Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

MTN-in Aparat rəhbəri: “Ermənilərin saxtakarlıqlarına qarşı mübarizə aparmaq hamının borcudur”


Bakı. 21 aprel 2015
REPORT.AZ/ 

Bu gün Bakıda Azərbaycan Müəllif Hüquqları 23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan “Müəllif və riyakarlıq, kitab və yalan” mövzusunda tədbir keçirib. “Report”un məlumatına görə, tədbirdə deputatlar, hökumət nümayəndələri və ziyalılar iştirak edib.
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov çıxışında ermənilərin Azərbaycana qarşı olan torpaq iddialarından danışıb. O qeyd edib ki, ermənilərin sifarişi ilə yazılan “kitablar”, “əsərlər” uydurmadır: “Ermənilər daim yalan yazmaqla məşğul olublar. Siyasi mifologiya ilə tarixi saxtalaşdırırlar. Onlar xeyli miflər uydurublar, bu mifləri saymaqla bitməz. Ermənilər tarixi saxtalaşdıraraq, yaşadıqları yerdə “böyük Ermənistan” yaratmaq istəyiblər. Buna görə Azərbaycana qarşı torpaq iddiaları ilə çıxış edirlər. Bildiyiniz kimi, beynəlxalq aləmdə bu məsələ ilə bağlı ikili standartlar mövcuddur. Bütün bunlara baxmayaraq, biz Azərbaycan reallıqlarını dünyaya çatdırırıq, onların yalanlarını ifşa edirik”.
UNESCO üzrə Azərbaycan Milli Komissiyasının I katibi Günay Əfəndiyeva komissiyanın fəaliyyətindən danışarkən qeyd edib ki, bir neçə ölkədə Azərbaycan mədəniyyəti ilə bağlı kitablar nəşr olunub. O vurğulayıb ki, belə kitabların nəşri Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayır.
G.Əfəndiyeva Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsinə də toxunub: “Müəllif hüquqları deyərkən, ilk növbədə işğal olunmuş torpaqlar yada düşür. Orada xeyli mədəni abidə dağıdılıb. Ermənilər Maddi-mədəni irsə deyil, qeyri-maddi-mədəni irsimizə də sahiblənmək istəyirlər. Amma ermənilərin təxribatlarının qarşısı alınır”.
Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev bildirib ki, ermənilər təbliğat apararaq “soyqırım”a məruz qaldıqlarını iddia edirlər, amma iddiaları yalandır: “Deyirlər ki, Türkiyə guya 1,5 milyon ermənini soyqırım edib. Bu necə ola bilər? 1915-ci ilə Osmanlı imperiyasının ərazisində o qədər erməni yaşamayıb. Bütün bu informasiyalar saxtadır. Onlar Azərbaycana qarşı da torpaq iddiları ilə çıxış edirlər. Bu cür saxtakarlıqların qarşısını almaq üçün birləşməliyik və mübarizə aparmalıyıq. Bu işdə tarixşünasların üzərinə ciddi məsuliyyət düşür”.
Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov vurğulayıb ki, ermənilər tarixi saxtalaşdırmaqla məşğul olur: “Ermənilər iddia edirlər ki, türklərin yaşadıqları ərazilər onlara məxsus deyil, guya türklər hansısa ərazidən gəliblər. Onlar niyyətlərini həyata keçirmək üçün tarixi abidələrin adlarını dəyişdirirlər. Ermənilərin iddiaları kökündən yanlışdır. Bilirsiz ki, sovet dövründə Azərbaycan tarixi Moskvadan idarə olunurdu. Həmin dövrdə ermənilər aktivlik göstərərək, istədiklərini edirdilər. Amma indi, bu mümkün deyil. Çünki Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizin öz tarixi yenidən bərpa edildi. Hazırda isə erməni yalanlarının qarşısını almağa çalışmalıyıq”.
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Aparat rəhbəri Fərhad Vahabov isə çıxışında Azərbaycanda ermənilərə qarşı aparılan işlərin qənaətbəxş olmadığını deyib: “Ermənilərin saxtakarlıqlarına qarşı mübarizə aparmaq hamının borcudur. İndi təbliğat işlərini daha çox Heydər Əliyev Fondunun üzərinə qoymuşuq. Digər strukturların işi bu istiqamətdə qənaətbəxş deyil, yəni, keçirilən tədbirlər pərakəndə həyata keçirilir. Çalışmaq lazımdır ki, bütün bunlar bir mərkəzdən idarə olunsun. Cənab prezident deyib ki, Azərbaycan hücum mövqeyində olmalıdır. Biz Qarabağla məhdudlaşmamalıyıq, məsələni geniş işıqlandırmaq lazımdır ki, dünya ictimaiyyəti bundan xəbərdar olsun. Düzdür, müsbət işlərimiz var, amma mənfilikləri də demək lazımdır ki, aradan qaldırılsın. Bu istiqamətdə disputlar, konfranslar keçirilməlidir. “Milli təhlükəsizlik haqqında” qanun var, bu, təkcə nazirliyə aid deyil. İctimai-siyasi həyatın o sahəsi yoxdur ki, orada milli maraqlar olmasın. Hər bir dövlət strukturu milli maraqların keşiyində durmalıdır”.
Tədbir digər iştirakçıların çıxışları ilə davam etdirilib.