Koreya Respublikasının Seul şəhərində Müəllif hüquqlarının təminatı üzrə regionlararası simpozium keçirilmişdir
Cari ilin 14-18 sentyabr tarixlərində Koreya Respublikasının Seul şəhərində Ümümdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT), Koreya Mədəniyyət, İdman və Turizm Nazirliyi və Koreya Müəllif Hüquqları Komissiyasının birgə əməkdaşlığı ilə “Müəllif hüquqlarının təminatı” mövzusunda regionlararası simpozim keçirilmişdir. Müəllif Hüquqları Agentliyi Ümumdünya Əqli Mülkiyyət Təşkilatından həmin tədbirdə iştirak etməyə xüsusi dəvət məktubu almışdır. Dəvət məktubu əsasında Müəllif Hüquqları Agentliyi tərəfindən Agentliyin Aparatının rəhbəri Fuad Kərimov və Azərbaycan Respublikası Ali Məhkəməsinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Əli-İsa Dadaşovdan ibarət nümayəndə heyəti formalaşdırılmış və onlar həmin tədbirdə iştirak etmişlər.
On ölkənin müəllif hüquqları, həmçinin müəllif hüquqlarının təminatı sahəsi ilə bağlı orqanlarının 20 nəfər nümayəndəsinin qatıldığı simpoziumda ölkələrin sosial, iqtisadi və mədəni inkişafında müəllif hüquqlarının qorunması və təminatının rolunun dəyərləndirilməsi, rəqəmli şəbəkələrdə müəllif hüququnun təminatı ilə bağlı tədbirlər, müəllif hüquqlarının pozulması ilə əlaqədar məhkəmələrə müraciətlər, müəllif hüququna hörmətin artırılması məqsədi ilə səmərəli əməkdaşlıq üçün milli və transmilli strategiyaların müəyyən edilməsi və s. məsələlər geniş müzakirə edilmişdir.
Tədbirdə həmçinin TRİPS Sazişində əqli mülkiyyət hüquqlarının təminatı, müəllif hüquqları və kreativ sənayenin iqtisadiyyatda payı, əqli mülkiyyət hüquqları sahəsində mübahisələrin beynəlxalq səviyyədə həlli, müəllif hüquqlarının qorunmasında texnoloji vasitələrdən istifadə və s. mövzular haqqında məruzələr edilmiş, müəllif hüquqlarının təminatının actual məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan nümayəndələri tərəfindən “Azərbaycanda əqli mülkiyyət hüquqlarının qorunması” mövzusunda təqdimat edilmiş, ölkəmizdə əqli mülkiyyət sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər, həmçinin müəllif hüquqlarının qorunmasının mövcud vəziyyəti və perspektivləri haqqında ətraflı məlumat verilmiş və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.