KİVDF və Müəllif Hüquqları Agentliyi müsabiqədə qalib olan jurnalistləri mükafatlandırıb
26.01.2018
http://www.movqe.az/news/sosial/112493.html
Bu gün Müəllif Hüquqları Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin təltifetmə mərasimi keçirilib. Movqe.az-ın məlumatına görə, tədbirdə Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli,Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov, millət vəkili, " Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, millət vəkili Siyavuş Novruzov, Fuad Muradov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, ölkənin aparıcı media orqanlarının baş redaktorları, qalib jurnalistlər iştirak edib.
Tədbir iştirakçılarını salamlayan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov qalib jurnalistləri təbrik edib. Günümüzdə medianın rolunun böyük olduğunu söyləyən K. İmanov bildirib ki,media 4-cü hakimiyyət sayılır, ictimaiyyətin məlumatlandırılması yükü jurnalistlərin üzərinə düşür. Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru
Vüqar Səfərli Azərbaycanda fikir söz,azadlığının təmin olunması istiqamətində görülən işlərdən, dövlətin mətbuata qayğısından söz açıb. V. Səfərli bildirib ki, Fond indiyədək jurnalistlərin peşə bacarığının yüksəldilməsi üçün çoxsaylı layihələr həyata keçirib: "Dövlətin ayırdığı vəsait hesabına, Fondun vasitəsilə ölkənin aparıcı çap media orqanlarına maliyyə yardımları ayrılır. Əgər qəzetlərə bu maliyyə yardımı olmasaydı burada bu gün bu qədər qəzet redaktorları olmazdı. Dövlətin dəstəyi çap mediasını bağlanmaq təhlükəsindən xilas etdi. Bu gün Azərbaycanda media, sosial şəbəkələrdə söz azadlığı var. Azərbaycan prezidenti İlham Əliyev də bir daha Davos Dünya İqtisadi Forumu çərçivəsində "Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrində Azərbaycanda medianın azad olduğunu bəyan etdi. Cənab prezident çıxışında qeyd etdi ki, əhalinin böyük hissəsi internet istifadəçisidirsə, medianın fəaliyyətinə məhdudiyyətdən danışmaq olmaz”. Vüqar Səfərli müsabiqə barədə məlumat verərək qeyd etdi ki, "İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti” mövzusunda keçirilmiş müsabiqənin məqsədi əqli mülkiyyət sahəsinin səmərəli fəaliyyətinin, dayanıqlı inkişafının və şəffaflığının təmin edilməsi, Azərbaycan xalqına məxsus mədəni irsin qorunması, erməni plagiatçılığına qarşı mübarizə, müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan kreativ sənayenin müasir iqtisadiyyatda rolunun və əqli mülkiyyətin bilik və informasiya cəmiyyətinə təsirinin artırılması, o cümlədən bu sahədə hüquqi maarifləndirmənin genişləndirilməsi işinə kütləvi informasiya vasitələrinin cəlb edilməsidir: "2017-ci ilin aprelin 12-də başlayan müsabiqəyə yazılarn qəbulu iyunun 2-də başa çatıb. Müsabiqəyə 22 KİV-dən 35 yazı təqdim olunub. Yazılar Fondun 3, Müəllif Hüquqları Agentliyinin 1 nəfər eksperti tərəfindən qiymətləndirilib. Müsabiqənin elan edilmiş şərtlərinə əsasən, birinci yeri tutanlara 1000 manat, ikinci yeri tutanlara 800 manat, üçüncü yeri tutanlara 600 manat məbləğində mükafatlar veriləcək. Bundan əlavə 10 yazı müəllifinə həvəsləndirici mükafatlar (200 AZN) təqdim ediləcək. Agentliklə Fond arasında əldə olunmuş razılığa əsasən, müsabiqədə iştirak edib yer tutmayan jurnalistlərin də hər birinə 100 manat məbləğində pul vəsaitinin verilməsi nəzərdə tutulur".
Tədbirdə millət vəkili Siyavuş Novruzov çıxış edərək Azərbaycana qarşı aparılan kampaniyalar ölkəmizi beynəlxalq aləmdə gözdən salmağa, ölkəmizdə xaos, qarışıqlıq yaratmağa hesablanıb. Əflatun Amaşov isə ölkədə internet istifadəçiləri ilə bağlı rəqəmin söz azadlığının təmin olunmasından xəbər verdiyini söylədi. Çıxışlardan sonra qaliblər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin xüsusi diplomu ilə təltif olunublar.