Kamran İmanov: Universitetlərdə və elmi-tədqiqat müəssisələrində əqli mülkiyyət siyasəti formalaşdırılmalıdır
14.11.2016 [15:12]
Bakı, 14 noyabr, K.Əliyeva, G.Məlikova, AZƏRTAC
Noyabrın 14-də Bakıda Müəllif Hüquqları Agentliyi (MHA), Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Dünya Əqli Mülkiyyət Təşkilatının (DƏMT) əməkdaşlığı çərçivəsində “Universitetlərdə, elmi-tədqiqat və təcrübi-konstruktor müəssisələrində əqli mülkiyyət siyasəti və elmi-tədqiqat fəaliyyəti” mövzusunda beynəlxalq seminar işə başlayıb.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Dünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun həyata keçirilməsi ilə bağlı 2014-2017-ci illər üzrə Fəaliyyət Planı” çərçivəsində təşkil olunan seminarda MHA-nın sədri Kamran İmanov əqli mülkiyyət siyasətinin mahiyyətindən, DƏMT ilə əməkdaşlıqda həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, ali məktəblərin və təcrübi-konstruktor müəssisələrinin elmi-tədqiqat fəaliyyətinin dəstəklənməsində bu cür beynəlxalq görüşlərin müsbət rolunu qeyd edib.
Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, elmi-texniki tərəqqi əqli mülkiyyət hüquqlarının qorunmasına yeni yanaşma tələb edir. Bunu nəzərə alaraq, dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkəmizdə əqli mülkiyyət və müəlliflik hüquqlarının qorunması istiqamətində ardıcıl tədbirlər görülüb. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul edilmiş, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında vətəndaşların əqli mülkiyyət hüququ təsbit edilib. Azərbaycanda bu sahədə vahid dövlət siyasətini həyata keçirən Müəllif Hüquqları Agentliyi yaradılıb, ölkəmiz Dünya Əqli Mülkiyyət Təşkilatının üzvü seçilib, bir sıra konvensiyalar ratifikasiya edilib və mühüm qanunvericilik aktları qəbul olunub.
Son illər respublikamızda əqli mülkiyyətin, o cümlədən qeyri-maddi mədəni irsin qorunması sahəsində zəruri qanunverici və institusional tədbirlərin həyata keçirilməsi davam edib. Ölkə Prezidentinin 2012-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında müəlliflik və əqli mülkiyyət hüquqlarının qorunması məsələsinə xüsusi yer ayrılıb.
Cari ildə qəbul olunmuş “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, məqsədləri və prioritetləri, elmi fəaliyyət sahəsində dövlətin vəzifələri, elmi etika və əqli mülkiyyət hüququnun qorunmasına dair maddələr daxil edilib. Qanunda elmi fəaliyyət sahəsində dövlətin əsas vəzifələrindən biri kimi əqli mülkiyyət hüququnun qorunmasının təmin edilməsi təsbit olunur. İnamla söyləmək olar ki, “Elm haqqında” Qanunun qəbul edilməsi Azərbaycanda elmin inkişafının təmini məqsədilə aparılan islahatların sürətləndirilməsinə, universitetlər, elmi təşkilatlar, istehsalat və biznes müəssisələri arasında inteqrasiyanın möhkəmləndirilməsinə, ölkəmizdə fəaliyyət göstərən universitetlər və elmi təşkilatların beynəlxalq əlaqələrinin genişlənməsinə səbəb olacaq.
Təhsil naziri qeyd edib ki, universitetlərdə və elmi tədqiqat institutlarında əqli mülkiyyət hüquqlarından danışanda əsasən elm tədqiqat, innovasiya və ixtiraçılıq fəaliyyətini nəzərdə tuturuq. Bu fəaliyyət nəticəsində mütərəqqi xarakterli yeniliklərin və əqli mülkiyyət obyektlərinin (elmi nəticələr, ixtiralar, kəşflər, sistemlər, orijinal texnologiyalar, brendlər, ticarət və əmtəə nişanları və s.) yaradılması və tətbiqi təmin olunur. Yalnız Təhsil Nazirliyinə tabe olan ali təhsil müəssisələrində çalışan alimlər tərəfindən hər il 150-200 monoqrafiya, 600-dən artıq dərslik və dərs vəsaiti, 10.000-dən çox elmi məqalə və məruzə tezisi nəşr edilir, universitetlərin planlarına daxil olan mövzulara uyğun aparılan tədqiqatlarla yanaşı, müxtəlif müəssisə və şirkətlərin sifarişi əsasında tədqiqatlar yerinə yetirilir, yeni məhsullar və texnologiyalar yaradılır, ixtiralara patentlər alınır.
M.Cabbarov bildirib ki, bugünkü seminarın əsas məqsədi ali təhsil müəssisələrində və elmi təşkilatlarda məhz əqli mülkiyyət obyektəri üzərində hüquqların düzgün müəyyənləşdirilməsi, qorunması və səmərəli idarəolunması mexanizmləri barədə fikir mübadiləsinin aparılması, bu sahənin qanunvericiliyində olan boşluqların müəyyən edilməsi və mövcud qanunvericiliyin təkmilləşdirilməsinə dair tövsiyələrin və Milli Layihənin hazırlanmasıdır. Nazir əqli mülkiyyət və müəlliflik hüquqlarının təmini və qorunması ilə bağlı olan və Milli Layihəyə daxil ediləcək məsələlərin Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Dünya Əqli Mülkiyyət Təşkilatının və digər aidiyyəti qurumların birgə səyi nəticəsində həllini tapacağına əminliyini bildirib, seminarın işinə uğurlar arzulayıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib ki, innovasiyalar iqtisadiyyatın inkişafına xidmət edən vacib amildir. İqtisadi inkişafın səviyyəsi, sənayenin rəqabətqabiliyyətliliyi investisiyaların həcmi ilə bərabər, innovativliyinin səviyyəsi ilə qiymətlədirilir. Cari iqtisadi proseslər Azərbaycanda qeyri-neft sahəsinin, sənaye və ticarətin daha da inkişaf etdirilməsi zərurətini artırmaqdadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar məhz iqtisadiyyatda innovativliyin təşviqi, ədalətli rəqabət və azad ticarət şəraitinin təmin olunmasına, yerli sənaye məhsullarının dünya bazarında rəqabət imkanlarının artırılmasına yönəlib. İnnovasiyalar qeyri-maddi aktivlər olaraq məhsul və xidmətlərə əlavə istehlak xüsusiyyətləri verməklə istehlak bazarında daha uğurlu nəticələrə yol açır. Bu baxımdan ölkəmizdə elmin iqtisadiyyatla, sənaye ilə bağlantısının təmini, yeni həllərin axtarışının təşviqi, real iqtisadi səmərəyə yönəlmiş elmi nəticələr üzərində hüquqların qorunması istiqamətində birgə fəaliyyətin vacibliyi artıb.
R.Həsənov elm və təhsil müəssisələrində əqli mülkiyyət siyasəti üzrə görülmüş işlərə diqqəti artırmaq məqsədilə bu mövzuda keçirilən ikinci böyük tədbirin də Dünya Əqli Mülkiyyət Təşkilatı ilə əməkdaşlıq çərçivəsində növbəti uğurlu addım kimi yadda qalacağına ümidvar olduğunu bildirib.
DƏMT-in keçid iqtisadiyyatı və inkişaf etmiş ölkələr departamentinin müdiri Mixal Şvantner seminarın elm və təhsil müəssisələri arasında əlaqələrin daha da möhkəmlənməsinə kömək edəcəyinə, tərəflər üçün faydalı olacağına əminliyini bildirib, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə mövzuya dair məruzələr dinlənilib, müzakirələr aparılıb.
MHA-nın sədri Kamran İmanov çıxışında bildirib ki, DƏMT-in dəstəyi ilə təşkil edilən beynəlxalq seminarın böyük əhəmiyyəti və maraqlı tarixi var. Belə ki, Təhsil Nazirliyində və Azərbaycan Milli Elmlər Akademiyasında elmi tədqiqat nəticələrinin səmərəsini artırmaq və tətbiqini sürətləndirmək məqsədilə geniş işlər aparılır. Danılmaz faktdır ki, əqli mülkiyyət siyasətinin bu işlərdə dəstək olması ön plana çəkilir. Bu ilin iyununda DƏMT-in MHA ilə birgə keçirdiyi “Universitet və tədqiqat institutlarında əqli mülkiyyət siyasətləri” mövzusunda seminarda geniş təqdimatla çıxış etdiyini diqqətə çatdıran K.İmanov deyib ki, həmin məruzə kitabça şəklində çap olunub və maraq göstərən təşkilatlara paylanılıb.
Agentliyin sədrinin sözlərinə görə, Təhsil Nazirliyinin rəhbərliyinin təşəbbüsü və DƏMT-nin dəstəyi ilə bu mövzuda daha geniş miqyasda yeni konfransın keçirilməsi gündəmə gəlib və oktyabrda DƏMT-in baş direktoru Frensis Qarri ilə görüşdə konfransın təşkilinə qərar verilib.
Tədbirin əhəmiyyətindən danışan K.İmanov vurğulayıb ki, bu məsələnin kökü dövlətimizin başçısının yürütdüyü yeni iqtisadi siyasətdədir, tədbirin nəticələrinin bu siyasətə xidmət etməsində, elm və təhsil ocaqlarının bu siyasətin icrasına qoşulmasın və innovativ inkişafdakı yerini möhkəmləndirməsindədir.
Dünyadakı böhranlar fonunda dayanıqlı inkişafını təmin edən Azərbaycan hazırda Prezident İlham Əliyevin bu ilin əvvəllərində elan etdiyi iqtisadi islahatlar mərhələsini uğurla keçir. Dövlət başçısının neftdən asılılığı azaltmaq, ixracı stimullaşdırmaq, idxaldan asılılığı zəiflətmək və ümumilikdə qeyri-neft iqtisadiyyatının inkişafına xidmət edən sərəncam və fərmanları bu sahədə əsaslı dönüş yaradıb. Azərbaycanın yeni iqtisadi siyasətinin mühüm qolu – innovativ inkişafa qədəm qoyulmasıdır. Bu isə yerli və dünya bazarında rəqabətqabiliyyətliliyin, istehsalın səmərəliyinin artırılması üçün yeni texnologiyaların yaradılması və qabaqcıl texnologiyaların cəlb edilməsi, elmtutumlu sahənin genişlənməsi deməkdir.
Beynəlxalq strukturlar ölkəmizdə keçirilən islahatların düzgünlüyünə, iqtisadi inkişafa xidmət edilməsini və əldə olunan nəticələri obyektiv qiymətləndirməsindən söz açan MHA-nın sədri deyib ki, Davos Dünya İqtisadi Forumunun son hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada 37-ci yerdədir, dövlət başçımızın sözləri ilə desək, “bu, MDB-də birinci yer və beynəlxalq arenada yetərincə ciddi yerdir”. Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan üzrə proqnozları yaxşılaşdırıb. Dünya Bankı 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2017” hesabatında Azərbaycanı dünyanın üç və daha çox islahatlar aparan 29 ölkəsinin biri kimi qəbul edib, ölkəmizi “biznes başlama” göstəricisi üzrə beşinci, “kiçik investorların maraqlarının qorunması” göstəricisi üzrə 32-ci pillədə yerləşdirib. Bir sözlə, Prezident İlham Əliyevin dediyi kimi, “Azərbaycan özünü təmin edən, öz ehtiyatlarına arxalanan və davamlı inkişafı bərqərar edən ölkədir”.
Səslənən iqtisadi motivlər birinci əhəmiyyətli amildir ki, universitet və elmi təşkilatlarda özünəməxsus əqli mülkiyyət siyasəti ön plana çevrilsin.
Bəllidir ki, dövlətimizin əqli mülkiyyət siyasəti Prezident İlham Əliyevin səyləri nəticəsində zəngin qanunvericilik və normativ-hüquqi bazaya əsaslanır, siyasəti icra edən iki ixtisaslaşmış dövlət qurumu – müəlliflik və oxşar hüquqlar üzrə Müəllif Hüquqları Agentliyi, sənaye mülkiyyəti üzrə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi və Milli Elmlər Akademiyasında bu siyasətə diqqət yetirilir. Əqli mülkiyyət sahəmiz beynəlxalq nüfuz qazanıb, beynəlxalq strukturlarda rəhbər komitələrdə təmsilçilik edir, MHA-nın nümayəndəsi isə 120-dən artıq ölkələri birləşdirən DƏMT-in “Müəlliflik hüququna dair” Beynəlxalq Müqaviləsinin Assambleyasının MDB məkanında ilk dəfə sədr müavini seçilib. Azərbaycanın nüfuzunun artmasında digər sahələrdə olduğu kimi müəllif-hüquq sahəsində də Prezident İlham Əliyevin son 13 ildə düşünülmüş, müasirləşdirilmiş davamçılıq siyasəti, təfəkkürü, düşüncə tərzinin müstəqilliyi, kreativliyi və gələcəyə yönəldilməsi durur. Onu da qeyd edim ki, əqli mülkiyyət mədəniyyətini formalaşdırmaq, təlimləndirmək və bu sahədə bilik və vərdişləri artırmaq məqsədilə MHA nəzdində yaradılan Əqli mülkiyyət hüquqlarının təminatı mərkəzinin smart tipli təlim xidməti vasitəsilə istər əyani, istər distant təlimləri, rəy və sorğular əsasında ilkin hazırlıqdan asılı olaraq, əqli mülkiyyət üzrə bir sıra elektron, multimedia kursları, 100-dən çox elektron təqdimatları, 250-dən artıq təlim çap məhsulları əldə etmək imkanları yaradılıb.
Bununla yanaşı, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əqli mülkiyyət prioritet istiqamət kimi qəbul edilərək, altı bənddə əqli mülkiyyətin inkişafı ilə bağlı vacib məsələlər nəzərdə tutulur. Müəlliflik və oxşar hüquqlar üzrə Milli Strategiya 2013-cü ildən təsdiq edilib, sənaye mülkiyyəti üzrə Strategiya da artıq hazırdır və əqli mülkiyyət üzrə hər iki qurumun rəhbərlərinin birgə əmri əsasında bu iki qolun vahid sənəddə uyğunlaşdırılması üzərində iş gedir.
K.İmanov vurğulayıb ki, əqli mülkiyyətin yaradılması mərhələsi onun istifadəsi və yayılması mərhələləri ilə zəncirvarı bağlıdır, çünki biliklər yaranır, toplanır, cəmiyyətə istifadəyə verilir və yayılır. Lakin keçidi təmin etmək üçün əqli fəaliyyət nəticələri (ƏFH və ya elmi tədqiqatlar) kommersiyalaşmalıdır, yəni texnologiyalar universitetdən (tədqiqat institutundan) sənayeyə çatdırılmalıdır. Universitetlər yalnız bilik yaradıcıları və biliklərin toplayıcıları, cəmiyyətə təhsilli tələbə və mütəxəssislər, elmi əsərlərdə, konfrans və diskussiyalarda bilikləri cəmiyyətə transfer edənlər deyil, həm də kommersiyalaşmış texnologiyaları çatdıranlar olmalıdır. Bu səbəbdən universitetlərin və elmi-tədqiqat institutlarının rəsmi hüquqi mövqeyi olmalı, əqli mülkiyyət siyasəti formalaşdırılmalı və bununla əqli mülkiyyət universitetin strateji resursuna çevrilməlidir. Odur ki, əqli mülkiyyət fəaliyyətinin dəyişmiş konteksti eyni dərəcədə əqli mülkiyyətə və onun roluna olan münasibətdə bizim düşüncə tərzimizin dəyişməsini tələb edir.
Dövlətimizin başçısının sözləri ilə desək, “müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir”.
Prezident İlham Əliyev deyib: “…İqtisadiyyatımızın davamlı inkişafı, biliklərə əsaslanan cəmiyyətin formalaşdırılması və insan kapitalına investisiyaların qoyuluşu yaxın perspektiv üçün başlıca strateji məqsədlərimizdəndir”. Bütün bunları əsas götürməklə bugünkü tədbirdə insan kapitalına əsaslanan əqli fəaliyyət nəticələri, onların əqli mülkiyyətə çevrilməsinə dair elm və təhsil sahəsindəki müvafiq vəzifələr haqqında müzakirə aparılacaq.
K.İmanov seminarın öz məqsədlərinə nail olacağına əminliyini bildirib, iştirakçılara uğurlar arzulayıb.
Beynəlxalq seminarda DƏMT-nin keçid iqtisadiyyatlı və inkişaf etmiş ölkələr departamentinin müdiri Mixal Svantner “Universitetlərdə və təcrübi-konstruktor müəssisələrində əqli mülkiyyət siyasətinin inkişafına DƏMT-in dəstəyi”, Avropa patent müvəkkili, ActoGenix NV şirkətinin sabiq təsisçisi və baş konsulu Emil Pot “Avropa universitetlərində və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasətindən istifadə”, DƏMT-in məsləhətçisi Mohammad Alhabbal “Keçid iqtisadiyyatlı ölkələrdə universitetlər və elmi-tədqiqat institutları üçün əqli mülkiyyət siyasəti - DƏMT qaydaları”, Polşanın Yagellon Universitetinin dosenti Dariuş Kasprzycki “Təcrübə mübadiləsi və uğurlu tarix: Polşa universitetlərində və tədqiqat universitetlərində əqli mülkiyyət siyasətinin önəmi və əlavə dəyəri” mövzularında, həmçinin yerli dövlət orqanları və təhsil müəssisələrinin nümayəndələri məruzələrlə çıxış ediblər.
Seminar noyabrın 15-də başa çatacaq.