Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Kamran İmanov: Müəllif Hüquqları Agentliyində 18 musiqi aləti qeydiyyatdan keçirilib və onlara şəhadətnamə verilib


04.04.2017 [11:47]

 

Flora Şükürova, AZƏRTAC

 

 

Erməni plagiatının kökləri ərazi iddiaları ilə sıx bağlıdır.Halbuki ermənilərin bu gün mənimsəmək istədikləri tar, kamança, balaban, zurna, ud kimi Azərbaycan şərq musiqi alətləri onların Cənubi Qafqazda məskunlaşmasından çox əvvəl yaranıb.

Bu sözləri Müəllif Hüquqları Agentliyinin direktoru Kamran İmanov “Azərbaycan milli musiqi alətləri: keçmişimiz, bu günümüz” adlı elmi-praktiki konfransda deyib.

K.İmanov söyləyib ki, ermənilər hazırda türk xalqlarına, xüsusilə də azərbaycanlılara, digər qonşulara məxsus folkloru, xalq musiqisini, mətbəx nümunələrini, xalçaları, rəqsləri, eləcə də musiqi alətlərini məqsədli şəkildə mənimsəmək istəyirlər.“Ermənilərin belə səylərinin arxasında siyasi maraqlar dayanır.Məqsəd azərbaycanlılara məxsus olan maddi və qeyri-maddi irsin folklor nümunələrini özününküləşdirməklə ermənilərin guya Qafqaz regionunun “ən qədim” köklü sakinləri olmasını beynəlxalq ictimaiyyətə çatdırmaqdır.Amma bu tamamilə saxta yanaşmadır. Odur ki, maddi-mənəvi dəyərlərimizin, qədim mədəniyyət nümunələrimizin mənimsənilməsi faktları qloballaşma prosesini müşahidə edən zərərsiz plagiat cəhdləri kimi qiymətləndirilməməlidir”,- deyə Kamran İmanov bildirib.

O qeyd edib ki, hazırda Müəllif Hüquqları Agentliyində 18 musiqi aləti qeydiyyatdan keçirilib və onlara şəhadətnamə verilib.