Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Mihal Svantner: Azərbaycanın əqli mülkiyyət sahəsindəki milli qanunvericiliyi beynəlxalq standartlara uyğundur


26.09.2018 [16:47]

 

https://azertag.az/xeber/Mihal_Svantner_Azerbaycanin_eqli_mulkiyyet_sahesindeki_milli_qanunvericiliyi_beynelxalq_standartlara_uygundur-1198422

 

 

Azərbaycanın əqli mülkiyyət sahəsindəki milli qanunvericiliyi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) və Avropa İttifaqının standartlarına uyğundur.

Bu fikirləri Ümumdünya Əqli Mülkiyyət Təşkilatının inkişaf edən ölkələrlə əməkdaşlıq şöbəsinin müdiri Mihal Svantner AZƏRTAC-a müsahibəsində bildirib. Mənzil-qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən təşkilatın nümayəndəsi qeyd edib ki, o, ÜƏMT və Azərbaycan arasında əməkdaşlığın inkişafını on beş ildən bəri yaxından izləyir: “Sizin gözəl ölkənizlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi mənim prioritetlərimdən biridir. 15 ildən artıqdır ki, mən BMT sistemində humanitar məsələlər ilə məşğul olmuşam və müstəqilliyinizi əldə etdikdən sonra ölkənizlə əlaqə quran ilk şəxslərdən idim. Azərbaycan mükəmməl nailiyyətlər əldə etdi və bunu beynəlxalq miqyasda da göstərdi”.

Azərbaycanda əqli mülkiyyət sahəsində görülən işlərdən məmnunluğunu ifadə edən M.Svantner ölkədə elmi tədqiqatlar və onların tətbiqində böyük nailiyyətlər əldə olunduğunu, təmsil etdiyi təşkilatla Azərbaycan arasında əqli mülkiyyət hüququnun bütün sahələrində, xüsusilə müəllif hüququ və sənaye hüququ üzrə məsləhətləşmələr aparıldığını və əməkdaşlığın inkişaf etdirildiyini diqqətə çatdırıb. O, həmçinin vurğulayıb ki, süni intellekt və müasir texnologiyaların mübadiləsinə aid hüquqi məsələlərdə Azərbaycan dünyada aparıcı yerlərdən birini tutur: “Biz əqli mülkiyyət hüququ sahəsində olan islahatlar və dəyişiklikləri alqışlayırıq və başa düşürük ki, biz bu nəticələri ölkə rəhbərliyinin dəstəyi sayəsində əldə edirik. Çünki biz bilirik ki, ölkənin inkişafı əqli mülkiyyət hüququnun qorunması ilə sıx əlaqəlidir”.

M.Svantner yekunda qeyd edib ki, təmsil etdiyi təşkilat Azərbaycanı, onun rəhbərliyini və hökumətini əqli mülkiyyət sahəsində görülən işlərdə dəstəkləyir və hazırda növbəti il üçün əməkdaşlığın inkişaf etdirilməsi barədə danışıqlar aparılır.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə