Kreativ iqtisadiyyatla bağlı araşdırmalar aparılır
07 İyun 2016, 13:35
http://kaspi.az/az/kreativ-iqtisadiyyatla-bali-arasdirmalar-aparilir/#Kalibri
Müəllif Hüquqları Agentliyinin məlumatına əsasən, ÜDM-də əqli mülkiyyətə əsaslanan sənayenin payını daha dəqiq dəyərləndirmək üçün müvafiq işlər görülür
Qəzetimizin 28-31 may 2016-cı il tarixli 93-cü (3626) sayında dərc olunmuş "Əqli mülkiyyət hüquqları ciddi qorunacaq” başlıqlı yazıdakı fikirlərlə bağlı Müəllif Hüquqları Agentliyi (MHA) də öz mövqeyini bildirib. Qurumdan verilən məlumata görə, Agentlik tərəfindən əqli mülkiyyətin iki mühüm qolundan birini təşkil edən müəlliflik hüququ və digər oxşar əqli mülkiyyət sahəsi üzrə Strategiyanın layihəsi bir neçə il əvvəl hazırlanıb: "Milli Strategiyanın layihəsi hazırlanarkən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) inkişaf etməkdə olan ölkələr üçün milli strategiyaların işlənməsinə dair tövsiyələri, MDB ölkələrinin nümunələri və qabaqcıl beynəlxalq təcrübə də öyrənilib. Hələ 2010-cu il aprelin 16-da Bakıda Agentliyin və ÜƏMT-nin birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasında müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları sahəsinin inkişafı üzrə Milli Strategiya” və "Əqli mülkiyyət Dövlət Proqramı”nın layihəsi ilə bağlı "dəyirmi masa” keçirilib. Dəyirmi masada MHA-nın sədri Kamran İmanovun "Azərbaycan Respublikasında müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları sahəsinin inkişafı üzrə Milli Strategiya”nın layihəsi ilə bağlı təqdimatı olub. Bununla yanaşı, həmin tədbir çərçivəsində ÜƏMT-nin və Böyük Britaniyanın əqli mülkiyyət məsələləri üzrə eksperti Ron Marçant və ÜƏMT-nin Avropa və Asiyanın müəyyən ölkələri üzrə departamentinin böyük hüquq müşaviri Sergey Zotinlə müzakirələr aparılıb”.
Agentliyin verdiyi məlumata görə, ÜƏMT-nin tövsiyələrinə uyğun olaraq, Milli Strategiyada müəlliflik hüququ ilə yanaşı, sənaye mülkiyyəti ilə bağlı məsələlər də əhatə olunmalıdır: "Bununla əlaqədar Müəllif Hüquqları Agentliyi ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi arasında "Əqli mülkiyyət üzrə Uzunmüddətli Milli Strategiyanın hazırlanması ilə bağlı işçi qrupunun yaradılması barədə” birgə əmr imzalanmışdır. Əmrlə müəyyən edilən müddət ərzində Müəllif Hüquqları Agentliyi tərəfindən "Əqli mülkiyyət üzrə Uzunmüddətli Milli Strategiya”nın bir qolu olan "Müəlliflik hüququ və digər oxşar əqli mülkiyyət sahəsi üzrə Uzunmüddətli Milli Strategiya” sahə sənədi kimi hazırlanıb və Agentlik sədrinin müvafiq əmri ilə təsdiq edilib”.
Qurumdan bildirildi ki, inkişaf etmiş ölkələrin Ümumi Daxili Məhsulunda (ÜDM) müəlliflik hüququ və digər əlaqəli hüquqlara əsaslanan sənayenin payı məqalədə fikirlərini bildirən ekspertin qeyd etdiyi kimi "30-40 faiz” deyil: "Belə ki, Beynəlxalq Əqli Mülkiyyət Alyansının məlumatına əsasən, yalnız müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan sənayenin inkişaf etmiş ölkələrin ÜDM-dəki payı 11-12 faiz təşkil edir. Əksər ölkələrdə, o cümlədən Azərbaycanda da bu rəqəm 5 faiz təşkil edir. Bununla yanaşı, Agentlik öz Əsasnaməsinə uyğun olaraq əqli mülkiyyət hüquqlarına əsaslanan milli iqtisadiyyat sahələrinin iqtisadi göstəricilərinin daimi müşahidəsini aparır, ÜDM-də əqli mülkiyyətə əsaslanan sənayenin payını daha dəqiq dəyərləndirmək üçün öz səlahiyyətləri daxilində müvafiq işlər görür. Bu məqsədlə Agentlik xüsusi, ÜƏMT ilə razılaşdırılmış metodika əsasında Azərbaycanın kreativ iqtisadiyyatı ilə bağlı araşdırmalar aparır, kreativ iqtisadiyyatın ÜDM-dəki payını müəyyən edir, monitorinqlərin nəticələrini təhlil edir və məlumatları hökumətə təqdim edir”.
Azərbaycanın kreativ iqtisadiyyatını daim nəzərdə saxlayan qurum bu məqsədlə bir neçə beynəlxalq konfrans və seminarlar da təşkil edib: "Misal olaraq cari ilin 17 mart tarixində "Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun həyata keçirilməsi ilə bağlı 2014-2017-ci illər üzrə Fəaliyyət Planı” çərçivəsində ÜƏMT və Müəllif Hüquqları Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən "Kreativ sənayelərdən faydalanaq: Kreativlik və milli inkişaf” mövzusuna həsr olunmuş beynəlxalq seminarın adını çəkmək istərdik. Həmçinin bu çərçivədə yaxın günlərdə təsdiqi gözlənilən, Müəllif Hüquqları Agentliyi tərəfindən hazırlanmış Nazirlər Kabinetinin "Müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan istehsalın (kreativ sənaye) iqtisadiyyatda payının hesablanması və əqli mülkiyyət aktivlərinin qiymətləndirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərar layihəsi də qeyd edilməlidir”.
Şəbnəm Mehdizadə