlər təsdiq edilib. Bu sənədlərdə ölkəmizin qarşısında duran çağırışlar müəyyənləşdirilib və onların cavablandırılması üçün yollar göstərilib. Təhsil Nazirliyi də bu sənədlərdən irəli gələn tapşırıqların icrası istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Ümumtəhsil səviyyəsində bütün fənlər üzrə elektron tədris və metodiki resursların, həmçinin ödənişsiz əsaslarla fəaliyyət göstərən açıq təlim resurslarının yaradılması və təhsil prosesinə inteqrasiyası mühüm yer tutur.

Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov çıxışında vurğulayıb ki, intellektual mülkiyyət innovasiya iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin yüksəldilməsinin güclü amili sayılır. Bu gün Avropa Birliyinin iqtisadi aktivliyinin 39 faizi məhz intellektual sektorla bağlıdır, bütün işçilərin 26 faizi bu sektorda çalışır. Amerika Birləşmiş Ştatlarında intellektual sektor 5.06 trilyon dollar əlavə dəyər yaradır, bu isə ümumi daxili məhsulun 30 faizindən çoxunu təşkil edir. Nazir müavini bildirib ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də iqtisadiyyatın innovativ inkişafı diqqət mərkəzindədir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında uzunmüddətli davamlı iqtisadi inkişafın təmin edilməsi, bilik iqtisadiyyatının formalaşdırılmasının sürətləndirilməsi məqsədilə innovasiya fəaliyyətinin genişləndirilməsi əsas vəzifə kimi qarşıya qoyulub. Bu istiqamətdə yüksək texnologiyalara, informasiya texnologiyalarına böyük ümidlər bəslənir. Prezidentin rəhbərliyi ilə uğurla həyata keçirilən düşünülmüş, gələcək inkişafa hesablanmış ardıcıl və məqsədyönlü sosial-iqtisadi siyasət digər sahələrdə olduğu kimi, yüksək texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları sektorunda da öz bəhrəsini verməkdədir.

Daha sonra Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşı Emil Məmmədovun “Azərbaycanda əqli mülkiyyətin idarə olunmasının avtomatlaşdırılması və texnologiyaların kommersiyalaşması” mövzusunda məruzəsi dinlənilib.

Mövzu ətrafında müzakirələr aparılıb, fikir və mülahizələr bildirilib.