Kamran İmanov müəllif qonorarı yığan ictimai birliyin fəaliyyətindən şikayətlənib
26.01.2018
https://apa.az/sosial_xeberler/kamran-imanov-muellif-qonorari-yigan-ictimai-birliyin-fealiyyetinden-sikayetlenib-2063.html
"Nazirlər Kabineti “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı” barədə qərarı hələ 1997-ci ildə qəbul edib, keçən il noyabrın 20-də isə bu qərara dəyişiklik edilib. 1997-ci ildən müəllif qonorarları yığılır. Sadəcə, yeni qərarla qonorar yığan müəllif hüquqları təşkilatları, ictimai birliklər üçün xüsusi imkanlar yaradılıb".
APA-nın məlumatına görə, bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bildirib.
K. İmanov deyib ki, müəllifin əsəri istifadə edilibsə, qonorar ödənilməlidir: "Həmin ictimai birliklər qərar qəbul olunandan sonrakı rüblə bağlı bizə hesabatları təqdim etməyiblər. Təəssüf ki, müəllif hüquqları təşkilatları, ictimai birliklər hesabatlarını Müəllif Hüquqları Agentliyinə vaxtında təqdim etmirlər. Hesabatlar təqdim olunandan sonra real vəziyyətlə tanış olacağıq. Müəllif qonorarlarının ödənilməsinin zəruriliyini əks etdirən xüsusi broşurlar hazırlamışıq. Mayadək toy mərasimlərinin keçirildiyi restoran və şadlıq saraylarının sahiblərinin iştirakı ilə böyük toplantı təşkil edəcəyik və həmin toplantıda bu məsələlər geniş müzakirə olacaq".
Qeyd edək ki, Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli qərarı ilə “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda edilmiş dəyişikliklərə əsasən toy mərasiminin keçirildiyi hər gün üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 25 manat, digər şəhər və rayonlar üzrə 20 manat qonorar ödənilməlidir. Bu qonorar şadlıq evlərində, kafelərdə və restoranlarda keçirilən toy mərasimlərində mətnli, yaxud mətnsiz musiqili əsərlərin istifadəsinə görə həmin obyektlərin sahibləri (mülkiyyətçiləri) tərəfindən ödənilməlidir. Eyni zamanda qərara əsasən, mətnli, yaxud mətnsiz musiqili əsərlərin tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün klublarda, kafelərdə, restoranlarda və digər ictimai yerlərdə (istər artist ifaçıların ifasında, istərsə də mexaniki yazma şəklində) kütləvi ifasına görə (toy mərasimləri istisna olmaqla) bir hesabat ayı üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 60 manat, digər şəhər və rayonlar üzrə 50 manat həcmində müəllif qonorarı odənilməlidir. Qeyd olunan qonorar məbləğləri kollektiv idarəetmə təşkilatının hesabına köçürülməli və eyni zamanda istifadə olunan əsərlərin siyahısı təqdim olunmalıdır. Kollektiv idarəetmə təşkilatı restoranın mülkiyyətçisi tərəfindən köçürülmüş qonorar məbləğini xidmət haqqı çıxılandan sonra təqdim edilmiş siyahı (repertuara daxil olan mahnılar) əsasında həmin mahnıların müəllifləri arasında bərabər qaydada bölməli və aidiyyəti üzrə çatdırmalıdır. Əgər mahnı mətn və musiqidən ibarətdirsə, bir mahnının istifadəsinə görə hesablanan qonorar onların şərik müəllifləri arasında bərabər qaydada bölünməlidir. Qonorar müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən ictimai birlik - Azərbaycan Müəllifləri İctimai Birliyi və ya kollektiv idarəetmə funksiyasını həyata keçirən təşkilat tərəfindən yığılır.